Ayrılıqdan yar mənim bağrımı büryan eylədi

Ayrılıqdan yar mənim bağrımı büryan eylədi
Müəllif: İmadəddin Nəsimi


Ayrılıqdan yar mənim bağrımı büryan eylədi,
Özünü bir yana saldı, məni bir yan eylədi.

Zə’fərana bənzimi göndərdi ol birəhm yar,
Düşməni xəndan edib, dostunu giryan eylədi.

Aldı könlüm, qılmadı ol bivəfa bir gəz vəfa,
Yıxdı mə’mur şəhrini, gör necə viran eylədi

Canımın zəxmindən, ey can, xab gəlməz eynimə,
Cigərimdə zəxmi-peykan, tiri-müjgan eylədi.

Eşidərsə daş ərir həsrətdə ahü zarımı,
Ol güləndam yarı gör, könlümü zindan eylədi.

Cəhd qıldım çox, vüsalə yetmədim, çəkdim fəraq,
Tədbir ana neyləsin, təqdiri-yəzdan eylədi.

Ey Nəsimi, sübhdəm var, ərz qıl dildarə sən,
Qəmzəyə versin nəsihət, yoxsa çox qan eylədi.