Ayla Günəş
Ayla Günəş Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005 Səh. 259 |
Bir gün göydə gəzən ay,
Sallanan ay, süzən ay
On dördünə girərkən,
Bir axşam çıxdı erkən
Nurlu altun taz kimi,
Parladı almaz kimi.
Oğurlayıb bu qızı
Üfüq geydi qırmızı.
Buludlar da əyib baş,
Çəkildi yoldan yavaş.
Külək aldı sazını,
Çəkdi onun nazmı.
Qucaqlaşınca ayla,
Dənizlər çaldı layla.
Ulduzlar alay-alay,
Dedilər: “xoş gəldin, ay!”
Ay sallandı, sallandı,
Hər yandan əl çalındı...
Bilməyən azdır ayı,
Lovğalıqda yox tayı.
“Mən çox qəşəngəm!” deyə,
Endirmədi kimsəyə.
“Yoxdur mənə göydə əş”,
Deyərkən getdi sərxoş;
Üfüqdən süzdü keçdi,
Buluddan üzdü keçdi;
Yolları sancdı keçdi,
Fınxırdı yıldızlara:
“Mən hara, sizlər hara?
Qüdrətdən artıq payım,
Göylərdə yoxdur tayım.
Bu yarım-yaraşığım,
Bu axan saf işığım
Buludlara rəng verir,
Rənglərə ahəng verir.
Söhbətim var, sazım var,
Dözülməyən nazım var;
Salmayın haray-huray,
Mənə ay deyirlər, ay!”
Ayla kim eylədi bohs
Yıldızlarda yoxdu səs;
Zöhrə darğın çırpındı,
Dan yıldızı qırpındı;
Külək coşdu çaldı nay,
Gördüm ki, çox azdı ay;
Dağlar hayqırdı yandı,
Səsdən günəş oyandı.