Ayrılıqdı
Ayrılıqdı (18 sentyabr 1941) Müəllif: Muxayıl Göyçəli |
Başına döndüyüm, vəfalı yarım,
Dola, sən boynuma qol, ayrılıqdı.
Fələk sitəm etdi, pozuldu qurğu,
Aç, siyah zülfünü yol, ayrılıqdı.
Dözülməz dərdlərə necə dözüldü,
Ürəyimə qara xallar düzüldü.
Mənim də taleyim belə yazıldı,
Gəlin halallaşaq el, ayrılıqdı.
Bir dərdə düşmüşəm söyləyir dilim,
Gün-gündən, ay-aydan bəd gəlir ilim.
Başına döndüyüm vəfalı elim,
Düşüb ürəyimə xal, ayrılıqdı.
Yaralı bülbüləm qaldım budaqda,
Muxayılam, sözüm gəzir dodaqda.
Bir ağır səfərim durub qabaqda,
Yar ürək sözümü al, ayrılıqdı.
Mənbə
redaktə- Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.82