Ayrılmış
Ayrılmış Müəllif: Məhəmməd bəy Aşiq |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild (PDF) (az.). "Şərq-Qərb". Bakı: 2005. ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06. |
Mərdümi-çeşmin qan ağlar,
Xali-hindudan ayrılmış.
Sızıldar mürği-dil daim,
Zülfi-xoşbudan ayrılmış.
Qoynunda bağü bostanın,
Barvəridir gülüstanın,
Sanasan iki püstanın,
Şaxı-limudan ayrılmış.
Qayıdıb baxmağın hər yan,
Görən kimi qalır heyran,
Deyirlər yarəb bu ceyran,
Hansı ahudan ayrılmış.
Əgər tab etməz hicrana,
Məzəmmət etməyin cana,
Para-para olur şana,
O tari-mudan ayrılmış.
Qaşın şövqilə peyvəstə,
Qaməti olub şikəst,
Dirilməz Aşiqi-xəstə,
Taği əbrudan ayrılmış.