Azərbaycanım (S.Ə.Xəliloğlu)

Azərbaycanım
Müəllif: Sabir Əlim Xəliloğlu

Ay mənə qürbətdə qərib deyənlər,
Mənim də gümanım Azərbaycandır.
Ayrı din içində din bəsləmişəm,
Dinimlə imanım Azərbaycandır.


Əsərəm bir telin titrəyişindən,
Büdrərəm bir dilin büdrəyişindən;
Borçalı elinin kükrəyişindən
Olanım-qalanım Azərbaycandır.


Gözümdə murazım, ağzımda dilim,
Fərəhim, faciəm, nəşəm, nisgilim,
Əzəl pərvərişim, axır mənzilim,
Behiştim, cinanım Azərbaycandır.


Qəfəsdir mənzilim meydan olsa da,
Dustağam məşğələm cövlan olsa da,
Bir yanım uçurum, yarğan olsa da,
Nə yaxşı bir yanım Azərbaycandır.


Qəmiylə qəmlərə qalandığım da,
Eşqiylə durulub bulandığım da,
Can deyib başına dolandığım da,
Başına dolanım, Azərbaycandır.


Çeşmədən aralı çayır bağ olmaz,
Budağı gövdədən ayırmaq olmaz.
Arazı qum ilə qayırmaq olmaz,
Millətim, nişanım Azərbaycandır.


Qara günümdə də, ağ günümdə də,
Çətin günümdə də, çağ günümdə də,
Məhşər günümdə də, sağ günümdə də
Həmdəmim, həyanım Azərbaycandır.


Sabirin şerinin xətmi, xitabı,
Müshəfi, Quranı, kövnü, kitabı,
Tavansız canımın tavanı, tabı,
Özümün ünvanım Azərbaycandır,
Sevgili məkanım Azərbaycandır,
Varlığım, cahanım Azərbaycandır.


12 may 1974, Gəncə