Azər (Hüseyn Cavid)
Azər Müəllif: Hüseyn Cavid |
DÜŞÜNDÜM Kİ…
Düşündüm ki, əməl çəmənzarında
Açar qızıl güllər, zümrüt yapraqlar;
Düşündüm ki, ömrün ilk baharında
Al şəfəqlər saçar qonça dodaqlar.
Düşündüm ki, susar qanlı tufanlar,
Keçər zalım fırtınalar, böhranlar,
Çəkilir dumanlar, sönər vulkanlar,
Ninni söylər bana coşqun ırmaqlar.
Düşündüm ki, bitər hicran dəmləri,
Unutdurur canan həp sitəmləri.
Gülzarı süslərkən xoş qədəmləri
Boyun bükər mənəkşələr, zanbaqlar.
Yazıq!.. Ortalığı zülmətlər aldı,
Ölüm yarı yardan aralı saldı,
Həsrətlər içində ruhum bunaldı,
Qanatdı gönlümü xain dırnaqlar.
Ay qız[1]
Ey səhər yıldızı, ey yosma dilbər!
Utanma gül, bunca nazlanış yetər.
Gül!.. Sussun bülbüllər, qızarsın güllər
Hər gülüşündən, hər sözündən, ay qız!
Gözlərimdə dünya gülər, sən gülsən;
Qiyamət olmaz ki, insafa gəlsən!?
Aləm bilir, nələr çəkdim, ah, bilsən,
Nələr çəkdim sənin yüzündən, ay qız!
Nazlı xuramanı seyr etdikcə bən,
Vurğun gönül rəqs edər sevincindən,
Olmazmı aşiqə bir busə versən
O ahu baqışlı gözündən, ay qız!?
AZƏR DÜŞÜNÜRKƏN…
"Ə"[2]
Azər düşünür… Bəlkə otuz yıldır o hər an
Düşkün bəşərin eşqini, fəryadını inlər.
Yaqdıqca yaqar beynini bir kölgəli böhran,
Əflaka sorar dərdini, yıldızları dinlər.
Göz qırparaq ancaq ona yıldızlar edər naz,
Dilsiz və sağır göylər onun halını duymaz.
Bəsləndi küçük duyğusu azadə çocuqkən,
Pək incə tərənnümlər öpən neylər içində.
Vurğundu o həp şe’r ilə ahəngə əzəldən,
Ağlar və gülümsərdi təğənnilər içində.
Hər gün yaralar qəlbini bir sıtmalı rö’ya,
Hər gün uyutur dərdini bir nəş’əli xülya.
Atəşkədələr, fırtınalar yavrusu Azər
Coşduqca alevlər və köpüklər kibi çılğın…
Bə’zən bayılıb sər’əli bir heykələ bənzər,
Yorğun gözü həsrətli üfüqlər kibi dalğın.
Bə’zən o baqışlar yenə şimşək kibi parlar,
Qəsvət savuran hiçliyi bir anda yaqarlar.
Bir gün acı bir sis o gülümsər yüzü sardı,
Yalnızlığa imrəndi, uzaqlaşdı bəşərdən.
Bir qulbəyə saqlandı ki, ıssızca məzardı,
Məhrum idi dünyayı saran xeyr ilə şərdən,
Yıllarca dalıb getdi o böhranlı qəfəsdə,
İnsanları özlərdi hər atəşli nəfəsdə.
"Sərsəm, dəli, xudbin!" – deyə itham ilə hər kəs
Bəhs etdilər Azərdən, o aldırmadı əsla!
Həp onca bir alqışla söyüşdən köpürən səs,
Arif keçinənlər ona yan baqmada hala.
Mö’minlərə sorsan edəcək küfrünə fərman,
Dinsizlərə get, onda bulur şübhəli iman.
Azər daha çoq zevq alır aydın gecələrdən,
Hətta sarışın Ay ona gülmüşdü bir aqşam.
Gülmüşdü bulutlar arasından süzülürkən,
"Hürr ol!" deyə qəlbində doğurmuş yeni ilham.
Artıq o sönük çərçivə şən Azəri sıqmış,
Səyyah olaraq Ayla bərabər yola çıqmış…
Sevdirmiş içindən ona bir cilvə həyatı,
İnsanlara qoşmaq və qavuşmaq dilər əl’an.
Duymaq və duyurmaqda bulur zevqi, nişatı,
Yalnızlığa, ıssızlığa qəlbən edər isyan.
İstər bulut olsun da dənizlər kibi aqsın,
İstər Günəş olsun da qaranlıqları yaqsın.
Gecə aydınlığı və gün doğuşu
"Ə"
İştə aydın və sərin yaz gecəsi
Veriyor Azərə uçmaq həvəsi,
Asmalıqdan yürüyor rəqs edərək,
Hər bəyaz kölgə birər canlı çiçək…
Nəş’ədən səndələyən hər yapraq
Sallanır sanki gümüş bir leylaq.
İncə, yaldızlı, sədəf qumlardan
Keçiyorkən… Ona heyran-heyran
Busələr ərz edərək baqdı gülər
Ta uzaqdan çökən atəşkədələr.
Daldı rö’yalara etdikcə məraq -
Əski mə’budları xatırlayaraq.
Yürüyor, həp yürüyorkən Azər
Duydu sahildə dərin zümzümələr.
Sanki hər zümzümə eylər ilham,
Gecənin ruhuna bir tatlı pəyam.
Bütün əşya hərəkətsiz, səssiz,
Yalnız inlər kibi sevdalı dəniz.
Dalğacıqlar öpüşüb titrərkən
Baqışırlardı göyün gözləri şən,
Yol uzun… yolçu yorulmuş artıq,
Dinlənib durdu saatlarca… yazıq!
O dəmin gördüyü dilbər mehtab,
Xasta bir çöhrəyə bənzərdi xərab.
Ona dan yıldızı bakir bir qız
Kibi heyrətlə gülümsər yalınız.
İştə üstün gəliyor zülmətə nur;
Bəlli, bəsbəlli – səhər yaqlaşıyor.
Sönüyor can çəkişən yıldızlar.
Azər açmış da qanat sanki uçar,
O, Günəşdən daha əvvəl oyanan,
Canlanan şəhrə yanaşmış əl’an.
Bir yeşil bağça ki, sahil boyuna
Nəş’ə sərpərdi, həmən qoşdu ona.
Seyr edib bağçayı dinləndi bir az,
Serçələr, gördü, edər razü niyaz.
Həpsi birdən ötüşüb qaynaşaraq
Ninnilər söylədilər oynaşaraq.
Qopdu bir ləhzədə çığlıq, tufan,
Hər ağac dalğası bir başqa cihan…
Bunca alqışlara bais yalnız
Şu dənizdən doğan altın bir qız.
… İştə dalmış duruyor bir rəssam,
O da almaqda Günəşdən ilham,
Durmadan yalvarıyor fırçasına,
Yazıyor, həp pozuyor… Sanki ona
Gəldi yorğunluğa bənzər bir hal,
Süzərək Azəri zənn etdi xəyal:
Bət-bəniz yoq, gözü düşmüş çuqura,
Bəlkə vurğun kibi bir şey… Olur a!
Xayır, alnında zəka şö’ləsi var,
Bəlli, ilhamını bir eşq oyalar.
Sordu: "Kimsin, nerədənsin, əhbab!?"
Ona Azər gülərək verdi cavab.
Azərin cavabı
"H"
Bən yetişdim atəşlə su
Öpüşdüyü bir ölkədən.
İzliyorkən sevgi yolu
Acı duydum hər kölgədən.
Bir yoqsulum, hər diləyim
Diz çökdürür zənginləri.
Bir arifim, bilmədiyim,
Aşar durur ənginləri.
Bən mülayim bir dənizim,
Atəşlidir dalğalarım.
Sülhə qoşan bir acizim,
Əskik olmaz qavğalarım.
Bir avcıyım, eşq umarım
Hər ahunun gözlərindən.
Dərd əhliyim, rəmz anlarım
Hər şairin sözlərindən.
Bir aşiqim, feyz alırlar
Bəndən irfan çobanları.
Bir çobanım, qaval çalar,
İnlətirim vicdanları.
Bən əbədi hürriyyətin
Sevdalı bir cilvəsiyim.
Anlaşılmaz bir xilqətin
Parlar, sönər şö’ləsiyim.
"Ə"
Süzərək Azəri heyran-heyran,
Bir rica eylədi rəssam ondan,
Göstərib bir qocaman daş, dedi: "Gəl,
Yapayım rəsmini, bir baq, nə gözəl!?
Seyrə dal sən yeni doğmuş Günəşi,
Nə də xoş mənzərə!.. Baq, varmı eşi?
Doğuyor sanki dənizdən bir qız,
Həm də altın saçı yaldız-yaldız."
Güldü Azər, oturub daldı həmən,
Fərq olunmazdı o bir heykəldən.
Bitirib levhəyi yorğun rəssam:
Qalq, əzizim! dedi qalq!.. Iştə tamam!..
Bir qadar aqça da ikram etdi.
Süzdü Azər onu heyrətlə, dedi:
– Arqadaş! Aqça niçindir əcəba!
O sənin rəsmin için…
ha, ha, ha!..
Güldü, həp güldü… baqıb rəsmə dedi:
"Nə Günəş!? Sanki baqır bir təpsi…
Hələ gözlər!.. Şu bənim gözlərimin,
Söylə, mə’nası nədir? Insaf için.
Bənziyor yapdığın Azər guya
Buzlar üstündə şaşırmış çocuğa.
Deyəcək yoq şu mübarək dənizə,
Acırım sərf edilən sə’yinizə.
Seyr edənlər şu gözəl levhənizi
Bəni yoq, bəlkə görür onda sizi.
Sanki ölgün boyalardan nə çıqar!?
Burda sən’ətdən iraq hər şey var.
İncəsən’ət dediyin pək tənnaz
Bir gözəl qız ki, çabuq ram olamaz.
Başqadır ondakı həşmət, əzəmət,
Bir təsadüflə yaqın gəlməz, əvət.
Bəlkə yıllarca dayansan nazına,
Sadə, bir kərrə gülümsər o sana.
Yoqsa əzmində əgər səbrü səbat,
Boş əməkdir çəkiyorsun, heyhat!.."
Süzdü rəssam onu altdan-yuqarı,
Saçaraq gözləri kin dalğaları.
Alıb əşyasını nifrətlə, həmən
Qaçdı hiddət köpürən sahildən.
Ondan ayrılmayaraq Azər də
Girdi is[3]
yağdiran Altın şəhərə.[4]
Həp yürür, həp düşünürkən… yolda
Rast gəlib bir sarışın qızcığaza,
Gördü, ağlar da silər göz yaşını…
Dedi: "Yavrum, bu nə? Qaldır başını,
Söylə dərdin nə?.." Çocuq iç çəkərək
Dedi: "Annəm, ögey annəm döyəcək,
Verəcək bəlkə müəllim də cəza!.."
Dur, niçin?
– Sorma!
– Bu hiç oldumu ya!?
– Ah, qapıb qaçdı əlifbamı dəmin
Bir sokaq yavrusu, çapqın, miskin!
– Ya baban yoqmu?
O, işdən qovulan
Bir fəqir işçi, səqət bir insan.
Hiç məraq etmə, quzum, iştə para,
Sağalır elm ilə hər türlü yara.
Oqşayıb Azər onun saçlarını,
Dedi: "Get, bilgi al, öyrən yarını."
Bir fərəh gəldi qızın gözlərinə,
Utanıb durdu… təşəkkür yerinə
O soluq çöhrə gülümsündü həzin,
Qoşaraq getdi kitab almaq için.
Bunu gördükdə uzaqdan yaramaz
Bir çocuq olmaz on üçdən yaşı az
Soqulub Azərə həp əl açaraq:
Para ver, bən də acım söylədi baq!
Sağlam insanda bu adət nə idi?
Baqdı Azər ona heyrətlə, dedi:
"Sana layiqmi dilənmək, ay oğul!
Durma get, haydı, çalış, bir iş bul."
Öylə boş sözləri dinlərmi çocuq?
Sırıtıb izliyor, ayrılması yoq.
Qaldı Azər şu sırıtqanlığa mat,
Ona eşq etdi bir atəşli tokat.
Seyr edənlər bunu həzm etmədilər,
"Mərhəmətsiz, qaba insan!.." dedilər.
Dinləyib onları Azər gülərək
Dedi: Əzdad ilə doğdum, gerçək.
Bir əlim iştə su, atəş bir əlim,
Çarpacaq qəlbim, əgər sussa dilim.
Acıdım gərçi dəmincik birinə,
Sonra atdım da toqat digərinə.
Sizi, yoq şübhə ki, ürkütdü bu hal,
Nə yaparsın, həpiniz kor, abdal!
Öylə quş var ki, yiyorlar ətini,
Quş var, ət ver də, duyar ləzzətini.
Bir toqat var, doyurur ac qarını,
Mərhəmət var ki, zəhərlər yarını.
MƏSCİDDƏ
Bir gün Azər dolaşırkən… yüksək,
Ulu bir mə’bəd önündən keçərək,
Baqdı savrulmada hər pəncərədən
Duyğusuz göylərə çığlıq, şivən.
Pək məraq etdi, həmən girdi o da,
Şaşırıb durdu, nə dəhşət, əcəba!?
Toplaşıb bir yerə ipsiz dəlilər;
Kimi gürlər, kimi sızlar, inlər.
Kimi bir yanda çamurlar yüzünü,
Kimi dırnaqla didər qaş-gözünü.
Biri küllər savururkən başına,
Yalvarır digəri həp göz yaşına.
Kimi bir daş, kimi zəncir alaraq
Qəhr edər kəndini; gözlərdən iraq!..
Fırlayıb minbərə bir şeyx o zaman
"Əlverir söylədi fəryadü fəğan.
Yetişir inlədiniz, ağladınız,
Dul qadınlar kibi yas saqladınız.
Gəlin artıq azacıq kəndinizə,
Qanlı göz yaşları cənnətdə sizə
Əbədi zevq, səadət verəcək,
Olacaq həmdəminiz huri, mələk…"
Dinliyorkən onu hər kəs… birdən
Yeni bəhs açdı cəhənnəmlərdən.
Qorqudan titrəşərək həp təkrar
Mələşib ağladılar, ağladılar…
Ən nihayət bitirib sözlərini,
Açdı ətrafı süzən gözlərini.
Şimdi artıq sıra gəlmiş paraya,
Gümüş, altın birikib bir araya,
Doldu bir ləhzədə şeyxin qucağı,
Satılır altına cənnət bucağı.
Qaldı Azər şu tuhaf "alverə" mat,
Acılar duydu içindən, heyhat!..
"Nə əcayib sürü, yahu, bunlar,
Öndə rəhbərlik edər maymunlar.
Cühəla elm, fəzilət satıyor,
Xalqı əfsunlayaraq aldatıyor.
Kəndi əxlaqı sönükkən həpsi
Yeltənir verməyə əxlaq dərsi.
Sadə minbərdə deyil, çoq yerdə
Göz boyar həp şu qaranlıq pərdə.
Hanki bir sərxoşu söylətdim, inan
Bəhs edər, gördüm, o huşyarlıqdan.
Nerdə beş kölgə görür ördəklər
Başlayıb nitqə həmən saz köklər.
Rəqsi tə’lim ediyor aqsaqlar,
Əzəmət düşkünüdür alçaqlar.
Zevqə biganə səfillər bol-bol
Şе’rü sən’ətdə arar bir yeni yol.
Sadədil, hissə uyan abdallar
Həp siyasi kəsilib at nallar.
Bir yığın kor qılavuzluq yaparaq
Göstərir zülməti aydın, parlaq.
Hər gülər yüzdə ölüm, qan görürəm,
Pək yaqın dostları düşman görürəm.
Yurdu sarmış qabalıq, yaltaqlıq,
Yüksəliş varsa, səbəb alçaqlıq…"
Süzdülər Azəri şaşqın-şaşqın…
Azərin dərdi başından aşqın,
Mütəəssir, düşünürkən, birdən
Gördü vaiz eniyor minbərdən.
Ona yaqlaşdı həmən pək sakin,
Saçıyorkən əsəbi gözləri kin.
Dedi: Şeyxim! Bir az da insaf et,
Nə olur, bir qadar da düz yol get.
Bizi qandırma; haq verib, haqq al,
Sən deyilsin namuslu bir baqqal.
Həp yalan sat da altın al, nə demək!?
Göz yaşından doğarmı huri, mələk.
Ən gözəl dindir iştə dini-həyat,
Başqa yol yoq, ya fənn, ya mevhumat!..
İstər uy dinə, istər uy fənnə,
Çağırır xalqı kəndi cənnətinə.
Biri nəqd iştə, nisyədir birisi,
Çoq olur bəlli, nəqd müştərisi.
Artıq əfsanə devri keçdi, yetər!
Oqşamaz ruhu əski bilməcələr.
Can çəkişdikcə köhnə zevqü şüar
Yeni bir cilveyi-dəha parlar.
O da yoq şübhə sarsılır bir gün,
Başqa bir ictihad olur üstün.
Əski dahilər "iştə haq" dedilər,
Çırpınıb bir həqiqət izlədilər,
O həqiqət bu gün xəyal oluyor,
Dünkü şən bağcalar bu gün soluyor.
Dəyişirkən, əvət bəşər qafası,
Dəyişir Tanrının da siması.
Ş е y x
(çılğın)
Sus yetər, ah, şərəfsiz, Allahsız!..
A z ə r
Qızma, şeyxim, sizin yaratdığınız
Tanrı ölmüş də, yoqdur ağlayanı.
Ş е y x
(yanındakılara)
Nə diyor, baq, halaldır iştə qanı.
Bəlli, həp söylədiklərin həzyan,
Bizi dünyada yoqmu bir yaşatan?..
A z ə r
Yaşatan varsa iştə xilqətdə,
Mə’də… həp mə’də… həzrəti-mə’də…
(əlini şeyxin qarnına vuraraq istehzalı təbəssümlə)
Baq, həqiqət də, bəlkə haq da budur,
Səni hər kim doyursa Tanrın odur.
Din için, firqə, ya siyasət için
Nerdə bəslənsə bir ədavət, kin,
Nerdə qan, ya ölüm, ələm görsən,
Buna yalnız səbəb sənin mə’dən…
Ş е y x
(heyrətlə)
Saçma, həp saçma, anlamam səni bən,
Nə demək məqsədin şu vəsvəsədən?
A z ə r
Şeyxim, aldatma xalqı, dinlə bəni,
Bütün əfsunlu sözlərin xülya…
Gəl bıraq göylərin hekayəsini,
Enəlim kəndi doğma yurdumuza.
Burda cənnət də var, cəhənnəm də,
Onu, yoq şübhə, bizləriz yaratan.
"Cifə" zənn etdiyin şu aləmdə
Başqa zevq almaq üzrə hər insan.
Kimi cəhl atəşində qavrularaq,
Həp yanar, qəhr olur səfalətdən.
Kimi irfanla şadkam olaraq,
Dəm vurur nəş’ədən, səadətdən.
(Camaata)
Gönlünüz cənnət istiyorsa əgər,
Şeyximiz başqa nəğmə bulmalıdır.
Mütəvəkkil duran şu mə’bədlər
Həp kütübxanə, məktəb olmalıdır.
O zaman fəzlü mə’rifət günəşi
Ölgün, azğın cihanı həp süslər.
Şu sönük toprağın bulunmaz eşi,
Qurulur hər bucaqda cənnətlər.
O zaman qanlı, kinli qüvvətlər
Səni dəhşətləriylə inlətməz.
Şərəfin, bənliyin olub da hədər,
Ayaq altında çeynənib getməz!..
ƏSKƏRLƏR TƏ’LİM ЕDƏRKƏN
Son baharın acı bir nəş’əsi var,
Azərin gönlünü həsrətlə yaqar.
Sanki bir kölgə kayar yollardan,
Onu heyrətlə süzər hər insan.
O da hər çöhrədə bir rəmz anlar,
Hər keçən kölgəyi süzdükcə dalar.
Onca dünya qoca bir səhnə demək,
Hər kəs aktörlük edər bilmiyərək.
Kimi arif, kimi dilbər və əsil,
Kimi qurnaz, kimi divanə, səfil…
Kimi cani… düşünür fitnə-fəsad.
Kimi zevq əhli, dilər hər kəsi şad.
Kimi pək sadədil, oynaq, şaqraq,
Kimi pək duyğusuz, abdal və bunaq…
Kimi ismət, kimi naz, işvə satar,
Kimi həp varlığa bir təkmə atar.
Göz yumub onlara Azər, köpürən,
Gürləyən şəhrə vida etdi həmən.
Endi bir bağçaya, sahil boyuna,
Sandı hər dalğa salam eylər ona…
Bağça solmuş da ağaclar çıplaq,
İçli bülbülləri ötməz şakaraq.
Can çəkişməkdə soluq yapraqlar,
Nə çiçəklər, nə gülən güllər var.
Hər xiyabanda fəqət əskərlər
Qoşaraq "arş!" deyə tə’lim eylər.
Bağırır onbaşılar: bir, iki, üç!..
Parlar əllərdə silah… Qayəsi: güc!..
Bir yığın işsiz adam bir yanda
Dalaraq seyrə, bulur zevq onda.
Ürəfa taslağı bir qaç kişi də
Ediyor onları tənqid: iştə!
B i r i n c i t a m a ş a ç ı
Nə fəlakət!.. Ölüb-öldürmək için
Saçıyor paslı gönüllər həp kin.
İ k i n c i t a m a ş a ç ı
İştə tə’lim olunur cəlladlıq,
Yazıq, insandakı vicdana yazıq…
Ü ç ü n c ü t a m a ş a ç ı
Ah, nə xoşdur əbədi sülh olsa,
Bəşəriyyət acıdan qurtulsa…
D ö r d ü n c ü t a m a ş a ç ı
Zalım əllər nə qadar üstünsə,
Qurtuluş yoqdur əzilmiş cinsə.
B е ş i n c i t a m a ş a ç ı
Ən fəlakətli böyük yanğınlar
Bir qıvılcımlı xətadan başlar.
A l t ı n c ı t a m a ş a ç ı
Qanatım olsa uçardım da həmən,
Qurtulurdum bəşərin şərrindən.
Y е d d i n c i t a m a ş a ç ı
Nə səadət!.. Ola insan dərviş,
Hiç də aldırmaya dünya nə imiş.
Dinləyib onları Azər gülərək,
Düşünüb durdu, bu sözlər nə demək!?
Parlayan gözləri diqqət saçaraq
Yaqlaşıb söylədi: Yahu, bana baq!
(Acı gülüşlə son seyirciyə)
Əvət, ən xoş təranə, ən eyi yol:
Hər çeşit qeydi at da dərviş ol!..
Yaşayıb qayğısızca bir köşədə,
Zevqə dal… Ən gözəl həyat iştə!
Məskənin daima şən ormanlar,
Həmdəmin xoş baqışlı ceylanlar.
(Bu sırada bir qaç dəliqanlı da Azərin ətrafına toplanır)
Kələbəklər qoşarkən oynaşına
Yürü, en bir yeşil pınar başına.
Quşlar ötdükcə sən də dəmsaz ol,
Gülüşən hər çiçəklə həmraz ol.
Nə öc al kimsədən, nə əz, nə əzil,
Nə qan iç, uf!.. Nə qanlı göz yaşı sil!
B i r i n c i t a m a ş a ç ı
Bu, fəqət şaİranə bir xülya!..
Ruha uyğun sevimli bir rö’ya!..
İk i n c i t a m a ş a ç ı
Pək gözəl söylədiklərin, heyhat,
Nerdə? Kim sürdü öylə tatlı həyat?
Ü ç ü n c ü t a m a ş a ç ı
Barışıb həp sevişsə millətlər,
Bəlkə azcıq susar şu vəhşətlər.
Azər
(Acı gülümsəyişlə)
… Əvət, insan olursa insanlar,
Şübhəsiz, parlayıb da vicdanlar
Sevgi nurilə kainatı bəzər,
Bıraqıb kini, qurt qoyunla gəzər.
Bəlli.. Ta əskidən böyük başlar
Sülh için uğraşıb çalışmışlar.
Çıqaraq hərbə qarşı həp ürəfa,
Əbədi sülh içində buldu şəfa.
Kimi "qan-qan!.." deyib də çıldıraraq,
Sülhə düşman kəsildi, iştə məraq…
Bizcə kim haqlı! Qan dökənlərmi?
Imrənib sülhə, diz çökənlərmi?
O nə? Həp dalğa keçdiniz… əcəba,
Hanki xoş, hanki pək dikənli, qaba…
Şübhə yoq, sülhə meyil edər hər kəs,
Çünki hər gözdə parlıyor bu həvəs.
Pək böyük səltənətsə dərvişlik,
Olamam bən o xasta fikrə şərik.
Ölü, miskincə ömrə bin nifrət!..
Sizi bən sülhə eyləməm də’vət.
Əbədi sülh ümidi haqqı boğar,
Yaşamaqçın fəqət mübarizə var.
Çarpış, elmi bir inqilab ilə sən
Qəhrəman ol, öc al da vəhşətdən.
Bənliyin şimdi inliyorsa, yarın
Qalibiyyətlə parlasın alnın.
Səni yalnız öyündürür qüvvət,
Qüvvətin varsa, haq sənindir, əvət.
Lakin insanda yoqsa əqlü zəka,
Sadə qüvvətdə yoq səmər əsla.
Əldə me’yar olursa əqlin əgər,
Ölçülür pək qolayca xeyr ilə şər.
Dedilər: "Zülmə qarşı durma, əyil!"
Dedilər: "Hərbə qoş, ya əz, ya əzil!"
Bən derim: "Həpsi laf, inanma, saqın!
Rəhbər olsun da qüvvətin, ağlın.
Yeri gəldikdə sülh için çabala,
Öylə yer var ki, hərbi alqışla.
Quzu gördünmü sev, o, kin bilməz;
Canavar qarşı gəlsə parçala, əz.
Qüvvət üstündə varsa əqli-səlim,
Sana həp kainat olur təslim!"
QƏRBƏ SƏYAHƏT
İlk baharın son gecəsi… dan yıldızı gülümsərkən,
Azər məraq edib çıqdı Qərbə doğru səyahətə.
Yorğun dənizdən sahilə bayğın rüzgarlar əsərkən,
Xülya dolu Altın şəhər dalmışdı istirahətə.
Azər səhər havasını nuş edərək səfa buldu,
Ətrafını seyr edərkən tren gəldi, yolçu doldu,
O da atəş ocağına vida edib rəvan oldu,
Rast gəldi həp yol boyunca bin bir çeşit qiyafətə.
Gurultulu vaqonlarda hər millətdən nümunə var,
Tanışdıqca hər gönüldə qarşılıqlı sevgi doğar,
Yaşayışdan bəhs edərkən biri gülsə, biri ağlar,
Kimi məs’ud olub, kimi uğramış bir fəlakətə.
Tren keçilməz yolları oraq kibi kəsib biçdi,
Qarşı gəldikcə yar-qaya bir oq kibi dəlib keçdi,
Bir gün Azər yeni doğan Günəşdən bir xəbər seçdi:
"Orta Qərbə varılmış da, yol iriyor nihayətə".
Hər gönüldə çocuqca bir məraq alevlənib durdu,
Pəncərələr qarşısında seyr edənlər həlqə vurdu,
Hər tərəfdən yeşilliklər nəzərləri oqşıyordu,
Dalğalı gül bağçaları isyan edərdi cənnətə.
Süslü köylər trenləri qarşılardı ara-sıra.
Hər guşə bir gəlin kibi gülümsərdi yolçulara,
Əmək pərisi munisdi hər gəncə, hər ixtiyara,
İşsiz qalanlar, şübhə yoq, məhkum idi səfalətə.
Erkək-qadın həp çalışır arı kibi qaynaşaraq,
Dalğalandıqca tarlalar altın kəsər elmas oraq,
Dolğun öküzlər, inəklər bənzərdi gözlərdən iraq
Şəhərlərdə dərisinə sığmayan əhli-sərvətə.
İştə Qərbin şən göbəyi!.. Tren durdu, Azər endi,
Pəncərələrdən fışqİran çiçəklərə pək imrəndi,
Hər səhnəyi süzüb gəzdi, az görüb də çoq öyrəndi,
Məftun oldu gözlərdəki ciddiyyətə, nəzakətə.
Bir gün çiçək bağçasında bir gənc ona doğru qoşdu,
Sevincindən hoplayaraq ırmaq kibi daşıb coşdu,
Avropanın hər səhnəsi, hər cilvəsi onca xoşdu,
"Baq!" dedi: "Rast gəldinmi hiç bir böylə əzmü himmətə?
Gözəllikdə örnək almış köy şəhərdən, şəhər köydən,
Hər yer sanki bir rəssamın sən’ətidir həmən-həmən,
Varlı-yoqsul bir musiqi dinlər, əvət, hər qulbə şən…
Hər gönüldə bir həvəs var incəliyə, nəzafətə.
Hər ocaqda, hər bucaqda bilgi, hünər mə’bədi var,
Hər yüzdə ruh yüksəkliyi, hər gözdə bir zəka parlar,
Çəlik əsəblər durmadan həp yeni bir zəfər arar,
Hər qafada bir iman var əməkdəki səadətə.
Gözəl!.. Şu nəş’ələr dolu həşmət dünyası pək gözəl,
Hürriyyət izləyən geniş, sağlam havası pək gözəl,
Yer deyil, göyləri sarsan yılmaz dəhası pək gözəl,
Böyük-küçük həp tapınır ancaq və ancaq qüvvətə.
Bu yerlərdə yalan, qərəz, qayğısızlıq da yoq deyil,
Kölgəli vicdanlar da çoq… zahirdə pək kibar, əsil.
Süslər içində qıvrılan gövərçinlər də var: səfil…
Fəqət yenə həp üstündür fəzilət eşqi zillətə.
İşçiləri çoq dinlədim bulunduqca bir arada,
Hər gün yeni çəkişmə var mə’dənlərdə, fabrikada,
Ağırlıqdan, sıqıntıdan kəskin çıqışlar olsa da,
Zorla-xoşla həpsi yenə cəlb olunur itaətə.
Burda əsla dilənçi yoq… mərhəmət yoq çünki ona,
Yan baqılır aciz, səfil, ölü, cahil bir insana.
Şərqin böyük bir şairi[5]odur ki, varsa hər yana,
Aman bilməz Qərbi hər gün də’vət edər mərhəmətə".
Azər həmən gülümsədi, əvət, dedi, pək haqqı var,
Həp "sevgi"dən zevq alırlar öylə zərif ixtiyarlar.
Çoqdan bəri Şərqin sazı həp bu ruhda inlər, ağlar,
Saqın! Qulaq verir sanma həris başlar o də’vətə.
Hindin əzilmiş bənliyi yapsa hər sözdə mö’cüzə,
Soyuqqanlı Qərb alışmış göz süzə, ya dodaq büzə.
Məzlum ellər için ancaq bir yol varsa: mübarizə!
Onsuz, şübhə yoq, irəməz Şərq aləmi hürriyyətə.
Əvət, ancaq mübarizə bənlik verir hər millətə,
Nəş’ə sərpən yalnız odur hər şəxsə, hər cəmiyyətə.
Hər yurdu irdirən odur özlədiyi səadətə,
Odur ancaq qavuşduran insanları məhəbbətə!
AZAD ƏSİRLƏR
"Ə"
Möhtəşəm bir salon… ahəngi-şətarətlə gülər:
Badələr, zümzümələr, şə’şəələr, dəbdəbələr.
Sanki elmasla donanmış hər yer,
Iştə billur kürəciklər və sütunlarda dönər
Bir yığın rəng ilə nur;
Çağlayanlar kürələrdən daşaraq,
Süzülən gözləri oqşar və öpərkən… şaqraq,
İncə bir şe’r oqunur.
Dəyişib məclisin əvvəlki bədaye rəngi,
Musiqi inləyərək başladı rəqs ahəngi.
Hər gönül kəndinə bir eş bularaq,
Qoyulub rəqsə, haman zevq ilə sərməst olaraq,
Bükülüb qıvrılaraq,
Sardı şən gözləri bayğın bir hal;
Çalğılar incələrək söndü işıqlar, dərhal
Doğdu bir başqa şəfəq.
Saçılıb qumral üfüqdən parlaq,
Bir yığın yıldıza bənzər yapraq,
Uçdular gizli qonan busələr üstündə bir az
Olaraq məhrəmi-raz.
Sonra bir qaz kəsilib hər divar,
Ərz edib durdu bir eşsiz gülzar.
Saçdı fəvvarələr ətrafa çiçək, rəngü ziya,
Bu deyil bir rö’ya…
O gözəl mənzərə birdən soldu,
Musiqi susdu, qədəhlər doldu.
Oldu ülfət və məhəbbət dəmsaz
Sərpərək işvəvü naz.
Çökdü bir incə qaranlıq… yalınız
Parlayıb səhnədə şən bir yıldız,
Tatlı, cazib səsi cəlb etdi məraq,
Çırpınıb sızlayaraq.
"H"
Eşsiz bir yuvanın yeşil qoynunda
Öpərdi ruhumu bayğın nəfəslər.
Aldatdı, ah, əvət, bəni aldatdı
Yaldızlı sevgilər, xain həvəslər.
Vəhşi güllər qarşımda diz çökərdi,
Qumrular peşimcə boyun bükərdi.
Hər gün içimdə bir şəfəq sökərdi,
Oqşardı gönlümü sevdalı səslər.
Gülümsərkən bana çoban yıldızı,
Sanırdım kəndimi göylərin qızı,
Ömrümdə duymazkən incə bir sızı,
Qırdı qanatımı altın qəfəslər.
"Ə"
Qapanıb pərdə, həmən coşdu pərəstiş, alqış…
Rəqsə də’vət edərək çalğı səsi,
Yenidən parladı hər çöhrədə sevdalı baqış,
Yenidən doğdu sarılmaq həvəsi.
Yenidən doldu qədəhlər, hər kəs
Azacıq aldı nəfəs;
Səhnədən parladı xoş bir mehtab,
Verdi hər qəlbə cavab.
Canlı heykəllər! O hər süsdən uzaq, saf, üryan
Gül bədənlər veriyor ruha qida.
Musiqi mə’bədinin tanrısı dilbər qız da
Düşünür ortada heyran-heyran.
Bu nə sən’ət, nə zərafət, nə məlahət derkən,
Pərdələr endi həmən.
Çıqdı hər kəs, azacıq möhtəris insan qaldı,
Məclis artıq yeni bir rəng aldı.
Süzüldü nəş’əli gözlər, gönüllər açdı çiçək,
Hər avcı buldu şikar.
Beş-on amerkalı zəngin də sonradan gələrək
Saçıldı altınlar.
Dəmin üryan duran pərilər də
Süslənib qondular birər masaya;
Hər qədəh buldu çarə bir dərdə,
Kimsə dünyayı almıyordu saya.
Nəş’ədən döndü möhtəris qafalar,
Çılğın eşlər çəkildi lojalara.
Pərdələrdən duyuldu qahqahalar,
Daha məhrəmcə zevqə gəldi sıra.
Saçıb da ortaya məğrur Amerika sərvətini,
Əmərdi işvəli Avropanın bəkarətini.
Fəqət bu süslü tamaşaya qarşı Azərdə
Oyandı nifrətlər.
Yaqında rəngi soluq üç qadın gəlib dərdə,
Açıldı söhbətlər.
B i r i n c i q a d ı n
Bənim qızım daha gənc… iştə qaldıq ətməksiz,
Nə yaparsın, dikənli bir yaşayış!..
Şu kirli cənnətə vardıq qarardı gözlərimiz,
Qızı sapdırdı bir yığın alqış.
İ k i n c i q a d ı n
Bənim də qavğada məhv oldu qardaşımla ərim,
İki qız qaldı, bir də yoqsulluq.
(Bir lojayı göstərir)
Nə iş bulundu, nə eş… Ah, şu nadir incilərim
Şimdi hər zevqi oqşayan məxluq…
Ü ç ü n c ü q a d ı n
Bənimki iştə şu al pərdədən gülüb də bana,
"Bir az da bəklə!" diyor.
Nə çarə, bəklərim, az-çoq nə aqça gəlsə ona
Bənimlə sərf ediyor.
İncə bir yaş bəlirdi gözlərdə,
Acı bir iz bıraqdı Azərdə,
Düşündü: "Bəlkə!.." dedi.
"Bir zaman bəlkə dünkü Asiyada,
Əski Qafqasda, vəhşi Afrikada
Qızı cəbrən satıb alırlarmış.
Ona Avropa xalqı pək fahiş
Bir fəlakət demiş də hayqırmış,
Tablo yapmış, rəsimlər aldırmış.
Gülmüş, əylənmiş, eyləmiş heyrət,
Bəsləmiş bəlkə bir yığın nifrət…
Fəqət bu hal nə idi!?
Bunu görməzmi incə gözlüklər?
Satılır burda qızlar azadə,
Həm təbii bir iş qadar sadə.
Ana bir yanda titrəyib bəklər."
Mədəniyyətdə çırpınan vəhşət
Daha yaldızlı, şaİranə, əvət.
Burda öz istəgilə cariyələr
Sana şaqraqca ninnilər söylər.
Bir qəfəs xoşdur, altın olsun da,
Ac gövərçinlər əylənir onda…
"Bıraq, bıraq, yetişir! Bitdim, ah, aman, imdad!.."
"Nədir bu səs?" der ikən qopdu sisli bir fəryad,
Həmən birinci qadın qoşdu kəndi yavrusuna:
"Mələk qızım!" dedi: "Kimlər müsəllət oldu sana?"
İpəkli pərdə açıldıqda qönçə solmuşdu,
Səbəb cinayətə bir kirli şəhvət olmuşdu.
O şən salonda fəqət dalğalandı hüznü sükut,
Sükut içində gülümsərdi süslü bir tabut…
RƏSSAMIN QIZI
"H"
Çiçəkli bir bağçada qos-qoca bir yapının
Geniş salonlarında binlərcə erkək-qadın
Qapdırmışdı sən’ətə bütün xəyalı, hissi,
Hənuz görülməmişdi böylə "rəsim sərgisi".
ncə-dilbər tablolar, parlaq-zəngin levhələr
Məraqla seyrə dalmış nəzərləri cəzb eylər.
Salonları keçdikcə parlar yeni mənzərə,
Hər levhə ərz edərdi keçmişdən bir xatirə.
Baş salonda gözləri oqşardı bir madonna;
Rafaelin əl işi!.. Heyrandı hər kəs ona.
Həftələrcə, aylarca bu orijinal əsərin
Qarşısında dalmışlar rəssamlar dərin-dərin.
Bir az sola sapınca söndü bütün levhələr,
Canlı bir levhə saçdı gönüllərə nəş’ələr.
Elza, bohemyalı bir adlı rəssamın qızı,
Mavi tülə bürünmüş o bir ilham yıldızı!..
Təsvirə yeltənirdi onu üç fırça birdən,
Qız xəbərsiz kibiydi hüsnündəki tə’sirdən.
Onun süzgün və məğrur ahu baqışlarında
Gülümsərdi möhtəşəm, həzin bir rəngi-sevda.
… Bir gün Azər aqşamlayın
Şəhər kənarına çıqdı.
Bağları süsləyən Ayın
Solğun nuru pək ılıqdı.
Böyük-küçük, qadın-erkək
Təbiətdən feyz umardı.
Hər gözdə bir sevgi, dilək,
Hər qəlbin bir eşi vardı.
Yalnız iki tip Azəri
Bir köşəyə cəlb etmişdi.
Biri Elza, eşsiz pəri,
Biri sevdalı bir gəncdi.
Elza yeşil balkonunda
Çiçəklərə gömülmüşdü,
Aqşam qəribliyi onda
Halə kibi örülmüşdü.
Incə rüzgar qızın ipək
Tellərilə əylənirkən,
Bir ney kibi inləyərək,
Gənc mülazim coşdu həmən:
"Ə"
Çıq bulutlardan, ey əfsanəli qız!
Gəl avut ruhumu, ey şən yıldız!
Bana dünyada təsəlli yalınız,
Gözəlim, həp sənsin.
Sən nə nazəndə mələksin, bilsən!?
Sənsiz avarə bir öksüzdüm bən.
Nəş’əsiz ömrümə sevda sərpən
Gözəlim, həp sənsin
Gəncliyim, iştə bütün duyğularım,
Sənin aşqınla gülümsər, yavrım!
Bənim ən sevgili, eşsiz Tanrım
Gözəlim, həp sənsin.
"H"
Qız yaralı qəlbə qarşı
Mərhəmətsiz davranırdı.
Dinlədiyi yalvarışı
Çocuqca bir hal sanırdı.
Hətta bir az gülümsədi,
Sonra pəmbə rəngi soldu.
Qəlbində bir şey titrədi,
Gözlərinə matəm doldu.
Şaşqın kibi baqıb duran
Vurğun gənci bu hal sıqdı.
Bu sırada yan qapıdan
Vüqarlı bir qadın çıqdı.
"Oğlum!" dedi: "dərtli qəlbi
Sən bir daha dərdə saldın.
Qız çəkildi kölgə kibi,
Sən cavabsız, mə’yus qaldın".
"Səbəb, səbəb!" deyə gəncin
Alev sardı gözlərini:
"O gülüş, o nifrət niçin?
Niçin atıb getdi bəni?"
Q a d ı n
Üç gün oldu, izlər durursun onu;
Yazıq ki, bir yana çıqılmaz sonu,
Çünki o dilsizdir, eş deyil sana!
Z a b i t
Dilsiz olsa da bən vuruldum ona.
Q a d ı n
Vurulsan da heyhat! O sevməz səni,
Hərb əhlinə qarşı az deyil kini.
Z a b i t
Səbəb! Ah, bu kinə səbəb nə? Söylə!
Q a d ı n
Bu kin ona gəlmiş cihan hərbiylə.
O zaman ki, dünya bir məzbəh oldu,
Hüdud boyu əskər leşiylə doldu.
Tilki diplomatlar dönüb qaplana,
Boyadılar yer yüzünü al qana.
Hər tərəfdə ölüm dalğası vardı,
Göydən dolu kibi qurşun yağardı.
Ah, o zaman kinli bir səs bağırdı:
"İsyan! Isyan! Isyan!" deyə hayqırdı.
O səs "hərbə qarşı hərb" istiyordu.
"Qılıclardan oraq yapın!" diyordu.
Elzanın babası, o coşqun rəssam
Bohemya xalqına verirdi ilham.
Hökumət ərkanı ona qızdılar,
O gün е’damına fərman yazdılar.
O gün Elza səkiz yaşa dolmuşdu,
Doğuş bayramına hazır olmuşdu.
Babasının ölüm xəbəri gəldi,
Zəhərli oq kibi beynini dəldi.
"Eyvah!" deyə qızı bir dəhşət aldı,
O gündən bəridir ki, dilsiz qaldı.
Artıq duyulmadı o şaqraq səsi,
Fənnə sorduq, bulunmadı çarəsi.
Ah, o gündən bəri Elza nerdə bir
Hərb adamı görsə ürküb diksinir.
Düşmandır gözünə hərbi qiyafət,
Qardaşı olsa da duymaz mərhəmət.
Qadın susdu… Gənci bir şö’lə yaqdı,
Vicdanında acı bir iz bıraqdı.
Azər duyub onu yaqan şö’ləyi,
"Əvət, dedi, hərbə qarşı hərb! Eyi.
Gərçi bu gün hər qan içən "sülh" arar,[6]
Hər salondan doğar yeni bir şiar.
"Tərki-silah" nəğmələriylə ancaq
Məzlumlara qarşı qurulur tuzaq.
Kəşf olunur hər gün zəhərli qazlar,
Yarın bilinməz kim kimi boğazlar.
Hənuz dünkü qanlar qurumamışkən,
Yeni bir hərb için planlar çəkən
Vəhşi diplomatlar, quduz nazırlar
Azadlıq yerinə zəncir hazırlar.
O paslı zəncirlər qırılmadıqca
Dar gələcək insanlara bu dünya".
… Zavallı gənc vida etdi qadına,
Döndü qışlasına başda fırtına.
Gözündə canlandı qanlı səhnələr,
Bütün gecə sandı cihanı məqbər.
Gülümsərkən ona səhər yıldızı,
Uyquya dalmışdı rəssamın qızı.
KÖMÜR MƏ’DƏNİNDƏ
(Almaniyada, Rur civarında yazılmışdır)Yağmurlu bir sabah idi, hər yeri sis almışdı,
Güləryüzlü Günəş xəzan uyqusuna dalmışdı.
Azər qoşdu dumanlı dağların yanıq bağrına,
İsyan dolu ocaqlardan is yağardı hər yana.
Hər mağara ölüm tütən məzarlığa bənzərdi,
O məzarın qurbanları həp nasırlı əllərdi.
Kirdən, çamurdan bunalmış gözlərdə kin çaqardı,
Bir az ətmək çıqar deyə gülən yüzlər də vardı.
Hətta çoqu bu dirliyi bayram sanır, oynardı,
Şarqı söylər də bir yigit öz yurdunu anardı:
Ş a r q ı
Səfalıdır bizim dağlar, bizim ellər,
Qayğı bilməz bizim bağlar, bizim güllər,
Çağlayan bir yanda çağlar, orman gülər,
Bulutlar bir yanda ağlar, çoban dinlər,
Səfalıdır bizim dağlar, bizim ellər.
Bizim dağlar mayıs rö’yasına bənzər,
Yamaclarda sürü-sürü ceyran gəzər,
Ceyran baqışlı yosmalar həp can üzər.
İşvə, əda bilməz, bilmədən göz süzər,
Bizim dağlar mayıs rö’yasına bənzər.
Sevdalıdır bizim dağlar, bizim ellər,
Sevimlidir, şəndir bizim incəbellər.
Nerdə o hər gün duyduğum şirin dillər?
Hər gün öpüb oqşadığım ipək tellər?
Sevdalıdır bizim dağlar, bizim ellər.
Şu bəxtiyar gəncin tatlı sözləri
Düşündürüb durdu yorğun Azəri.
Gönlündə bir yığın dumanlı isyan,
Keçdi qorqunc, əyri, sapa yollardan,
– Yoqsullar məzarı şu kirli mə’dən
Seçilməz Dantenin cəhənnəmindən.
Azər aydınlıqda işdən qovulmuş
Bir ixtiyar gördü, bənizi solmuş…
Müdirə yalvarıb diyor: "Yoq yerim,
Ölsəm belə burda ölmək istərim".
Şişman müdir aldırmıyordu əsla,
O halda bir vəkil girdi ortaya.
Dedilər ki: "Işçi nümayəndəsi!.."
İxtiyarı açdı onun gəlməsi.
O, pək "sol" tanınmış "sosyalist" ikən,
Müdirə haq verib getdi bilmədən.
Bu hal ixtiyarı qarsıb-qavurdu,
Şu xain arqaya söyüb-savurdu.
Azər içindən titrədi,
"Hey!…" dedi:
"Hey zavallı, saqın, yorma kəndini!
Qüvvətdən düşüncə titrək əllərin,
Düşmanların deyil, hətta rəhbərin,
Arqaların belə satarlar səni.
Sən bir makinasın: qırıq və miskin…
Çəkməlisin yükləndiyin hər başı,
Bu baş olsa belə xırsız oynaşı –
Çarə nədir, kəndin öyüb bəyəndin.
Əvət, sən acından ölüm dilərkən,
O çapqınlar saraylarda əylənir,
Saçmalar söylənir, sazlar köklənir,
Fəqət həp əzilən, həp qəhr olan sən!.."
İxtiyar çıldırdı,
Müdir şaşırdı.
"Xayır, getməm, dedi acım, yoq yerim,
Ölsəm belə burda ölmək istərim".
Kinli gözlərində atəş parladı,
O çökmüş iskelet həmən fırladı.
Bir parça daş kömür alıb da yerdən,
Sayğısız müdirə hücum edərkən,
"Mücrim" deyə kirli yalan satdılar,
Çılğın ixtiyarı həbsə atdılar.
MÜHACİRLƏR YUVASI
"Ə"
Azər yürürdü əldə ufaq yolçu çantası,
Birdən göründü qarşıda "Moskof lokantası".
Yorğundu, acdı, girdi də azcıq "yemək", dedi,
Dolğunca bir qadın ona "xoş gəldin" eylədi.
Parlardı çöhrəsində sönən köhnə ehtişam,
Xidmətçilər də eyni çamurdan: əsil madam.
Dün "şanlı xanədanlara" mənsub ikən, bu gün
Bir parça ətmək olsa səadətli bir dügün!..
Yoq hiç birində dünkü təhəkküm satan qürur,
Hər kəs əməklə kəndini tə’min edib durur.
Yoqsul, bir az da kirli salon gərçi can sıqar,
Lakin nədənsə müştərilər çoq girib çıqar.
Bir qısmı bəlli, iştə mühacirdi pək səfil,
Avropa xalqı, yerli camaat də az deyil.
"İsa"ya bənzəyən sarı bir çöhrə Azərin
Dalmışdı qarşısında xəyalata pək dərin.
Azər məraq edib onu söylətmək istədi,
Dalğın mühacir ah çəkərək "Arqadaş! dedi
Tam səkiz yıldır iştə biz burada,
Qalmışız kimsəsiz, səfil, arada.
İnqilab atəşilə ürküşdük,
Dağılıb böylə dərbədər düşdük.
Nə bəla varsa Tanrıdan bulduq,
Nə "rəzalət" desən düçar olduq.
Ah, əvət, bən, zavallı sərsəm bən!..
Yeni darülfünun bitirmiş ikən,
Bəni qandırdı baq, şu abdallar,
Çoq şükür, şimdi həpsi at nallar".
Kimdir onlar? Sorunca… Dalğın adam
Dedi: Baq, gördüyün şu nazlı madam,
Ki seçilməz semiz inəklərdən,
Bir qraf zevcəsiydi zəngin, şən.
Bu!.. Saraydan yetişmə bir afət,
Şimdi çökmüş zavallı bir əzəmət…
Şuracıqdan keçən somurtqan da
Bir prensesdi, namı hər yanda
Duyulurkən edərdilər səcdə,
Ona əl’an ölüm də bir müjdə…
Şu qopuq, iştə əski bir ceneral!..
Pək uzun sərgüzəşti var, xəbər al.
Ona rəhmətli, gorbagor Nikola
Çoq nişan verdi, gərçi pək budala…
Miralaymış!.. Keçən soluq çöhrə,
Bu gün artıq o bir qırıq cəhrə…
(Səhnədəkiləri göstərir)
Şu həriflər də əski qarunlar,
Həpsinin şimdi başqa sən’əti var.
Ac qarın verdi musiqi həvəsi,
İştə saz kökləyib durur həpsi.
Şu madamlar, əfəndilər o zaman
Kəsilib inqilaba həp düşman
Cibdə altın; qaçıb da qurtuldu,
Yeni bir zevq içində məst oldu.
Burda almanlar eyləmiş iflas,
Vardı hər evdə sanki bir qara yas.
Paralar həp kağız, kağızlar hiç…
Yoqsa altın, həyatdan vaz keç!
O zaman həp şu yadigarlar, əvət
Satıyorlardı başqa bir əzəmət;
Əldə pırlantalar və elmaslar
Həpsi şahanə bir əda taslar.
Qurulub hər salonda işrətlər,
Uzayıb getdi həp səfahətlər.
Hər kəsin çünki е’tiqadı qəvi:
İki-üç ayda inqilab alevi
Bitərək, həp gurultular sönəcək,
Bəxtiyarlar saraylara dönəcək.
Bir yığın ixtilalçı ac, çıplaq
Bəlli, beş gündə xurduxaş olacaq.
Çoq təəssüf ki, tatlı təxminlər
Bir yalan nəğmə oldu… kim dinlər!
Uzayıb durdu inqilab artıq,
Dünkü həşmətlər oldu beş paralıq.
Para bitdikcə bitdi bunlar da,
Qara iş buldular salonlarda.
Məhv olub getdi həp şərəf, namus,
Daha bilməm nələr!? Bu pək mənhus…
Canlanıb durdu müflis almanlar,
Qaldı ac gördüyün qudurğanlar…"
Rəqs etdi salon nəş’əli bir çalğı səsindən,
Bir qız süzülüb çıqdı gövərçin qəfəsindən.
Rəqqasə!.. Qraf yavrusu, pək işvəli bir qız,
Moskofdan uçub Qərbə qavuşmuşdur o yıldız,
Heyrət!.. o nə halət, nə şətarət, nə qiyafət!
Dəhşət!.. o nə səfvət, nə təravət, nə lətafət…
Pək nazlı, şəfəq dalğalı, fəvvarəli bir nur,
Hər cilvəsi, hər halı edər gözləri məshur.
Rəqqasə deyil, xariqədir iştə o afət,
Hər qıvrılışından doğuyor başqa zərafət.
Məftun kibidir kəndinə, dünyaları saymaz,
Qoynunda böyütmüş onu bin ali heyi-naz.
Alqışladılar… güldü, çəkildi,
Alqışladılar… bir daha gəldi,
Məclis gəliyorkən həyəcanə,
Qız başladı bir başqa təranə.
Qızın təranəsi
"H"
Aydın bir gecəydi rö’yayə daldım,
Baqdım cənnətdəyim, heyrətdə qaldım,
Öpdü al qanatlı mələklər bəni.
Bilməm nə hal oldu, həmən bayıldım,
Bülbüllər ötərkən… səhər ayıldım,
Öpərdi xarəli ipəklər bəni.
Rö’ya füsunilə o gün sərxoşdum,
Bir kələbək kibi gülzarə qoşdum,
Öpdü gözüyaşlı çiçəklər bəni.
Vurğun kibi gözü bəndə hər kəsin…
Uf, istəməm, xayır, xayır, öpməsin
Gözlərdə titrəşən bəbəklər bəni…
"Ə"
Bitirdi işvəli rəqqasə xoş təranəsini,
Öpüncə samiələr ruhu cəzb edən səsini,
Sönük gönüllərə sərpildi incə bir həycan,
Çəkildi, gəlmədi… alqış qopardı həp tufan.
Yenə "İsa"ya bənzəyən yüzdən
Bir təbəssüm bəlirdi… söylədi: "Ən
Çoq bəyəndim şu nazlı afəti bən,
Çünki hər kəs onun əsiri ikən
Enmək, alçalmaq istəməz əsla.
Ləkəsizdir çocuq qadar hala…
Yeni açmış şu qönçənin babası
Bir qraf… xasta, həm bozuq qafası.
Onu tə’min için fəqət böylə
Rəqsə məcbur olur bin işvə ilə.
Baba dursun, şu gördüyün "həzərat!.."
O qızın sayəsində buldu həyat.
Şübhəsiz, rəğbət olmasaydı ona,
Kimsə gəlməzdi böylə bir salona".
… Çəkilib getdi həp misafirlər,
Qaldı kin püskürən beş-altı nəfər.
Bunlar, işsiz qalan mühacirlər,
Etmək istərlər əski yurda səfər.
Bıraqırlarmı?.. Kim bilir, nə olur!?
Burda qalmaq da xeyli qorquludur.
Yaşamaq güc… çalışmaq istərsin,
İş bulunmaz, bulunsa… pək çirkin,
Pək ağır iş verirlər, ən kötüsü:
İşçilər bağlıyor səninlə küsü,
Kimi təhqir edib dodaq büzəcək,
Kimi binbir alayla göz süzəcək…
Sanki iş varmı, olsa şad oluruz,
Qara ətmək yeyib səfa buluruz.
Ah, bir az sönsə inqilab alevi!..
Hər kəsin kəndi yurdu, kəndi evi…
Orda insan acından ölsə belə
Yenə xoşdur… Fəqət şu eldən-elə
Qoşmanın sanki varmı mənası?
Adamın hər gün ağlıyor anası.
Ah, əvət ən böyük bəla, bilsən,
Para yoq, köçmək istəsən belə sən;
Hədər olmazmı çəkdiyin zəhmət?
Yaqalandınsa iştə son dəhşət!..
Deyəcəklər bu köhnə bir canavar,
Əski milyonçu… öl! Gəbər! Nə çıqar!?
Sardı ətrafı bir vərəmli sükut,
Baqışıb durdular bütün məbhut.
Şu sükut arqasınca iç odadan
İncə bir səs duyuldu, qopdu fəğan!..
Nazlı rəqqasə inliyordu… əvət,
Qraf etmişdi ansızın rehlət!
NİL YAVRUSU
Yığın-yığın aqışan avtolar, tramvaylar
Çiçəkli, süslü, təravətli bir cihana qoşar.
Bu ölkənin yazı şən bir mayıs qadar dilbər,
Səfalı mənzərələr ruha busələr sərpər.
Göz işlədikcə gülümsər yeşil xiyabanlar,
Yeşildi pəncərə, balkon… yeşildi meydanlar.
Çiçəklərin arasından yürürdü afətlər,
Uçardı qəhqəhələrdən qopan səadətlər.
Görülməmiş bu "çiçək sərgisi"ndə ən rə’na
Gözəllər iştə gülümsərdi hər yeşil fidana.
Fəqət bir afəti izlər dururdu həp gözlər,
O gün həmən ona aiddi söylənən sözlər.
Adı Şəmsa, füsunlu bir xilqət,
Saçar ətrafa həp qürur, əzəmət…
O baqışlarda bir qıvılcım var,
Hanki bir qəlbə əks edərsə yaqar.
Şərqin əsmərcə bir bədiəsidir,
Yeni Mısrın öc izləyən səsidir.
Yedi yıldır ki, Nili tərk edərək,
Qərbə uçmuş o nazənin kələbək.
Başda hürriyyət aşqı, sevdası
Daşıyan bir ədib imiş babası.
Məhbəs olmuş gözündə həp yurdu;
"Haq"! dilərkən… bir ingiliz lordu
Sürgün etmiş ölümlü bir adaya.
Bu xəbərdən sönüb bitən Şəmsa
Köçərək əmcəsiylə bir yerdə,
Yaşıyor böylə qürbət ellərdə…
İsınıb şən mühitə getdikcə,
Hüsnü ətrafı sərxoş etdikcə
Onda həp parlar ehtişamü qürur,
Yüzü lakin nədənsə az gülüyor.
Düşünür… iştə, daima dalğın,
Çırpınan ruhu nəş’əsiz, çılğın,
Daima kinli bir pəyam arıyor,
Anaraq Mısrı intiqam arıyor.
… Sönüyorkən Günəşin son işığı…
Sardı bir rəngü ziya ortalığı.
Keçdiyin yollara baqsan hər yer
Dürlü ahəngi-bədayе’lə gülər.
Soqulub şevq ilə erkək qadına,
Hər səfahət yapılır zevq adına.
Süslü kaşanələrin aləmi var,
Hər gönül bir yeni əyləncə arar.
Şu tuhaf mənzərələrdən Azər
Çoq da zevq almadı!… Yalnız dilbər,
Canlı bir levhəyə məftun olaraq,
Doğdu gönlündə bir atəşli məraq.
Baqdı Şəmsa keçiyor məsti-qürur,
Şimdi gündüzkünə hiç bənzəmiyor.
Pəmbə köksündəki tüldən duvağı,
Öpüyor bir krizantem dodağı.
Görsə hər kim onu Mısrın məşhur
Bir füsunkarını[7] görmüş sanıyor.
O şətarətli, gülümsər yüzdə,
Al dodaqlarda, o qumral gözdə
Öylə bir incə təravət vardı
Ki, bütün gözləri əfsunlardı.
Baqaraq naz ilə həp sağ-soluna,
Girdi pək dalğalı, şən bir salona.
İki-üç xurmacığaz bir köşədən
İşvəkar afəti cəzb etdi həmən.
Sardı ətrafını bir qaç tələbə,
Həpsi bənzərdi yüzündən ərəbə,
Həpsinin umduğu bir tatlı xəyal:
Qurtuluş eşqi, geniş istiqlal.
… Keçdi azcıq… sırıtan bir mə’mur,
İngiliz lorduna bənzər, məğrur,
Əzəmət taslağı, bir tip gəldi,
Onu Şəmsa süzüyorkən, bildi.
Göstərib, baq! dedi yoldaşlarına,
Gəlsə hər təhlikə Mısrın başına,
Şu baqır çöhrəli insan yapıyor,
Vətənin ən qara cəlladı odur.
Görünür, "sərgi"yi seyr etmək için
Qərbə keçmişdir o qurnaz xain.
Dəyişib cümləsinin bət-bənizi,
Sardı hər çöhrəyi bir nifrət izi.
Biri qalqıb dedi: Artıq gedəlim.
Güldü Şəmsa, dedi: Yoq, rəqs edəlim,
Güləlim, əylənəlim bir saət…
Etdi hər kəs buna az-çoq heyrət.
Rəqsi əvvəldən o hiç sevməz ikən
Bu şətarət ona gəlmiş nerədən!?
Gözlərindən süzülən işvə, əda
Lordu cəzb etdi həmən bir anda.
Yanaşıb rəqsə edərkən də’vət,
Onu rədd etmədi Şəmsa… Fürsət!
Qoşdular rəqsə bərabər, məmnun…
Gənc ərəblər şaşırıb qaldı zəbun.
Həp yürəkdən qıza kin bəslədilər,
"İştə sapqın və şərəfsiz!" dedilər.
… Nəş’ə çılğınlığı lordun gözünü
Yapdı bir falçı daşı.
Mey qızıllatdı baqırdan yüzünü,
Sallanıb durdu başı.
Süzərək qız onu, qəlbindəki öc atəşini
Yeniyor qəhvə ilə,
Lorda tez-tez sunaraq badə bıraqmaz peşini
Yeni bir şivə ilə.
… Sallanıb durdu hərif əsnəyərək:
Yetişir söylədi gəl!
Süslü, şahanə odam var, gerçək,
Gedəlim, baq, nə güzəl!..
Onu rədd etmədi Şəmsa, getdi
Bir misafir kibi şən.
İngiliz zevqini təbrik etdi
Yolda hər qarşı gələn.
… Yarın erkən Günəşin tatlı, qızıl busələri
Azərin ruhuna gül sərpərkən,
Geyinib çıqdı bir az dinləyə bakir səhəri,
Bir xəbər duydu həmən:
Qomşular bir yeni şey görmək için toplaşaraq,
Sardı hər çöhrəyi getdikcə məraq.
Görünüb qarşıda bir dəstə polis, ən arada
Keçdi Şərq afəti əsmər Şəmsa.
"İştə, qatil şu gözəl qız!.." deyə erkək və qadın
Süzdülər həp onu şaşqın-şaşqın.
İki qurşunla bitirmiş gecə azğın lordu,
Bəlki azcıq nəfəs alsın yurdu.
Bəlki azcıq nəfəs alsın əzilən insanlar,
Aqmasın Nilə günahsız qanlar.
Dünkü yoldaşları nifrətlə atarkən salonu,
Şimdi izlərdi onu.
Bir ilahəydi o, hürriyyəti təmsil edərək,
Görmək istərdi dikənlikdə çiçək…
Berlin
TISBAĞANIN ZEVQİ
"H"