Azərbaycanın İnzibati-ərazi vahidləri (Naxçıvan Muxtar Respublikası)

Azərbaycanın İnzibati-ərazi vahidləri (Naxçıvan Muxtar Respublikası)
Müəllif: Azərbaycan


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI

Ümumi məlumat

redaktə

1990-cı ildən Naxçıvan Muxtar Respublikası adlanan Azərbaycan Respublikasının tərkibində muxtar dövlət olan bu qurum 1920-23-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-24-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924-90-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası adlanmışdır. Şimalda və şərqdə Ermənistan Respublikası (sərhəd xəttinin uzunluğu 246 km), qərbdə və cənubda Türkiyə (11 km) və İran İslam Respublikası (204 km) ilə həmsərhəddir. Naxçıvan Muxtar Respublikasının Ermənistan ilə təbii sərhədini, əsasən, Zəngəzur və Dərələyəz silsilələrinin suayırıcıları, Türkiyə və İranla sərhədini isə Araz çayı təşkil edir. Ərazisi şimali-qərbdən cənubi-şərqə doğru 158 km məsafədə uzanır. Muxtar respublikanın şimalda ən ucqar nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki Kömürlü dağı (2064 m), ən cənub nöqtəsi isə Arazın sol sahilində 600 m yüksəklikdə yerləşən Zerəni dəmiryol stansiyasıdır. Şimaldan cənuba doğru ən böyük məsafəsi 75 km-ə bərabərdir. Qədim Azərbaycan torpağı Zəngəzurun 1920-ci ildə "sovet rəhbərliyi" tərəfindən qanunsuz olaraq Ermənistana verilməsi nəticəsində 44-45 km enində zolaq Araza doğru uzanaraq, Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının qalan ərazisindən ayırmışdır. 1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil olunmuş, 1925-ci ildə qəzalar ləğv edilmiş, dairələrin sayı 8-ə endirilmişdi: Baş Noraşen, Qıvraq, Tumbul, Əbrəqunus, Nərimanov, Culfa, Parağa və Ordubad. 1930-cu ilin birinci yarısında Şahbuz rayonu əlavə edilməklə Şərur, Naxçıvan, Culfa, Ordubad, Əbrəqunus rayonları yaradıldı. 1948-ci ildə Əbrəqunus rayonu Culfa rayonu ilə birləşdirildikdən sonra Naxçıvan MSSR inzibati cəhətdən beş rayona - Naxçıvan (1978-ci ildən Babək), Şərur, Şahbuz, Culfa və Ordubad rayonlarına bölünmüşdür. 1990-cı il avqustun 28-də Azərbaycan SSR Ali Sovetinin fərmanına əsasən Türkiyə ilə həmsərhəd bölgənin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləndirmək məqsədilə, həmçinin ərazinin geostrateji mövqeyi nəzərə alınaraq, Sədərək kəndi və ona məxsus ərazilər əsasında Sədərək rayonu yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin imzaladığı 2004-cü il 19 mart tarixli qanuna əsasən sərhəd bölgələrində və gediş-gəliş çətin olan dağlıq və dağətəyi ərazilərdə əhalinin ehtiyaclarını daha dolğun ödəmək və məskunlaşmasını təmin etmək, dövlət idarəetməsini təkmilləşdirmək, həmçinin sərhədboyu ərazinin müdafiəsinin daha da möhkəmləndirilməsini təmin etmək məqsədilə hər iki rayonun mərkəzlərindən 35-40 km aralıda dağlıq və dağətəyi əraziləri əhatə edən sərhədboyu zonalarda yerləşən 9 inzibati-ərazi dairəsinin 11 kəndinin bazasında Kəngərli rayonu yaradılmışdır.

1929-cu il fevralın 18-də Zaqafqaziya MİK totalitar inzibati-amirlik şəraitində Naxçıvan MSSR-in 9 kəndinin - Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, habelə Kilit kəndinin torpaqlarının bir hissəsinin, əkin sahələri və otlaqları ilə birlikdə Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etmişdir. Zaqafqaziya MİK-in Naxçıvanın sərhədləri məsələsinə baxması, Moskva müqaviləsi (1921) və Qars müqaviləsi (1921) sənədlərini imzalayan tərəflərin iştirakı olmadan Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi beynəlxalq hüquq normalarının kobudcasına pozulması, Azərbaycan xalqına qarşı əsl xəyanətkarlıq və cinayət idi.

Hazırda 7 inzibati rayona - Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur, Kəngərli rayonlarına bölünmüşdür. 4 şəhəri (Naxçıvan şəhəri, Ordubad şəhəri, Culfa şəhəri, Şərur şəhəri), 9 qəsəbəsi, 160 kənd inzibati ərazi dairəsi vardır.

Naxçıvan şəhəri

redaktə
  • Ümumi ərazi, [kv. km] 35.48
  • Əhalinin ümumi sayı 69050
  • Qəsəbələrin sayı 1
  • İri və orta müəssisələrin sayı 538
  • Məktəbəqədər uşaq müəssisələrinin sayı 9
  • Ümumtəhsil məktəblərinin sayı 19
  • Texniki, orta ixtisas və peşə məktəblərinin sayı 3
  • Ali təhsil müəssisələrinin sayı 3
  • Xəstəxanalar və tibb müəssisələrinin sayı 23
  • Mədəniyyət ocaqlarının sayı 38

Naxçıvan şəhəri Naxçıvan Muxtar Respublikasının paytaxtıdır. Ərazisi 35,48 kvadrat kilometr, əhalisi 71,5 min nəfərdir (01.07.2008). Naxçıvandan Bakıyadək olan məsafə 536 kilometrdir. Azərbaycanın ən qədim şəhərlərindən olan Naxçıvan iri sənaye, elm və mədəniyyət mərkəzi, mühüm dəmir yolu və avtomobil nəqliyyatı qovşağında yerləşir. Burada Beynəlxalq Hava Limanı vardır.

Naxçıvan şəhəri Naxçıvan düzündə, Naxçıvançayın sahilindədir. Əliabad qəsəbəsi Naxçıvan şəhərinin yeganə inzibati ərazi dairəsidir. İqlimi kontinentaldır. Orta temperatur yanvarda - 3,8°C, iyulda 26,9°C, illik yağıntı 236 mm-dir. Bəşər sivilizasiyasının ən qədim məskənlərindən olan Naxçıvanın 5000 ilə yaxın yaşı var. Bəzi antik və orta əsr tarixçi və coğrafiyaşünasları isə Naxçıvan şəhərinin əsasının eradan əvvəl 1539-cu ildə qoyulması barədə məlumat vermişlər.

Naxçıvan toponiminin müxtəlif etimoloji yozumları mövcuddur: "Naksuana" (Klavdi Ptolomey, eramızın II əsri), "Nəşəva", "Naqçuan", "Nəqşi-cahan" (orta əsr ərəb və fars mənbələrində) və sair. Şəhərin adını Nuh peyğəmbərlə də əlaqələndirirlər. Naxçıvan eramızdan əvvəl IX-VI əsrlərdə Manna, sonra isə Midiya dövlətlərinin tərkibində olmuş, eradan əvvəl 550-ci ildə Midiyanın süquta uğramasından sonra Əhəmənilər imperiyasının hakimiyyəti altına düşmüşdür.

Eradan əvvəl IV əsrin sonlarından eradan əvvəl I əsrin birinci yarısınadək Naxçıvan Atropatena dövlətinin tərkibində olmuş, eramızın əvvəlində Albaniya dövləti tərkibində şəhər və vilayət olmuşdur. III əsrdən etibarən Naxçıvan Sasanilər dövlətinin tərkibində idi. İran-Bizans müharibəsi zamanı 625-ci ildə Bizans imperatoru İrakli Naxçıvanı yerlə yeksan etdi. Sonralar bərpa olunan şəhər 654-cü ildə ərəblərin əlinə keçdi. IX-X əsrlərdə Naxçıvan əvvəllər Sacilər, sonralar isə Salarilər dövlətinin tərkibinə daxil olmuşdur. 1021-ci ildə Naxçıvanı Bizans imperatoru II Vasilinin qoşunları işğal etdi, 1064-cü ildə isə şəhər Səlcuqların hakimiyyətini qəbul etdi. XII əsrin 30-70-ci illərində Naxçıvan Eldəgizlər dövlətinin paytaxtı olmuşdur. Bu dövrdə Naxçıvan şəhəri xeyli inkişaf etmişdi.

1221-ci ildə Naxçıvan monqolların hücumuna məruz qaldı, 1257-ci ildə Elxanilər dövlətinə qatıldı. 1386-cı ildə Naxçıvanı Qızıl Orda xanı Toxtamış, 1387-ci ildə isə Teymur xan işğal etdi. Naxçıvan 1412-ci ildən Qaraqoyunlular, 1468-ci ildən isə Ağqoyunlular dövlətinin tərkibində idi. 1501-ci ildə şəhər Səfəvilər tərəfindən tutuldu.

Naxçıvan şəhəri XVIII əsrdə təşəkkül tapan Naxçıvan xanlığının sənətkarlıq, ticarət və eyni zamanda siyasi mərkəzi olmuşdu. 1795-1797-ci illər Ağa Məhəmməd şah Qacarın hücumları zamanı Naxçıvan xeyli tənəzzül etdi. 1827-ci ildə Naxçıvanı çar Rusiyasının qoşunları işğal etdi. 1828-ci ildə Rusiya ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsinə əsasən Naxçıvan Rusiyaya birləşdirildi. 1841-ci ildə isə Naxçıvan şəhəri qəza mərkəzinə çevrildi.

1918-ci ildə Naxçıvan şəhəri bu dövrdə yaranmış və qısa müddət ərzində fəaliyyət göstərmiş Araz-Türk Respublikasının, 1920-1923-cü illərdə Naxçıvan SSR-in, 1923-1924-cü illərdə Naxçıvan Muxtar

Diyarının, 1924-1990-cı illərdə Naxçıvan MSSR-in paytaxtı olmuşdur. 1990-cı ildən isə Naxçıvan Muxtar Respublikasının paytaxtıdır. Naxçıvan şəhəri Azərbaycanın ən qədim maarif, elm və mədəniyyət mərkəzlərindən biridir. Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Lisey, 3 ali, 3 orta ixtisas, 19 ümumtəhsil məktəbi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Naxçıvan Dövlət Filarmoniyası, Naxçıvan Dövlət Şəkil Qalereyası, İlham Əliyev adına Olimpiya İdman Kompleksi, Üzgüçülük Mərkəzi, "Dinamo" İdman Cəmiyyətinin idman kompleksi və stadionu, Şahmat Məktəbi, 7 məktəbdənkənar və 9 məktəbəqədər tərbiyə müəssisələri, 8 kitabxana, Kitab evi, 4 klub müəssisəsi, 10 muzey, 6 musiqi məktəbi, Naxçıvan Turizm İnformasiya Mərkəzi, 3 mədəniyyət və istirahət parkı, "Gənclik" Mərkəzi, Diaqnostika Müalicə Mərkəzi, Doğum Mərkəzi, 3 xəstəxana, internet mərkəzi, ən müasir xidmət imkanlarına malik olan bank-maliyyə və mehmanxana infrastrukturları, dövlət orqanları və digər xidmət obyektləri vardır.

Tarixi və memarlıq abidələri haqda məlumat

Naxçıvan memarlıq məktəbi orta əsr Azərbaycan memarlıq məktəblərindən biri, XI əsrdən formalaşmağa başlamış orta əsr Azərbaycan memarlığının üslub xüsusiyyətlərini müəyyənləşdirmişdir. Naxçıvan şəhərinin Azərbaycan Atabəylərinin iqamətgahına çevrilməsi nəticəsində Naxçıvan memarlıq məktəbi yüksəliş dövrünə çatmış, Əcəminin fəaliyyəti ilə Yaxın Şərq memarlığında əhəmiyyətli rol oynamışdır. Bu dövrdə Naxçıvan memarlıq məktəbinin təsiri ilə Yaxın Şərq ölkələrində bir sıra memarlıq kompozisiyaları yaradılmışdır.

Naxçıvan memarlıq məktəbi dövrün ən mükəmməl inşaat quruluşlarının tətbiqi, binanın texniki quruluşu ilə onun bədii həllinin tektonikliyinə nail olması baxımdan ən yüksək səviyyəyə qalxmışdır. Naxçıvan memarlıq məktəbinə məxsus tikililər ümumi quruluşun abidəviliyi, ayrıntılarının zəifliyi, memarlıq bölgülərinin nikbinlik doğuran görkəmli, ornament bəzəklərinin oynaqlığı və riyazi dəqiqliyi ilə səciyyəvidir.

Mömünə xatun türbəsi - Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri, 1186-cı ildə Naxçıvan şəhərinin qərb hissəsində tikilmişdir. (Memarı Əcəmi Əbubəkir oğlu Naxçıvani). Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz arvadı Mömünə Xatunun qəbri üzərində məqbərə yaradılmasına qərar vermiş, onun tikintisini oğlu Məhəmməd Cahan Pəhləvan hicri 582-ci ilin məhərrəm ayında (aprel, 1186) başa çatdırmışdır. Abidənin baştağında kufi xətti ilə bu sözlər yazılmışdı: "Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar". Ümumi hündürlüyü 34 metr olmuş, sonralar 8 metr hündürlükdə xarici örtüyü dağılmışdır. Türbə yeraltı (sərdabə) və yerüstü hissələrdən ibarətdir. Sərdabə hissəsi 10 bucaqlıdır. Türbənin yerüstü hissəsi xaricdən 10 guşəli (bütün tərəfləri kufi kitabələrlə haşiyələnmişdir), daxildən isə dairəvidir. Türbə günbəzinin daxilində xəlifələrin adı yazılmış dörd dairəvi medalyon var. Bişmiş kərpicdən tikilmiş Mömünə Xatun türbəsinin bucaqları çıxıntı şəklində, sərtləri isə batıq formada həll edilmişdir. Türbənin bucaqlarındakı çıxıntılar kufi xətti ilə işlənmiş kitabələrlə örtülmüşdür. Türbə əvvəlki dövrlərə nisbətən mürəkkəb quruluşlu həndəsi ornamentlərlə kompozisiyaya daxil edilmiş firuzəyi kaşılarla daha da zənginləşdirilmişdir.

Türbə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qayğısı və himayəsi ilə əsaslı şəkildə restavrasiya olunmuşdur. (2003-cü il). Hüseyn Cavid məqbərəsi - Naxçıvanda böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin qəbri üzərində ucaldılmış möhtəşəm memarlıq xatirə kompleksi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə tikilmişdir. Məqbərə üst və aşağı - sərdabə hissələrindən ibarətdir. Hüseyn Cavidin ömür-gün yoldaşı Müşkünaz xanımın və oğlu Ərtoğrulun qəbirləri də sərdabədədir. (Hər iki qəbir 1996-cı ildə gətirilmişdir). Ədibin qızı Turan Cavid də bu məqbərədə dəfn edilmişdir. (2004-cü il). Abidə layihəsinin müəllifi əməkdar memar Rasim Əliyev, heykəltəraş Xalq rəssamı Ömər Eldarovdur. Türbənin açılışı Hüseyn Cavidin anadan olmasının 114 illiyi münasibəti ilə 1996-cı il oktyabrın 29-da olmuşdur.

İmamzadə kompleksi - Naxçıvan şəhərində, Azərbaycana yaxın sahədə memarlıq abidəsi. XVI-XVII əsrlərdə formalaşmışdı. Silindrik gövdənin səthi naxçıvanlı memar Əhməd ibn Əyyub əl-Nafiz Naxçıvaninin hələ III əsrdə tətbiq etdiyi üsulla üfüqi qırmızı bişmiş və şaquli bənövşəyi rəngli kaşılı kərpiclərlə düzülmüş kitabə ilə örtülmüşdür. Kompleks 1997-ci ildə əsaslı təmir edilmişdir.

İmamzadə türbəsi - Naxçıvan şəhərinin cənub-şərq hissəsində İmamzadə kompleksinə daxil olan memarlıq abidəsidir. Səkkiz bucaqlı "soğanvari" günbəzlə örtülmüş türbə-sərdabə bu sahənin keçmişdə əhəmiyyətli məqbərələr yerləşən ərazi olduğunu ehtimal etməyə əsas verir. Naxçıvan buzxanası - Azərbaycan Respublikasında ən böyük buzxanalardan biri, Naxçıvan şəhərində İmamzadə kompleksinin yaxınlığındadır. Düzbucaqlı formada olan buzxananın uzunluğu 20 metr, eni 9 metr, indiki halda 9,6 metrdir. Kərpicdən qurulmuş örtük konstruksiyasının mükəmməl həlli, naturada tikilməsi, bina örtüyünün uzununa, yüngül və dinamik konstruksiya sxemi tərzində yaradılması Naxçıvan buzxanasının səciyyəvi cəhətlərindəndir. Abidənin XII-XIII əsrdə tikildiyi güman edilir. Köhnəqala - Naxçıvan şəhərinin cənubunda, orta əsrlərə aid qala. Sasani hökmdarı III Yezdəgid (632-651/52) tərəfindən inşa edildiyi ehtimal olunur.

Yusif ibn Küseyr türbəsi - xalq arasında ata-baba türbəsi adlanır. Türbə 1162-ci ildə memar Əcəmi Naxçıvani tərəfindən inşa edilmişdir. Yusif ibn Küseyr burada dəfn olunub. Abidənin gövdəsindəki frizdə (haşiyə) kufi xətlə Qurandan ayələr yazılmışdır. Türbə yeraltı hissədən, səkkizbucaqlı yerüstü gövdədən ibarətdir. Səkkizüzlü türbənin çıxıntılı dayaqlar örtüyünün daxili günbəzi çatmatağ, xarici günbəzi isə piramida şəklindədir. Kompozisiya, tektonik aydınlığına, hissələrin mütənasibliyinə görə türbə yüksək bədii-memarlıq nümunəsidir.

İsmayılxan türbəsi - XVIII əsrə aid Azərbaycan memarlıq abidəsidir. Naxçıvan şəhərində Heydər Əliyev prospektində, Təbriz mehmanxanasının qarşısında yerləşir. Vaxtilə Naxçıvan şəhərinin içərisindən axan Bazar çayının yaxınlığında inşa edilmişdir. Şərq hamamları üslubunda tikilən bina giriş, xidmət zalı, çarhovuzlu çimərlik, xəzinə (su çəni) və ocaqxanadan ibarətdir.

Zaviyyə məscidi - Naxçıvan şəhərində tarixi-memarlıq abidə. Naxçıvan memarlıq məktəbinə aid edilən məscid XVII-XVIII əsrin zəngin inşaat ənənələrinin məhsulu olduğunu göstərir. Əsaslı təmir və bərpa edilmişdir. Naxçıvan Qadınlar Məclisi burada yerləşir.

Cümə məscidi - Naxçıvanda memarlıq abidəsi. XVIII-XIX əsrlərdə Hüseyn Təbrizi adlı şəxs tərəfindən tikilmişdir. Ümumi sahəsi təqribən 1000 kvadratmetrdir. Bir minarəlidir.

Televiziya, radio, qəzet və digər kütləvi informasiya vasitələri haqda məlumat

Naxçıvanda radio 1932-ci ildə qovşaq kimi fəaliyyət göstərmiş, 1936-cı ildən isə muxtar respublikanın ərazisində tam yayımlanmağa başlanmışdır.

Televiziya 1963-cü ildən müstəqil kanal kimi Muxtar Respublika ərazisində və ondan kənarda yayımlanır.

Naxçıvan şəhərində Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Radio-televiziya Ötürücüsü Mərkəzinin nəzdində isə «Kanal-35» televiziyası fəaliyyət göstərir.

2004-cü il iyulun 14-də yaradılmış «Kanal-35» televiziyası öz verilişlərini səkkiz saat elmi-publisist proqramla muxtar respublika ərazisinə yayımlayır.

2001-ci il sentyabr ayının 19-dan fəaliyyətə başlayan «Naxçıvanın səsi» radiosu 100.6 FM dalğasında on altı saat ərzində Muxtar Respublikanın bütün bölgələrində yayımlanır.

«Şərq qapısı» 1921-ci ildən ictimai-siyasi qəzet kimi dərc olunur. Təsisçisi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Nazirlər Kabinetidir. Naxçıvan şəhər İcra Hakimiyyətinin orqanı olan «Nuh yurdu» qəzeti 1996-cı ildən nəşr olunur. Qəzet öz növbəsində Naxçıvan şəhərinin ictimai-siyasi həyatında özünəməxsus rol oynayır.

Bundan başqa, Naxçıvan şəhərində Azərbaycan televiziyasının və radiosunun proqramları, “AZTV”, “İTV”, “ATV”, «Lider», «Space» və «ANS» televiziyaları, Türkiyənin “TRT 1” televiziyası da yayımlanır.

Azərbaycan Respublikasının mətbu orqanları Naxçıvan şəhərində abunəçilərə çatdırılır və yayılır.

Mənbələr: Naxçıvan Ensiklopediyası, I cild, Naxçıvan, 2005, Naxçıvan şəhəri məqaləsi.

Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri. Naxçıvan, 2008.

www.preslib.az

Babək rayonu

redaktə

Babək rayonu (1978-ci ilədək Naxçıvan rayonu) 1930-cu ildə təşkil olunmuşdur. Şimal-qərbdə Ermənistan Respublikası, cənubda İranla həmsərhəddir. Sahəsi 901,68 km2. Əhali 69,2 min nəfər (2008, 1 iyun). Rayonda 1 qəsəbə, 39 kənd var. Mərkəzi Babək (1978-ci ilədək Təzəkənd) qəsəbəsidir. Rayona Babək qəsəbəsi və Nehrəm, Çeşməbasar, Güznüt, Qoşadizə, Tumbul, Şəkərabad, Badaşqan, Yarımca, Qahab, Zeynəddin, Kərimbəyli, Kültəpə, Sirab, Qaraqala, Məzrə, Xalxal, Vayxır, Aşağı Buzqov, Yuxarı Buzqov, Gərməçataq, Payız, Gülşənabad, Cəhri, Nəzərabad, Didivar, Yuxarı Uzunoba, Xəlilli, Şıxmahmud, Qaraxanbəyli, Hacıniyyət, Araz, Nəcəfəlidizə, Naxışnərgiz, Qaraçuq, Bulqan, Məmmədrza Dizə, Kalbaoruc Dizə kəndləri daxildir.

Təbiət. Rayonun relyefi şimalda və cənub-şərqdə dağlıq ərazidən (Dərələyəz silsiləsinin cənub yamacı, Zəngəzur silsiləsindən ayrılmış qollar, ayrı-ayrı tirələr və yüksəkliklər), cənubda və cənub-qərbdə maili düzənliklərdən (Naxçıvan düzü, Böyükdüz və s.) ibarətdir. Ən yüksək zirvələri Keçəltəpə dağ (2740 m), Qaraquş dağ (2617 m), Buzqov dağ (2470 m) və s. Düzənliklərdə antropogen, dağlıq yerlərdə, əsasən, Neogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: daşduz tikinti materialları və s. Mineral bulaqlar (Sirab, Vayxır, Qahab və s.) var. İqlimi cənubda yayı quraq keçən yarımsəhra və quru çöl, şimalda yayı quraq keçən soyuq tipdir. Yayı isti, qışı soyuq keçir. Orta temperatur yanvarda -3°C-dən -10°C-yədək, iyulda 28-15°C, mütləq maksimal temperatur 43°C, mütləq minimum temperatur -30°C-dir. İllik yağıntı 200-600 mm. Əsas çayları inzibati ərazini yarıya bölən Naxçıvançay və onun qolu Cəhriçaydır; suvarmada mühüm rol oynayırlar. Araz çayı rayonun İranla sərhədindən axır. Su anbarlan (Araz su qovşağının su anbarı, Uzunoba, Nehrəm, Sirab və s.), suvarma kanalları var. Boz və çəmən-boz, şimalda, əsasən, dağ-şabalıdı torpaqlar yayılmışdır. Yarımsəhra və səhra, dağlıq kserofit bitki örtüyü inkişaf etmişdir. Heyvanları: canavar, tülkü, ərəbdovşanı, kirpi, kələz, Radde gürzəsi, əqrəb, büvə; quşlardan dovdaq, Xəzər uları və s. Araz su qovşağının su anbarında çoxlu balıq var.

Əhali. Rayonun əhalisi 69,2 min nəfərdir (2008, 1 iyun). Rayonun əhalisi 1980-ci illə müqayisədə 20,4 min nəfər və ya 44,8 % artmışdır. Orta sıxlıq 1 km2-də 68 nəfərdir. İri yaşayış məntəqələri Nehrəm və Cəhri kəndləridir.

Təsərrüfat. Son illər aparılan quruculuq tədbirləri nəticəsində Babək rayonunda sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində böyük irəliləyişlərə nail olunmuşdur. Rayon mərkəzində və kənd yaşayış məskənlərində yeni inzibati və ictimai obyektlər tikilmişdir. Nehrəm və Cəhri kəndlərinin mərkəzi meydanları abadlaşdırılmış, asfalt örtük salınmış, Zeynəddin və Qahab kəndlərində yeni körpülər inşa edilmiş, bəzi kəndlərdə körpülər əsaslı surətdə təmir olunmuşdur. Rayonun Cəhri, Buzqov, Payız və digər kəndlərinin elektrik təchizatı üçün stansiya və yarımstansiyalar tikilmiş, əksər kəndlərə güclü transformatorlar qoyulmuş, quraqlığın qarşısını almaq üçün su mənbələri yaradılmışdır. Blokada şəraitində dayanmış müəssisələrin işə salınması sahəsində işlər görülmüş, Sirab mineral su zavodu işə başlamış, özəl müəssisələr yaradılmışdır. 1994-cü ildən aqrar islahatlar keçirilmiş, əhali torpaq payları ilə təmin olunmuşdur. 1991-2001-ci illərdə torpaqların suvarılmasını yaxşılaşdırmaq üçün Vayxır su qovşağının 1-ci növbəsi istifadəyə verilmişdir (1999). Qahab və Sirab kəndlərində yeni nasos stansiyaları quraşdırılmış, Cəhriyə 5 və 7 km-lik iki suvarma xətti, Qaraçuq və Tumbul kəndlərinə suvarma kanalları çəkilmiş, Nehrəmə gələn suvarma su xətləri yenidən uzadılmış, bir sıra nasos stansiyası və suvarma kanalı ("Cəhri-2", Qızılburun, Nehrəm, Uzunoba, Qoşa Dizə, Hacıvar və s. stansiyalar; Qaraçuq-Nehrəm kanalı) inşa və bərpa edilmişdir (1999-2001).

Babək rayonunda 34533 ha kənd təsərrüfatına yararlı torpaq var. Rayonun iqtisadiyyatında üzümçülük, taxılçılıq, bostançılıq, tərəvəzçilik mühüm yer tutur. 2004-cü ildə heyvandarlıq məhsulları üzrə də uğurlar əldə edilmişdir. 1970-ci illə müqayisədə ət istehsalı 6,5 dəfə, süd istehsalı 8,2 dəfə, yun istehsalı 3,2 dəfə, yumurta istehsalı 95,0 dəfə artmışdır. Naxçıvan MR-də istehsal olunan ətin 17,8%-i, südün 16,5%-i, yunun 21,1%-i, yumurtanın 19,9%-i Babək rayonunun payına düşür. Muxtar respublikadakı qaramalın 14,7%-i, o cümlədən inək və camışların 15,7%-i, xırda buynuzlu heyvanların 21,1%-i Babək rayonun payına düşür (2004).

Babək rayonunda daş emalı, üzüm emalı və yeyinti məhsulları müəssisələri fəaliyyət göstərir. Bakı-İrəvan dəmir yolu, Ordubad-Naxçıvan-İrəvan və Yevlax-Laçın-Naxçıvan avtomobil yolları, Yevlax-Naxçıvan qaz kəməri rayonun ərazisindən keçirdi; Ermənistanın təcavüzkar siyasəti nəticəsində 1992-ci ildən işləmir.

Tarixi-arxeoloji və memarlıq abidələri. Babək bölgəsinin təbii-coğrafi mövqeyi əkinçi-maldar tayfaların bu ərazidə qədim dövrlərdən məskunlaşmasına və uzun müddət yaşamasına şərait yaratmışdır. Təsadüfi deyil ki, I Kültəpə və II Kültəpə kimi dünya miqyaslı abidələr məhz bu ərazidədir. Burada yaşamış qədim tayfalara məxsus zəngin mədəniyyət, arxeoloji abidələrdə qorunub saxlanmışdır. Naxçıvan ərazisində elmə məlum olan ilk arxeoloji tapıntılar 1870-ci ildə Babək rayonu bölgəsində qeydə alınmışdır. 1895-ci ildə Qızılburun adlı yerdən tapılmış boyalı qablar alimlərdə böyük maraq doğurmuş və Naxçıvana arxeoloji ekspedisiyalar təşkil edilmişdir. Babək rayonu ərazisində elmi əhəmiyyətə malik Eneolit, Tunc, Dəmir dövrlərinə və Antik dövrə aid arxeoloji abidələr, qədim duzdağ yatağı, həmçinin orta əsrlərə aid yaşayış yerləri, nekropollar, maddi mədəniyyət qalıqları, Çalxanqala, Vayxır, Abbasabad qalaları və onlarla digər arxeoloji, tarixi, memarlıq abidəsi, zəngin materiallar aşkara çıxarılmış və tədqiq edilmişdir.

Mədəni quruculuq və səhiyyə. Babək rayonunda təhsilin, səhiyyənin, mədəniyyətin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Rayonun Nehrəm kəndində 604 yerlik, Kültəpədə 320 yerlik, Yarımcada 378 yerlik, Uzunobada 324 yerlik məktəb binaları tikilmiş, Qahab və Güznüt kəndlərindəki orta məktəb binaları əsaslı təmir olunmuşdur. 39 ümumtəhsil məktəbində 12440 şagird təhsil alır, 2 daimi məktəbəqədər müəssisədə 140 uşaq tərbiyə olunur (2005). Rayonda 32 klub və mədəniyyət evi, 2 muzey, 41 kitabxana, 5 musiqi məktəbi fəaliyyət göstərir (2005). Babək Rayon İcra hakimiyyətinin orqanı "Şərqin səhəri" qəzeti nəşr olunur.

Rayonda 38 ümumtəhsil məktəbi, 6 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 41 kitabxana, 32 klub müəssisəsi, 2 muzey, 5 uşaq musiqi məktəbi, mərkəzi xəstəxana, doğum evi, 2 sahə xəstəxanası, 16 həkim ambulatoriyası, 14 feldşer-mama məntəqəsi, 4 feldşer məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. təşkilatlar fəaliyyət göstərir.

Mənbələr: Naxçıvan Ensiklopediyası, I cild, Naxçıvan, 2005, Babək rayonu məqaləsi.

Naxçıvan Muxtar Respublikasının Babək rayonu. Naxçıvan, 2008.

Culfa rayonu

redaktə

Culfa rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. Şimal-şərqdə Ermənistan, cənubda İranla həmsərhəddir. Ərazisi 994,4 km2. Rayonda 1 şəhər, 24 kənd vardır. Mərkəzi Culfa şəhəridir.

Rayona Culfa şəhəri və Yaycı, Dizə, Şurud, Gal, Ərəzin, Kırna, Qızılca, Əbrəqunus, Bənəniyar, Saltaq, Göydərə, Xanəgah, Əlincə, Xoşkeşin, Qazançı, Milax, Teyvaz, Ərəfsə, Ləkətağ, Boyəhməd, Nəhəcir, Göynük, Gülüstan, Camaldın kəndləri daxildir.

Təbiət. Rayonun Ermənistan ilə sərhədi boyu Zəngəzur silsiləsinin yal hissəsi uzanır. Silsilə Araz çayına doğru alçalaraq Arazboyu düzənliklərə (Culfa düzənliyi və s.) keçir. Rayonun ən yüksək nöqtəsi Ermənistan Respublikası ilə Ordubad rayonu arasındakı sərhəd xətlərinin kəsişdiyi yerdə olan Dəmirlidağdır (3364 m). Tabaşir-Neogen çöküntüləri geniş yayılmışdır. Faydalı qazıntıları: mərgmüş filizləri, gips, gəc və s. Mineral sular (Darıdağ, Nəhəcir və s.) çıxır. Ərazinin çox hissəsində yayı quraq və isti keçir. Arazboyu ərazidə yayı quru isti, qışı soyuq keçən yarımsəhra və quru çöl iqlimi hakimdir. Orta temperatur yanvarda -10-dan -3°C-yə qədər, iyulda 19-28°C-dir. İllik yağıntı 200-600 mm. Çayları (Əlincə, Qaradərə və s.) Araz hövzəsinə aiddir. Su an-barları yaradılmışdır. Əsasən, dağ-çəmən, qəhvəyi dağ-meşə, dağ-şabalıdı, boz, çəmən-boz, allüvial-çəmən torpaqları yayılmışdır. Arazboyu düzənlikdə və alçaq dağlıq sahələrdə səhra və yarımsəhra, orta dağlıqda isə dağ-kserofit bitkiləri, yüksək dağlıq sahədə dağ çölləri, subalp çəmənləri var. Enliyarpaqlı dağ meşələrinə (palıd, fıstıq, vələs) rast gəlinir. Heyvanları: muflon, qayakeçisi, canavar, tülkü, boz dovşan, ular və s.

Əhali. Rayonun əhalisi 39,9 min nəfərdir. Rayonun əhalisi 1980-ci illə müqayisədə təqribən 13177 nəfər, yaxud 52,4% artmışdır. Orta sıxlıq 1 km2-də 39 nəfərdir. İri yaşayış məntəqələri Culfa şəhəri, Yaycı, Əbrəqunus və Bənəniyar kəndləridir.

Təsərrüfat. Culfa rayonu, əsasən, üzümçülük və heyvandarlıq rayonudur. Kənd təsərrüfatına yararlı torpaqlar təqribən 29,8 min ha-dır (2004). Suvarılan torpaqlar 5,2 min ha-dır. Dənli və dənli-paxlalı bitkilər, yem bitkiləri və s. əkilir. 332 ha üzümlük var. Meyvə yetişdirilir. Muxtar respublikadakı qaramalın 13,0%-i, o cümlədən inək və camışların 11,7%-i, davarın 15,3%-i Culfa rayonunun payına düşür (2004).

Mədən sənayesi, karbon qazı zavodu, gəc sexi, kənd təsərrüfatı texnikası təmiri müəssisəsi və s. var. 1970-ci ildə muxtar respublikada sənaye məhsulunun 4,5%-i, 1980-ci ildə 6,1%-i, 1990-cı ildə isə cəmi 3,0%-i Culfa rayonun müəssisələrində istehsal edilmişdirsə, 2004-cü ildə bu rəqəm 5,6% olmuşdur. 2004-cü ildə muxtar respublikadakı kapital qoyuluşunun 4,0 %-i, istifadəyə verilmiş əsas fondların 3,1%-i, cəmi əmtəə dövriyyəsinin 8,8%-i, əhaliyə göstərilən pullu xidmətlərin 7,8%-i Culfa rayonun payına düşmüşdür. Bakı-Yerevan dəmir yolu [Culfadan Təbrizə xətt ayrılır], Ordubad-Naxçıvan avtomobil yolu Culfa rayonundan keçir. Ermənistanın təcavüzü nəticəsində dəmir yolu və nəqliyyat əlaqələri pozulmuşdur.

Tarixi-arxeoloji abidələr və memarlıq. Culfa rayonu ərazisində aparılan arxeoloji tədqiqat işləri nəticəsində e.ə. III minilliyin ortalarından başlayaraq son orta əsrlərədək xeyli abidə qeydə alınmışdır. Tapıntılar bölgənin qədim sakinlərinin əkinçilik, maldarlıq, ovçuluqla məşğul olduğunu göstərir. E.ə. III-II minilliklərdə bu ərazidə (Ərəfsə, Bənəniyar, Göydərə və s.) boyalı qablar mədəniyyəti, e. ə. II minilliyin sonu - I minilliyin əvvəllərində Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti yayılmışdı (Boyəhməd, Ağsal, Ləkətağ, Nəhəcir, Culfa və s.). Əlçatmaz qayaların zirvələrində inşa edilmiş və möhtəşəm qala divarları ilə əhatələnmiş Qazançı qalası e. ə. III-I minilliklər boyu yadelli işğalçılara qarşı mübarizə meydanı olmuşdur. Tədqiqatlar zamanı Boyəhməd nekropolunda kəllənin və skeletin müəyyən hissələrinin ayrıca qoyulmasına, Camaldin antik nekropolunda qəbirə balıqqulağı qoyulması adətinə təsadüf edilmişdir. Milax kəndi yaxınlığındakı Zoğallı abidəsindən VI-VII əsrlərə aid orijinal tunc qrifon tapılmışdır.

Memarlıq abidələrindən Gülüstan kəndində türbə (Gülüstan türbəsi), karvansara (13 əsr), kəndin yaxınlığında, Araz çayı üzərində körpü (13 əsr), Xanəgah kəndində Əlincəqala (12-13 əsrlər), Əlincəçay xanəgahı (XII-ci əsrin sonu – XIII-cü əsrin əvvəlləri), Qazançı kəndində körpü (1551), hamam (XVII-ci əsr), məscid (XIX-cu əsr) orta əsrlərə aid qala divarları, bürclər və s. mühafizə olunmuş, yenidənqurma və bərpa işləri aparılmışdır.

Mədəni quruculuq və səhiyyə. Rayonda 27 ümumtəhsil məktəbi, peşə məktəbi, 6 məktəbdənkənar, 2 məktəbəqədər tərbiyə müəssisəsi, 30 kitabxana, 37 klub müəssisəsi, 1 muzey, 2 uşaq musiqi məktəbi, "Əlincə" kinoteatrı, mərkəzi xəstəxana, 1 sahə xəstəxanası, 15 həkim ambulatoriyası, 8 feldşer-mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. təşkilatlar fəaliyyət göstərir.

Mənbə: Naxçıvan Ensiklopediyası, I cild, Naxçıvan, 2005, Babək rayonu məqaləsi.

Naxçıvan Muxtar Respublikasının Babək rayonu. Naxçıvan, 2008.

Kəngərli rayonu

redaktə

Kəngərli rayonu 2004-cü il martın 19-da təşkil olunmuşdur. Naxçıvan Muxtar Respublikasının Babək və Şərur rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək yaradılmışdır. Ərazisi şimal-şərqdə Ermənistan Respublikası, cənub və cənub-qərbdə İranla həmsərhəddir. Ərazisi 681,94 km2-dir. Rayonda 1 qəsəbə, 10 kənd vardır. Mərkəzi Qıvraq qəsəbəsidir.

Rayona Qıvraq qəsəbəsi və Qarabağlar, Qabıllı, Şahtaxtı, Yurdçu, Xok, Çalxanqala, Yeni Kərki, Xıncab, Təzəkənd, Böyükdüz kəndləri daxildir. Təbiət. Rayon şimal və şimal-şərqdən Dərələyəz silsiləsinin qolları ilə əhatələnərək cənubdan Araz çayına doğru istiqamətlənir. Ərazidə Keçəltəpə (2744 m), Qaraquş (2600 m), Anabadgədik (2081 m), Qabıllı (1125 m), Xok (1063 m), Tənənəmdağ (1007 m), Tazıuçan (935 m), Binadüzü (885 m) dağları Dərələyəz silsiləsinin rayon ərazisində ən yüksək zirvələridir. Rayonda öz başlanğıcını Keçəltəpə, Qaraquş və Anabadgədik dağlarından götürən Lizbirtçay çox da geniş ərazi tutmayaraq Naxçıvançayın qolu olan Cəhriçaya tökülür. Çayların demək olar ki, əksəriyyəti yay aylarında axmazlara çevrilir. Suvarma işi kəhrizlər, Şərqi Arpaçay kanalı və Araz çayı üzərində qurulan nasoslar vasitəsilə həyata keçirilir. Boz, çəmənboz, qəhvəyi dağ-meşə torpaqları, Arazboyu maili düzənlik ərazilərdə (Böyükdüz) isə şoran, şorakətli-boz, boz-qonur torpaqlar vardır. Salaxan meşə-kolluq ərazisi təbii abidə və yay otlaqları, Böyükdüzün mərkəz və cənub hissələri isə qış otlaqları kimi qiymətləndirilir. Burada və ona yaxın ərazilərdə bezoar keçisi, muflon, qonur ayı, gözəl kəklik, berkut, Xəzər uları, ilancıl qartal və s. heyvanlar yaşayır. Böyükdüz ərazisində isə doydaq və bala doydaq köçmə zamanı müşahidə olunur. Vaxtilə Keçəltəpə dağında bəbirə də rast gəlinirdi, lakin son onilliklərdə müşahidə edilmir. Bu zonada zəhərli ilanlar (Cənubi Qafqaz və çöl gürzəsi) da digər rayonlara nisbətən çoxsaylıdır. Bitki örtüyü əsasən az miqdarda meşə-kol, dağ kserofit, yarımsəhra və səhra bitkiliyindən ibarətdir. Ərazidə Qaraquş zəngçiçəyi, darləçək qlobulariya, Turnefor felipeyası, Yuliya və Florenski tülpanları, qozbel burunçiçəyi, Atropaten dazısı, ağıriyli ardıc, yumurtavari və Soviç ilankölgəsi və s. nadir, endemik və relikt bitkilər yayılmışdır.

Əhali. Rayonun əhalisi 26,7 min nəfərdir (01.07.2008) Orta sıxlıq 1 km2-ə 37 nəfər düşür. Rayonun iri yaşayış məntəqələri Qıvraq qəsəbəsi, Qarabağlar, Xok və Şahtaxtı kəndləridir.

Təsərrüfat. Kəngərli rayonu əsasən kənd təsərrüfatı rayonudur. Muxtar respublikada istehsal edilmiş kənd təsərrüfatı məhsullarının 9,1%-i taxıl, 8,1%-i kartof, 4,8%-i tərəvəz, 6,6%-i bostan, 4,4%-i şəkər çuğunduru, 5,9%-i üzüm, 10,7%-i ət, 11,1%-i süd, 13,5%-i yumurta, 15,5% yun Kəngərli rayonunun payına düşür. Muxtar respublikadakı qaramalın 7,9%-i, inək və camışların 10%-i, xırdabuynuzlu heyvanların 14,7%-i Kəngərli rayonunun payına düşür.

Tarixi-arxeoloji abidələr və memarlıq. Kəngərli rayonu ərazisində qədim insanların əmək fəaliyyətini və həyat tərzini əks etdirən maddi mədəniyyət qalıqları ilə zəngin xeyli arxeoloji abidə var. Bu abidələr qədim yaşayış yerləri, qalalar, qəbiristanlıqlar, kurqanlar və tarixi-memarlıq abidələrindən ibarətdir. Son Tunc və ilk Dəmir dövrlərinə aid Qalacıq yaşayış yeri, şimalında orta və son Tunc dövrünə aid I Qarabağlar qəbiristanı, Qarabağlar Govurqalası, cənubda Son Tunc və ilk Dəmir dövrlərinə aid II Qarabağlar qəbiristanı, Çalxanqalada Tunc dövrünə aid qala və son Tunc dövrünə aid yaşayış yeri, indiki Şahtaxtı kəndindən şimal-qərbdə Tunc, ilk dəmir dövrlərinə aid şəhər yeri, son Tunc, ilk Dəmir dövrlərinə aid Şahtaxtı Govurqalası, I və II Şahtaxtı nekropolları bu ərazinin insanların ən qədim yaşayış yerləri olduğunu sübut edir. 80-ci illərdə indiki Yurdçu kəndinin cənub-qərbində ilk Dəmir dövrünə aid yaşayış yeri, qərbində antik dövr kurqanları, Tunc və ilk Dəmir dövrlərinə aid Yurdçu nekropolu, kəndin şimal-qərbində Dəmir dövrünə aid sərdabə aşkar edilmişdir. Yurdçu kəndinin ərazisində müxtəlif dövrlərə aid gümüş və mis sikkə dəfinəsi tapılmışdır. Bu sikkələr Bizans imperatoru I Yuanın (969-976), Səlcuq sultanlarından II Toğrulun, Məsudun, Arslan şahın, Atabəylər hökmdarlarının adlarına aiddir.

Orta əsrlərə aid Qarabağlar memarlıq kompleksi Azərbaycan memarlıq abidələri içərisində mühüm yer tutur. Memarlıq kompleksi 2 qoşa minarədən, 16 m hündürlükdə olan kərpic türbədən ibarətdir. Qoşa minarənin arasında dini bina qalıqları da vardır. Qoşa minarənin 12 əsrin sonu və 13 əsrin əvvəllərində tikildiyi ehtimal olunur. Minarələri bir-birinə bağlayan baştağ isə 14 əsrə aiddir. baş tağın üzərində Elxani hökmdarı Hülaku xanın arvadı Quti xatunun adı yazıldığından, onun Quti xatunun şərəfinə tikildiyi güman edilir. Qarabağlar türbə kompleksi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tövsiyəsi ilə ümumdünya bankının ayırdığı vəsait hesabına təmir edilmişdir (2004).

Mədəni-quruculuq və səhiyyə. Rayonda 13 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar tərbiyə müəssisəsi, 12 kitabxana, 13 klub müəssisəsi, 1 muzey, 2 uşaq musiqi məktəbi, mərkəzi xəstəxana, sahə xəstəxanası, 4 həkim ambulatoriyası, 5 feldşer-mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. fəaliyyət göstərir.

Mənbə: Naxçıvan Ensiklopediyası, I cild, Naxçıvan, 2005, Kəngərli rayonu məqaləsi. Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu. Naxçıvan, 2008.

Ordubad rayonu

redaktə

Ordubad rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 1963-cü ildə ləğv edilərək ərazisi Culfa rayonu ilə birləşdirilmişdi, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Cənubda İran, şimalda və şərqdə Ermənistanla həmsərhəddir. Sahəsi 972,05 km2. Rayonda 1 şəhər, 3 qəsəbə, 43 kənd mövcuddur. Mərkəzi Ordubad şəhəridir.

Rayona Ordubad şəhəri, Şəhriyar, Parağaçay, Ağdərə qəsəbələri və Kotam, Kilit, Gənzə, Anabad, Yuxarı Əylis, Aşağı Əylis, Nüsnüs, Aşağı Əndəmic, Yuxarı Əndəmic, Dəstə, Vənənd, Xanağa, Başkənd, Ağrı, Vələver, Qoruqlar, Dizə, Dırnıs, Anaqud, Unus, Pəzməri, Kələki, Aza, Azadkənd, Darkənd, Sabirkənd, Başdizə, Kələntərdizə, Qoşadizə, Düylün, Üstüpü, Çənnəb, Məzrə, Biləv, Behrud, Tivi, Bist, Nəsirvaz, Ələhi, Xurs, Nürgüt, Gilançay, Parağa kəndləri daxildir.

Təbiət. Rayonun səthi, əsasən, dağlıqdır. Ərazinin çox hissəsini Zəngəzur silsiləsinin cənub-qərb yamacı və Araz çayına doğru ayrılan qolları tutur. Naxçıvan MR-in ən yüksək nöqtəsi olan Qapıcıq dağ (3904 m) buradadır. Araz çayı boyu Arazboyu düzənliklər (Ordubad düzənliyi və s.) uzanır. Rayonda Tabaşir-Antropogen çöküntüləri geniş yayılmışdır. Faydalı qazıntıları: polimetallar, molibden və mis filizləri, tikinti materialları və s.

Yayı quraq keçən soyuq iqlimi var. Orta temperatur yanvarda -3-dən -10°C-dək, iyulda 10-25°C-dir. İllik yağıntı 300-800 mm. Ən böyük çayları: Gilan, Vənənd, Ordubad və s. İranla sərhəd boyu Araz çayı axır. Boz çəmən-boz, allüvial-çəmən, dağ-meşə, çimli dağ-çəmən torpaqları yayılmışdır. Arazboyu düzənliklər və qismən alçaq dağlıq sahələr (600-1200 m) səhra və yarımsəhra kserofit bitkiləri, yüksək dağlıq sahələr subalp və alp çəmənləri ilə örtülüdür. Bəbir, Cənubi Qafqaz qaya keçisi, daşlıq dələsi, boz kəklik, ula və s. var. Yasaqlıq (Ordubad yasaqlığı) yaradılmışdır. Əhali. Rayonun əhalisi 43,7 min nəfərdir (01.06.2008). Rayonun əhalisi 1980-ci illə (31,3 min nəfər) müqayisədə 11,4 min nəfər, yaxud 36,4% artmışdır. Orta sıxlıq 1 km2-də 44 nəfərdir. İri yaşayış məntəqələri Ordubad şəhəri, Vənənd, Dəstə və Yuxarı Əylis kəndləridir. Təsərrüfat. Ordubad rayonu, əsasən, kənd təsərrüfat rayonudur. Kənd təsərrüfatında meyvəçilik və maldarlıq mühüm yer tutur. Kənd təsərrüfatına yararlı torpaqlar 19,2 min ha-dır. Suvarılan torpaqlar 4,7 min ha-dır. Dənli və dənli-paxlalı bitkilər (buğda, arpa və s.), tərəvəz-bostan bitkiləri və kartof, yem bitkiləri əkilir. Ordubad rayonu respublikanın mühüm meyvəçilik (qoz, şaftalı və s.) rayonlarındandır. 1970-ci illə müqayisədə ət istehsalı 29,2 dəfə, süd istehsalı 9,4 dəfə, yun istehsalı 5,7 dəfə, yumurta istehsalı 39,4 dəfə artmışdır. Muxtar respublikada istehsal edilən ətin 7,9%-i, südün 6,9%-i, yunun 9,2%-i, yumurtanın 5,8%-i Ordubad rayonunun payına düşür (2004). Ordubad rayonunda 1970-ci ildəkinə nisbətən inək və camışların sayı 733 baş, yaxud 27,8%, xırda buynuzlu heyvanların sayı 14777 baş, yaxud 46,3% artmışdır. Muxtar respublikadakı qaramalın 7,5%-i, xırda buynuzlu heyvanların isə 9,2%-i Ordubad rayonunun payına düşür (2004). 1999-cu ildə Ordubad rayonu üzrə aqrar islahatlar başa çatdırılmış, əhali torpaq payları ilə təmin olunmuşdur. Özəl torpaqları suvarmaq üçün su xətləri yenidən qurulmuşdur. Sənayesi Parağaçay filiz mədəni, aqrar-sənaye birliyinin konserv zavodu, ipək kombinatı, qənnadı və tikinti materialları sexləri, elektrik şəbəkəsindən ibarətdir. 1970-ci ildə muxtar respublika sənaye məhsullarının 7,3%-i, 1980-ci ildə 10%-i, 1990-cı ildə 10,4%-i Ordubad rayonunun sənaye müəssisələrində istehsal edilirdisə, 2004-cü ildə bu rəqəm 6,6% olmuşdur. Bakı-Yerevan dəmir yolu Ordubad rayonu ərazisindən keçir; Naxçıvan MR-in Ermənistan tərəfindən blokadaya alınması nəticəsində hazırda işləmir.

Tarixi-arxeoloji abidələr və memarlıq. Naxçıvan diyarında qədim insanın məskunlaşdığı əsas bölgələrdən biri olan Ordubad rayonu ərazisi uzaq Daş dövründən başlayaraq son orta əsrlərə qədərki abidələrlə zəngindir. Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqində, Qapıcıq (Gəmiqaya) dağının cənub-şərq yamacındakı Qaranquş yaylağı ərazisi Eneolit, Tunc və ilk Dəmir dövrlərində Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri idi. Elə həmin dövrlərdən burada iri qaya parçaları üzərində heyvan rəsmləri, ov və rəqs səhnələri, müxtəlif işarələr və damğalar həkk olunmuşdur. Gəmiqayada aşkar edilmiş (1968) qədim təsviri sənət nümunələri (bax Gəmiqaya rəsmləri) e. ə. 4-1-ci minilliklərdə Azərbaycan ərazisində yaşamış qədim əhalinin həyat tərzini, dünyagörüşü, adət-ənənələrini, dini-ideoloji və estetik təfəkkürünün inkişafını izləməyə imkan verir. Qaranquş yaylağında, Gilançay vadisində Naxçıvan tayfalarının qədim yurd yerləri, yaşayış məskənləri, nekropollar, ibadətgahlar vardır. Tədqiqatlar nəticəsində e. ə. 2-ci minillikdə Gilançay vadisinin Arazboyu düzənliklə qovuşduğu ərazidə əhalinin daha sıx məskunlaşdığı müəyyənləşdirilmişdir. Burada e. ə. 2-1-ci minilliklərə aid Sabirkənd, Plovdağ, Xarabagilan, Şomudərə, Xalı-Kaşan, Mərdangöl və s. maddi-mədəniyyət qalıqları ilə zəngin yaşayış yerləri və nekropollar mövcuddur. Bu ərazilər Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay və Gilançay vadilərində yaşamış qədim əkinçi-maldar tayfaların yaylaq yerləri olmuşdur. Ordubad rayonu ərazisində - Gilan, Biləv, Parağa, Tivi, Nəsirvaz, Xurs və s. kəndlərdə də Tunc, ilk Dəmir dövrlərinə, antik dövrə, həmçinin erkən orta əsrlərə aid maddi-mədəniyyət qalıqları izlənmişdir. Biləv kəndi yaxınlığında, Gilançayın sol sahilindəki əzəmətli kanyonun zirvəsində yerləşən abidə xalq arasında Babək qalası, Gəmiqayada Qaranquş yaylağındakı qəbiristanlıq isə babəkilərin qəbirləri kimi tanınır. Ordubad şəhərində orta əsrlərə aid Cümə məscidi, Qeysəriyyə, Eyvas türbəsi, Zorxana və s. tarixi memarlıq abidələri var. Bu abidələr memarlıq sənətinin, inşaat texnikasının müstəsna dəyərli nümunələri olmaqla yanaşı, həm də gözəl sənət əsərləridir. Dər kəndində türbə (14 əsr), Əylis kəndində Şah Abbas məscidi (16 əsr), Dəstə, Dırnıs, Gənzə, Vənənd kəndlərində məscidlər (18-19 əsrlər), orta əsrlərə aid Düylün, Aza, Malik İbrahim, Xanağa, Nüsnüs pirləri, Unus və Aşağı Əylis kəndlərimdə məbəd (hər ikisi 17 əsrə aiddir), Aza körpüsü (orta əsrlər) və s. mühafizə olunmuşdur. Rayon ərazisində mühüm elmi və tarixi əhəmiyyət kəsb edən nadir abidələr yenidənqurma və tikinti işləri nəticəsində əsaslı surətdə təmir və bərpa edilmişdir.

Mədəni quruculuq və səhiyyə. Rayonda 39 ümumtəhsil məktəbi, peşə məktəbi, 5 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 47 kitabxana, 42 klub müəssisəsi, 3 muzey, məşhur "Gəmiqaya" tarixi abidələr kompleksi, Həsən Əliyev adına Milli Park, Ordubad Tarix-Memarlıq qoruğu, 2 uşaq musiqi məktəbi, "Araz" kinoteatrı, mərkəzi xəstəxana, 4 sahə xəstəxanası, 7 həkim ambulatoriyası, 17 feldşer-mama məntəqəsi, 14 tibb məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və başqa təşkilatlar əhaliyə xidmət göstərir. Ermənistanın işğalı nəticəsində dağıdılmış mədəni abidələr haqda məlumat 1990-1992-ci illərdə Ermənistanın işğalçılığı nəticəsində Ordubad rayonunun Kilit kəndi Ermənistanın Mehri rayonu ərazisindən top atəşinə tutularkən 35 yaşayış evi və çoxlu yardımçı binalar, məktəb, mağaza, məscid və bir neçə tarixi abidə dağılmışdır. Mənbə: Naxçıvan Ensiklopediyası, II cild, Naxçıvan, 2005, Ordubad rayonu məqaləsi. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu. Naxçıvan, 2008.

Sədərək rayonu

redaktə

Sədərək rayonu sərhəd bölgəsinin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləndirmək, həmçinin ərazinin geostrateji mövqeyi nəzərə alınaraq 1990-cı il avqustun 28-də Azərbaycan SSR Ali Sovetinin fərmanı əsasında yaradılmışdır. Cənub-qərbdən Türkiyə ilə 11 km, şimal-qərbdən Ermənistanla 24 km məsafədə həmsərhəddir. Sahəsi 151,34 km2-dir. Mərkəzi Heydərabad qəsəbəsidir. Rayonda 1 qəsəbə və 3 kənd yaşayış məntəqəsi var. Təbiət. Səthi şimalda və şərqdə dağlıq, Arazboyu hissədə bir-birindən tirə və yüksəkliklərlə ayrılan maili düzənlikdən (bax Sədərək düzü) ibarətdir. Cənub-şərqdə Dəhnə və Vəlidağ yüksəklikləri vasitəsilə Şərur düzündən ayrılır. Şimal-qərbdən isə Sarıbulaq dağlarının cənub-şərq ətəkləri ilə sərhədlənib Ağrı düzü ilə birləşir. Ucubiz, Əjdəkan, Tejkar, Vəlidağ və Saraclı dağları ilə əhatələnmişdir. Düzənlikdə başıaşağı olaraq allüvial və allüvial-prolüvial, dağlıq hissədə, xüsusilə mütləq yüksəkliyi 1100-1200 m-ə çatan Vəlidağda Devon, qismən Təbaşir çöküntüləri yayılmışdır. Ərazidə gil, mərmərləşmiş əhəngdaşı yataq və təzahürləri, mineral su yataqları var. Quru kontinental iqlimə malikdir. Yayı isti, qışı soyuq olur. Ərazisindən Qaraçay, Çapan çayı və Türkiyə sərhədi boyunca Araz çayı axır. Ərazidə, əsasən, boz torpaqlar yayılmışdır. Sədərək düzünün Arazyanı hissəsində yeraltı sular səthə yaxın olduğundan çəmən-ot bitkiləri yaxşı inkişaf etmişdir.

Əhali. Rayonun əhalisi 13,6 min nəfərdir (1 iyun 2008). Orta sıxlıq 1 km2-də 86 nəfərdir. Yaşayış məntəqələri Heydərabad qəsəbəsi, Sədərək, Qaraağac və Kərki (19-20 yanvar 1990 ildə erməni-rus silahlı qüvvələri tərəfindən işğal olunmuşdur) kəndləridir.

Təsərrüfat. Sədərək rayonunun sosial infrastrukturunun möhkəmləndirilməsi, əhalinin güzəranının yaxşılaşdırılması, sərhəd bölgəsinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi və gücləndirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Rayon mərkəzində və kənd yaşayış məskənlərində yeni inzibati və ictimai obyektlər inşa edilmiş, bərpa, tikinti-quruculuq və abadlıq işləri aparılmışdır. Yeni yaşayış qəsəbəsi salınmış, Araz çayı üzərində Türkiyə ilə Azərbaycanı birləşdirən Sədərək-Dilucu körpüsü ("Ümid körpüsü") tikilmişdir. Heydərabad qəsəbəsində ermənilər tərəfindən dağıdılan 100-ə yaxın yaşayış binası təmir olunmuş, su, elektrik və rabitə xətləri bərpa edilmiş, 35/10 kvt-lıq yarımstansiya quraşdırılmışdır. Türkiyənin Aralıq bölgəsindən Sədərəyə 35 kvt-lıq fasiləsiz elektrik xətti çəkilmişdir. Elektrik enerjisi ilə təmin olunması sahəsində xeyli işlər görülmüşdür. Rayonun suvarma sistemləri tamamilə yeniləşdirilmiş və yaxşılaşdırılmışdır. "Bulaqbaşı" kəhrizi əsaslı şəkildə təmir olunaraq Sədərək rayonuna 5 km məsafədən yeni içməli su xətti çəkilmiş, 7 subartezian quyusu qazılmış, su kəmərləri təmir olunmuş, ərazidə 15 bulaq-abidə tikilib istifadəyə verilmişdir. 4 pilləli nasos stansiyasında yenidənqurma işləri aparılmışdır. Əsası 1992-ci ildə qoyulmuş aqrar islahatların aparılması 1996-cı ildən etibarən daha da sürətləndirilmiş, 1999-cu ildə Sədərək rayonu üzrə tamamilə başa çatdırılaraq, əhali torpaq payları ilə təmin olunmuşdur. Kənd təsərrüfat məhsulu istehsalının həcmini və məhsuldarlığını yüksəltmək üçün özəl təsərrüfatların inkişaf etdirilməsi istiqamətində fermerlərə, torpaq mülkiyyətçilərinə xeyli güzəştlər edilmişdir. Hazırda rayon ərazisində BMT-nin İnkişaf Proqramının və İslam İnkişaf Bankının vəsaiti hesabına bir sıra işlər görülmüş və həyata keçirilməsi planlaşdırılmışdır.

Rayon iqtisadiyyatının əsasını üzümçülük, taxılçılıq və heyvandarlıq təşkil edir. Rayonda sənaye müəssisələrindən 2 şərab emalı zavodu, Naxçıvan Tikiş Fabrikinin filialı var. 2004-cü ildə muxtar respublika sənaye məhsulunun 3,0 %-ə qədəri Sədərək rayonunun sənaye müəssisələrində istehsal olunmuşdur. Bakı-Yerevan dəmir yolu (Naxçıvanın ermənilər tərəfindən blokadaya alınması səbəbindən işləmir), Naxçıvan-Türkiyə avtomobil yolu rayonun ərazisindən keçir. Sədərək gömrükxanası fəaliyyət göstərir.

Rayonda təbii su mənbəyi olmadığından suvarma, əsasən, 4 pilləli nasos stansiyaları və 3 qoldan ibarət kanallar, onların üzərindəki hidrotexniki qurğular vasitəsilə həyata keçirilir. Əhalinin içməli suya tələbatı isə "Bulaqbaşı" adlanan kəhriz və artezian quyuları vasitəsilə təmin edilir. Naxçıvan MR Ali Məclisi "Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında" 2001-ci il 15 mart tarixli xüsusi qərar qəbul etmişdir. Tarixi-arxeoloji və memarlıq abidələri.

Son illər aparılmış arxeoloji qazıntılar nəticəsində Sədərək rayonu ərazisində Eneolit, Tunc dövrlərinə, antik dövrə və orta əsrlərə aid yaşayış yerləri və qəbir abidələri aşkara çıxarılmış və öyrənilmişdir. Sədərəyin cənubunda e. ə. IV-III minilliyə aid yaşayış yeri aşkar olunmuşdur. Ərazidə Əjdəkan, Cin təndiri, Cəhənnəmdərə, Şir arxı, Dəhnə, Qırmızılar, Fərhad arxı, Kültəpə, Ağoğlan, Karvansara, Ələddin, Qaraburun və s. tarixi yer adlan mövcuddur.

Sədərəyin cənub-şərqində, Araz çayının sol sahilində geniş bir ərazini əhatə edən orta əsrlərə aid yaşayış yeri tapılmışdır. Sədərək qalasının izləri bu günədək qalmaqdadır. Tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, bölgədə e. ə. 4-cü minillikdən başlayaraq fasiləsiz həyat davam etmişdir. Rayon ərazisində tarixi-memarlıq abidələrindən 3 məscid, orta əsrlərə aid qala xarabalığı, müdafiə istehkamı, karvansara, Ağoğlan piri, XIX-XX əsrin əvvəlində tikilmiş hamam binası və s. mühafizə olunmuşdur. Mühüm elmi və tarixi əhəmiyyət kəsb edən nadir abidələr bərpa olunur. Böyük Vətən müharibəsində (1941-45) və Azərbaycan torpaqları uğrunda şəhid olanlara abidə kompleksi inşa edilmiş, Şəhidlər xiyabanı salınmışdır. Mədəni quruculuq və səhiyyə. Sədərək rayonunda təhsilin, səhiyyənin və mədəniyyətin inkişafı sahəsində də ardıcıl tədbirlər görülmüşdür. Rayonda bir sıra inzibati və sosial-mədəni binalar, Qaraağac kəndində yeni məktəb binası tikilmiş, kəndlərin mərkəzi meydanları abadlaşdırılmış, asfalt örtük salınmış, milli memarlıq üslubunda işlər görülmüşdür. Mədəniyyət sarayının, rabitə evinin binalan təmir edilmiş, bərpa və abadlıq işləri aparılmışdır. Rayonun girəcəyindəki 4 km-lik qoşa yolun əsaslı təmiri başa çatdırılmış, 3 körpü yenidən qurulmuşdur. Rayonda 3 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi. 5 kitabxana, 4 klub, 1 uşaq-musiqi məktəbi, uşaq-gənclər şahmat məktəbi, tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərir.

Rayon İcra Hakimiyyətinin orqanı "Oğuz yurdu" qəzeti çıxır (2000, 21 mart). Rayonda Azərbaycan və Naxçıvan televiziyalarının verilişlərinə baxılır. 1024 yerlik yeni elektron tipli ATS istifadəyə verilmişdir.

Rayonda 75 çarpayılıq mərkəzi xəstəxana, feldşer-mama məntəqəsi, gigiyena və epidemiologiya, təcili tibbi yardım stansiyaları var. Ermənistanın işğalı nəticəsində dağıdılmış mədəni abidələr haqda məlumat 1990-1993-cü illərdə erməni silahlı birləşmələri dəfələrlə Sədərək rayonuna güclü hücumlar etmiş, 1990-cı ildə Kərki kəndi işğal olunmuş, kənddə 46 ev, mədəni sosial obyektlərdən kənd klubu, kitabxana, feldşer-mama məntəqəsi, orta məktəb binası, kənd qəbiristanlığı dağılmışdır. Qanlı Yanvar faciəsinin ilk şəhidləri Sədərəyin müdafiəsi zamanı verilmişdir. Rayonun müdafiəsində 108 nəfər şəhid olmuşdur. Bu müddət ərzində 500-ə yaxın yaşayış evi, məktəb binaları, mədəniyyət evi, onun nəzdində olan kənd klubları, kitabxanaları, xəstəxana binası, məscid binası, transformator yarımstansiyaları, elektrik və telefon xətləri, tikişçilik müəssisəsi, şərab emalı zavodu ciddi zərər çəkmiş, Heydərabad qəsəbəsi, sərhəddə yerləşən şərab zavodu dağıdılmışdır. 500-dən artıq adam yaralanmışdır.

Mənbələr: Naxçıvan Ensiklopediyası, II cild, Naxçıvan, 2005, Sədərək rayonu məqaləsi. Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu. Naxçıvan, 2008.

Şahbuz Rayonu

redaktə

Şahbuz rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 1963-cü ildə ləğv edilərək ərazisi Naxçıvan (1978-ci ildən Babək) rayonuna verilmişdi; 1965-ci ildən yenidən müstəqil rayondur. Şimalda və şərqdə Ermənistan Respublikası ilə həmsərhəddir. Ərazisi 814,97 km2. Rayonda 1 şəhər, 1 qəsəbə, 23 kənd var. Mərkəzi Şahbuz şəhəridir.

Rayon ərazisinə Şahbuz şəhəri, Badamlı qəsəbəsi və Qarababa, Ayrınc, Mahmudoba, Nursu, Qızıl Qışlaq, Güney Qışlaq, Kolanı, Aşağı Qışlaq, Yuxarı Qışlaq, Gömür, Ağbulaq, Biçənək, Şahbuzkənd, Külüs, Kükü, Keçili, Sələsüz, Daylaqlı, Türkeş, Kiçikoba, Mərəlik, Badamlı, Şada kəndləri daxildir. Son illər rayonda xeyli quruculuq və abadlıq işləri: aparılmışdır. Kükü, Mahmudoba, Qızıl Qışlaq kəndlərində, Batabat yolu üstündə Zərnətün körpüsü tikilmişdir. Rayonun Türkeş, Şada, Biçənək, Keçili, Külüs, Badamlı qəsəbə, Sələsüz, Güney Qışlaq kəndlərində müasir tipli məktəblər tikilmiş, Şahbuz qəsəbəsi abadlaşdırılmış, ulu öndər Heydər Əliyevin xatirəsinə park və prospekt salınmışdır. Qəsəbədə 2002-2004-cü illərdə müasir arxitektura üsulu ilə YAP Şahbuz rayon təşkilatının, Baytarlıq laboratoriyasının, Maliyyə şöbəsinin, Kommunal müəssisələr kombinatının, MTN-nin Şahbuz şöbəsinin, Kapital bankın Şahbuz rayon filialının, rayon məhkəməsinin, suvarma sistemləri idarəsinin, polis şöbəsinin inzibati binaları tikilib istifadəyə verilmişdir. Rayonda qaçqın və məcburi köçkünlərin, o cümlədən Azərbaycan torpaqlarının müdafiəsində iştirak edən veteranların həyat şəraitini yaxşılaşdırmaq üçün 24 ailəyə yaşayış evi tikilib istifadəyə verilmiş, Şahbuz qəsəbəsində Şəhidlər kompleksi və rayonunun simvolu olan giriş abidə-kompleksi ucaldılmışdır.

Təbiət. Rayonun relyefi, əsasən, dağlıqdır (Dərələyəz silsiləsinin c. və Zəngəzur silsiləsinin qərb yamacları). Ən yüksək zirvələri Zəngəzur silsiləsində Şapuq (3204 m), Salvartı dağı (3162 m), Üçqardaş dağı (3156 m), Qonaq-görməz və Ağdaban dağları (3150 m), Keçəldağ (3115 m), Dərələyəz silsiləsində Küküdağ (3120 m), Şişqatar dağıdır (3093 m). Biçənək aşırımı Şahbuz rayonu ərazisindədir. Geoloji quruluşunda Təbaşir-Neogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: kükürd, torf, tikinti daşı, məmulat daşları və s. Mineral sular (Badamlı, Biçənək, Batabat, Karvansara və s.) çıxır. Yayı quraq keçən soyuq iqlimi var. Orta temperatur yanvarda 10-15°C-yə qədər, iyulda 20-30°C-dir. İllik yağıntı 400-600 mm. Ərazisindən Naxçıvançay və onun qolları (Salvartı, Kükü, Şahbuz və s.) axır. Qanlıgöl, Batabat və s. göllər var; onlardan su anbarı kimi istifadə edilir. Torpaqları, əsasən, dağ-çəmən, qəhvəyi dağ-meşə, dağ-tünd-şabalıdıdır. Dağ-kserofit bitkiləri, dağ çölləri, subalp və alp çəmənləri yayılmışdır. Enliyarpaqlı dağ meşələrinə (palıd, fıstıq, vələs) rast gəlinir. Heyvanları: qaya keçisi, çöldonuzu, ayı, vaşaq, meşə pişiyi, süleysin, daşlıq dələsi, canavar, tülkü, dovşan, ular, boz kəklik, göyərçin və s. Əhali. Rayonun əhalisi 26 min nəfərdir (1 iyul 2008-ci il). Orta sıxlıq 1 km2-də 26 nəfərdir. İri yaşayış məntəqələri Şahbuz şəhəri və Badamlı qəsəbəsi, Kolanı, Kükü və Keçili kəndləridir.

Təsərrüfat. Son illər rayonda sosial-iqtisadi inkişafın möhkəmləndirilməsi, əhalinin maddi rifahının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülmüşdür. Şahbuz rayonunda da iqtisadi və mədəni həyatın bütün sahələrində böyük irəliləyişlərə nail olunmuşdur. Şahbuz rayonu əsasən, heyvandarlıq rayonudur. Kənd təsərrüfatına yararlı torpaqlar 28146 ha-dır (2004). Bunun 2663 ha-ı suvarılan torpaqlar, 2495 ha-ı biçənəklər, qalanı otlaqlardır. Dənli və dənli-paxlalı bitkilər (buğda, arpa və s.), yem bitkiləri, texniki bitkilər, tərəvəz və kartof əkilir. Meyvə yetişdirilir.

1999-cu ildə Şahbuz rayonu üzrə aqrar islahatlar başa çatdırılmış, əhali torpaq payları ilə təmin olunmuşdur. Torpaqları suvarmaq üçün suvarma xətləri yenidən qurulmuş, yeni su mənbələri yaradılmışdır. Aqrar islahatların həyata keçirilməsi rayonda bitkiçiliyin və heyvandarlığın intensiv inkişafına, məhsul istehsalının artırılmasına müsbət təsir göstərmişdir.

2004-cü ildə muxtar respublika sənaye məhsulunun 3,9%-i, kapital qoyuluşunun 2,8%-i, istifadəyə verilmiş əsas fondların 2,6%-i, cəmi əmtəə dövriyyəsinin 2.2 %-i, əhaliyə göstərilən pullu xidmətlərin 5,3%-i Şahbuz rayonunun payına düşür. Əhalinin hər nəfərinə düşən pullu xidmətlərin həcmi 263,1 min manat olmuşdur ki, onun da 14,1%-i məişət xidmətlərinin payına düşür. Rayonda Badamlı mineral su zavodu, üzüm emalı müəssisəsi fəaliyyət göstərir. Son vaxtlar Badamlı suyunun istehsalını artırmaq məqsədilə bir sıra tədbirlər həyata keçirilmiş, bu suyun müxtəlif ölkələrə də satışının təşkili üçün məqsədyönlü iş aparılmışdır. Rayonda tikinti təşkilatı və kommunal müəssisələri kombinatı geniş miqyaslı tikinti və abadlıq işləri həyata keçirir. Rayon əhalisinə nəqliyyat xidmətinin və digər pullu xidmətlərin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır.

Tarixi-arxeoloji abidələr və memarlıq. Şahbuz rayonu ərazisində Eneolit, Tunc, Dəmir dövrlərinə, antik dövrə və orta əsrlərə aid yaşayış yerləri və qəbir abidələri qeydə alınmış və öyrənilmişdir. Küküçay boyunca e. ə. 3-cü minilliyə aid yaşayış yerləri aşkar olunmuşdur. Tədqiqatlar göstərir ki, Şahbuz bölgəsində boyalı qablar (e. ə. 3-2-ci minilliklər), Xocalı-Gədəbəy (e. ə. 2-ci minilliyin sonu - 1-ci minilliyin əvvəlləri) mədəniyyətləri yayılmışdır (Sarıdərə, Ağbulaq, Qarnıyarıq, Kükü, Külüs, Govurqala, Şamlar və s.). Sarıdərə abidələrində vahid dəfn adətinin olduğu müəyyənləşdirilmişdir. Ağbulaq kəndindən aşkar olunmuş küp qəbirlər, möhür, mis pullar və s. eramızın əvvəllərində ərazinin Qafqaz Albaniyasının tərkibində olduğunu göstərir. Orta əsrlərə aid qaynaqlarda adı çəkilən Şahbuz qalası eramızın ilk əsrlərində inşa edilmişdir. Rayon ərazisində 3-17 əsrlərə aid yaşayış yerləri (Quzey, Eyvaz, Yarnıx, Keçili, Kələkli, Kolanı, Məzrə, Xarabalıq və s.) və qəbir abidələri (Ayrınc, Batabat, Qanlıgöl, Nursu, Söyüdlü, Türkeş və s.) tədqiq edilib öyrənilmişdir.

Şahbuz rayonu ərazisində tarixi-memarlıq abidələrindən orta əsrlərə aid qala (bax Şapurqala), bürc, müdafiə istehkamları, həmçinin karvansara, pir, məscid və s. mühafizə olunmuşdur. Mühüm elmi və tarixi əhəmiyyət kəsb edən nadir abidələr əsaslı şəkildə bərpa olunmuşdur. Rayonun ərazisində aparılan yenidənqurma, quruculuq və abadlıq tədbirləri nəticəsində yaraşıqlı inzibati tikililər, milli və müasir arxitekturalı binalar, ticarət mərkəzləri, qədim üslubda meydanlar, köşklər inşa edilmiş, yollar boyu kəndlər abadlaşdırılmış, yeni körpülər (Kükü, Mahmudoba, Nursu, Qızıl Qışlaq) tikilmişdir.

Mədəni quruculuq və səhiyyə. Şahbuz rayonunda təhsilin, səhiyyənin, mədəniyyətin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Türkeş, Şada, Biçənək, Keçili, Ayrınc, Yuxan Qışlaq, Gömür və digər kəndlərdə yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Rayonda 6 məktəbdənkənar, 1 məktəbəqədər müəssisəsi, 23 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Rayonda 26 klub və mədəniyyət evi, 29 kitabxana, 2 musiqi məktəbi, rayon tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərir. Rayon İcra Hakimiyyətinin orqanı olan "Oğuz səsi" qəzeti (1936-65-ci illərdə "Sosialist maldarlığı", 1966-1991-ci illərdə "Qabaqcıl", 1991-92-ci illərdə "Oğuz yurdu" adları ilə çıxmışdır) nəşr olunur. Yeni 20 ötürücüsü quraşdırılmışdır. Rayon mərkəzində və kəndlərdə müasir tipli yeni telefon stansiyası qurulmuş, bütün yaşayış məntəqələri telefonlaşdırılmışdır.

Şahbuz rayonunda 175 çarpayılıq, o cümlədən 70 çarpayılıq mərkəzi rayon xəstəxanası, hər biri 25 çarpayılıq 4 kənd sahə xəstəxanası, 11 feldşer-mama məntəqəsi, 10 həkim ambulatoriyası, təcili tibbi yardım, Gigiyena və Epidemiologiya Mərkəzi fəaliyyət göstərir. Ermənistanın işğalı nəticəsində dağıdılmış mədəni abidələr haqda məlumat 1. Batabat rəsədxanası 2. Batabatda televiziya ötürücüsü 3. Batabatda pioner düşərgəsinin 2 binası 4. Şada kəndində şəxsi ev. 5. Keçili, Kükü, Şada, Güney Qışlaq, Qızıl Qışlaq kəndlərində ictimai və fərdi təsərrüfatlara məxsus mal-qara aparılıb. Mənbələr: Naxçıvan Ensiklopediyası, II cild, Naxçıvan, 2005, Şahbuz rayonu məqaləsi. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu. Naxçıvan, 2008. www.preslib.az

Şərur Rayonu

redaktə

Şərur rayonu (1930-1964-cü illərdə Noraşen rayonu, 1964-91-ci illərdə İ1iç rayonu) 8 avqust 1930-cu ildə təşkil edilmişdir. Şimalda və şimal-şərqdə Ermənistan Respublikası, cənubda və cənub-qərbdə İranla həmsərhəddir. Ərazisi 811,14 km2. Rayonda 1 şəhər, 65 kənd yaşayış məntəqəsi var. Mərkəzi Şərur şəhəridir.

Rayon ərazisinə Şərur şəhəri və Yengicə, Alışar, Xələc, Şəhriyar, Muğanlı, Qorçulu, Kürçülü, Kürkənd, Cəlilkənd, Mahmudkənd, Günnüt, Bəhruz Kəngərli, Düdəngə, Zeyvə, Oğlanqala, Dizə, Aşağı Yaycı, Yuxarı Yaycı, Şahbulaq, Gümüşlü, Axura, Həmzəli, Qarxun, Sərxanlı, Məmmədsabir, Muğancıq Müslüm, Muğancıq Mehrab, Yuxarı Aralıq, Aşağı Aralıq, Siyaqut, Kosacan, Yuxarı Daşarx, Aşağı Daşarx, Dərəkənd, Oğuzkənd, Xanlıqlar, Ələkli, Vərməziyar, Stansiya Daşarx, Danyeri, İbadulla, Qışlaq Abbas, Ərəbyengicə, Tumaslı, Vayxır, Diyadin, Maxta, Qaraburc, Axamət, Kərimbəyli, Dərvişlər, Çərçiboğan, Babəki, Arbatan, Arpaçay, Çəmənli, Qarahəsənli, Çomaxtur, Püsyan, Təzəkənd, Dəmirçi, Havuş, Yeni Havuş, Xətai, Tənənəm kəndləri daxildir.

Təbiət. Rayonun səthi şimalda və şərqdə dağlıq, Arazboyu hissədə bir-birindən tirə və yüksəkliklərlə ayrılan maili düzənliklərdən (Şərur, Sərdar və Tənənəm düzləri) ibarətdir. Ərazidə Dərələyəz silsiləsi əsas yer tutur. Hündürlüyü Araz çayı sahilində təqribən 600-700 m-dən Dərələyəz silsiləsində 2775 metrədək (Qalınqaya dağı) dəyişir. Düzənlik və dağətəyi hissədə əsasən Antropogen, dağlıq hissədə Devon, Perm, Trias, Tabaşir çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: polimetal filizlər, travertin, mərmərəbənzər əhəngdaşı və s. Yayı quraq keçən soyuq yarımsəhra, quru çöl və yayı quraq keçən soyuq iqlimi var. Orta temperatur yanvarda 3-dən 6°C-yə qədər, iyulda 20-26°C, illik yağıntı 200-400 mm-dir. Çayları (Şərqi Arpaçay və s.) rayonun İranla sərhədi boyu axan Araz hövzəsinə aiddir; suvarmada geniş istifadə olunduğundan suları yayda mənsəbə çatmır. Şərqi Arpaçay üstündə tikilmiş su anbarının (bax Arpaçay su anbarı) fəaliyyəti sayəsində kənd təsərrüfatı torpaqlarının suvarılması təmin edilir. Boz və çəmən-boz, şorəkətvarı boz-qonur, dağ-şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Bitki örtüyü əsasən, yarımsəhra bitkilərindən (yovşan, şoranotu və s.) və dağ-kserofitlərindən ibarətdir. Heyvanları: qaya keçisi, muflon, canavar, tülkü, boz dovşan, çöldonuzu, daşlıq dələsi, çöl siçanı və s. Quşlardan kəklik, ular, qaraqarın bağrıqara və s. var. Əhali. Rayonun əhalisi 93,3 min nəfərdir (1 iyul 2008). Orta sıxlıq 1 km2-də 118 nəfərdir. İri yaşayış məntəqələri Şərur şəhəri, Dəmirçi və Püsyan kəndləridir.

Təsərrüfat. Son illər muxtar respublikada aparılan quruculuq və abadlıq işləri nəticəsində iqtisadi və mədəni həyatın bütün sahələrində böyük irəliləyişlərə nail olunmuş, Şərur rayonu da əsl inkişaf yoluna qədəm qoymuşdur. Şərur rayonu Naxçıvan MR-in ən böyük tütünçülük, üzümçülük, heyvandarlıq, taxılçılıq və tərəvəzçilik rayonu, Azərbaycan Respublikasının isə iri tütünçülük rayonlarından biridir. Kənd təsərrüfatına yararlı torpaqlar 31,5 min ha-dır. Bunun 13,8 min ha sahəsində əkin aparılmışdır. Suvarılan torpaqlar 16,3 min ha-dır. Dənli və dənli-paxlalı bitkilər (əsasən buğda, qismən arpa, qarğıdalı və s.), texniki bitkilər (tütün), tərəvəz-bostan bitkiləri, (o cümlədən şəkər çuğunduru), kartof, yem bitkiləri əkilir. 1999-cu ildə Şərur rayonu üzrə aqrar islahatlar başa çatdırılıb, 18881 ha sahə xüsusi mülkiyyətə verilib, 48 ha-dan artıq torpaq isə bələdiyyə mülkiyyətində qalıb. 99757 nəfər pay norması əsasında torpaq payları ilə təmin olunub. Hər nəfərə orta hesabla 1893 m2 torpaq sahəsi düşüb. Torpaqları suvarmaq üçün Həmzəli, Kərimbəyli və digər kəndlərdə nasos stansiyalarından və artezian quyularından istifadə edilmişdir. 58 km-lik Şərur-Naxçıvan su kəməri bərpa edilib işə salınmışdır.

2003-2004-cü illər ərzində Şərur rayonunda bütün təsərrüfat dərəcələri üzrə taxıl məhsulları istehsalı 13,8%, kartof istehsalı 15,7%, meyvə istehsalı 1,6%, üzüm istehsalı isə 0,7% artmışdır. 2004-cü ildə muxtar respublikada istehsal olunan taxılın 23,1 %-i, tərəvəzin 29,8%-i, bostan məhsullarının 11,5%-i, kartofun 34,9%-i, meyvənin 92,2%-i, üzümün 15,5%-i Şərur rayonunun payına düşmüşdür. Muxtar respublikada istehsal olunan ətin 33,1%-i, südün 32,2 %-i, yunun 18,5 %-i, yumurtanın 35,3%-i Şərur rayonuna aiddir (2004). Muxtar respublikadakı qaramalın 32,9%-i, o cümlədən inək və camışların 33,3%-i, xırda buynuzlu heyvanların 18,4%-i Şərur rayonunun payına düşür (2004). Qış otlaqları geniş sahə tutur. Rayonda heyvandarlıq birlikləri yaradılmışdır.

Şərur rayonunun sənayesi, əsasən, kənd təsərrüfatı məhsulları emalı və tikinti materialları istehsalı üzrə ixtisaslaşmışdır. Rayonda 3 şəkər çuğunduru şirkəti fəaliyyət göstərir. Konserv zavodu, 3 şərab zavodu, quşçuluq fabriki, sənaye kombinatı, Gümüşlü dağ mədəni, Şahtaxtı daş karxanası rayonun əsas sənaye müəssisələridir. 2004-cü ildə muxtar respublika sənaye məhsulunun 17,0%-i Şərur rayonunun müəssisələrində istehsal olunmuşdur. Muxtar respublikada kapital qoyuluşunun 5,6 %-i, istifadəyə verilmiş əsas fondların 4,8%-i, cəmi əmtəə dövriyyəsinin 23,0%-i, əhaliyə göstərilən pullu xidmətlərin 19,3%-i Şərur rayonunun payına düşmüşdür. Əhalinin hər nəfərinə düşən pullu xidmətlərin həcmi 214,1 min manat olmuşdur ki, onun da 17,4%-ini məişət xidməti təşkil edir. Bakı-Yerevan dəmir yolu, Naxçıvan-Yerevan avtomobil magistralı rayonun ərazisindən keçir (vaxtilə ümumittifaq şəbəkəsinə daxil olan dəmir yolu və avtomobil xətləri Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində 1992-ci ildən işləmir).

Tarixi-arxeoloji abidələr və memarlıq. Şərur rayonu ərazisində qədim insanların əmək fəaliyyətini və həyat tərzini əks etdirən maddi mədəniyyət qalıqları ilə zəngin xeyli arxeoloji abidə var (XX əsrin 30-cu illərindən tədqiq olunur). Bu abidələr qədim yaşayış yerləri, qalalar, qəbiristanlıqlar və memarlıq abidələrindən ibarətdir. 1987-90-cı illərdə Daş dövrünə (Mustye) aid Qazma mağarasından maddi mədəniyyət qalıqları, o cümlədən çaxmaqdaşı və obsidiandan (dəvəgözü) hazırlanmış xeyli əmək aləti aşkara çıxarılmışdır. Eneolit və Kür-Araz mədəniyyəti abidələrinin bu ərazidə sayca çoxluğu və mədəni təbəqənin qalınlığı e. ə. IV-III minilliklərdə Şərur ərazisində əkinçi-maldar tayfaların intensiv məskunlaşdığını göstərir. Orta Tunc dövrünün abidələri, əsasən, Araz, Arpaçay və onların qolları üstündə salınmışdır. Şortəpə və s. abidələrdən yüksək sənətkarlıqla hazırlanmış boyalı qablar aşkar olunmuşdur. E. ə. II minilliyin sonu – I minilliyin əvvəllərində Şərur rayonu ərazisində Xocalı-Gədəbəy mədəniyyətinin (son Tunc-ilk Dəmir dövrləri) keramikası ilə seçilən abidələr yayılmışdı. E. ə. I minilliyin 1-ci yarısına aid abidələrin tədqiqi bu əraziyə xarici işğalçıların, xüsusilə Urartu basqınlarının artdığını göstərir. Bölgədə Oğlanqala, Qalacıq, Govurqala, Qarasu qalası kimi müdafiə istehkamları inşa edilmişdir. Qədim Şərur ərazisi küp qəbirlərlə zəngindir. E. ə. I minilliyin 2-ci yarısına aid abidələr Alban (Qafqaz) mədəniyyətinə məxsus elementləri ilə seçilir. Eramızın I-IV əsrlərində bölgədə quyu qəbirlərlə xarakterizə olunan arxeoloji mədəniyyətin yayılması xüsusi maraq doğurur. Qəbirlərin dəfn adətinin müəyyən cəhətləri türk tayfalarının Azərbaycana axınının gücləndiyini göstərir. Erkən və inkişaf etmiş orta əsrlərdə Şərur rayonu ərazisində yaşayış məskənlərinin sayı xeyli artmışdır.

Şərur rayonu ərazisində memarlıq abidələrindən orta əsrlərə aid Arpaçay üzərində körpü, bürclər, məscid və pirlər, karvansaralar mühafizə olunmuşdur. Mühüm elmi və tarixi əhəmiyyət kəsb edən nadir abidələr əsaslı şəkildə bərpa olunmuşdur. Rayonun ərazisində aparılan yenidənqurma və quruculuq tədbirləri nəticəsində gözəl, müasir tikililər, milli arxitekturalı binalar, qədim üslubda meydanlar inşa edilmiş, yollar boyu kəndlər abadlaşdırılmış, kəndlərarası körpülər tikilmişdir.

Mədəni quruculuq və səhiyyə. Son illər Şərur rayonunun sosial infrastrukturunun möhkəmləndirilməsi, əhalinin güzəranının yaxşılaşdırılması, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Sərxanlı, Yeni Kərki, Dərvişlər, Qarahəsənli, Yuxarı Yaycı, Gümüşlü kənd orta məktəb binaları tikilib istifadəyə verilmiş, Aralıq, Düdəngə və digər kənd orta məktəbləri əsaslı təmir olunmuşdur. Rayonda 66 klub və mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 60 kitabxana, 6 musiqi məktəbi fəaliyyət göstərir. Rayonun sosial-siyasi, iqtisadi və mədəni həyatını işıqlandıran Şərur rayonu İcra Hakimiyyətinin orqanı "Şərurun səsi" qəzeti 1931-ci ildən nəşr edilir (1931-54-cü illərdə "Pambığa doğru"; 1954-59-cu illərdə "Noraşen kolxozçusu", 1966-91-ci illərdə "İşıqlı yol" adları ilə çıxmışdır). Telefon şəbəkəsi istifadəyə verilmiş, yeni televiziya ötürücüsü quraşdırılmışdır.

Rayonda 675 çarpayılıq, o cümlədən 335 çarpayılıq mərkəzi rayon xəstəxanası, 70 çarpayılıq uşaq xəstəxanası, 35 çarpayılıq 2 kənd sahə xəstəxanası, 25 çarpayılıq 8 kənd sahə xəstəxanası, 41 feldşer-mama məntəqəsi, 20 həkim ambulatoriyası, 9 feldşer-mama məntəqəsi, 27 feldşer məntəqəsi, təcili yardım stansiyası, gigiyena-epidemiologiya mərkəzi fəaliyyət göstərir. Ermənistanın işğalı nəticəsində dağıdılmış mədəni abidələr haqda məlumat Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkarlıq siyasəti nəticəsində Şərur rayonunun Günnüt kəndi işğal edilmiş, Havuş və Şahbulaq kəndlərində əhaliyə məxsus yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdılmışdır. 1990-1993-cü illərdə ermənilərin rayon ərazisinə hücumu nəticəsində Havuş kəndində məktəb, klub, kitabxana, tibb müəssisəsi, 38 yaşayış evi, Şahbulaq kəndində məktəb, klub, kitabxana tibb müəssisəsi, 23 yaşayış evi dağıdılmış və meşə zolağı sıradan çıxarılmışdır. Günnüt kəndi işğal edildikdən sonra 32 yaşayış evi, məktəb, tibb məntəqəsi, kitabxana dağıdılmış və əhali rayonun digər yaşayış məntəqələrinə köçürülmüşdür. Günnüt kəndinin qəbiristanlığı və məscid dağıdılmış, Havuş və Hahbulaq kəndlərində olan məscidlər yararsız hala salınmışdır. Mənbələr: Naxçıvan Ensiklopediyası, II cild, Naxçıvan, 2005, Şərur rayonu məqaləsi.

Naxçıvan Muxtar Respublikasının Şərur rayonu. Naxçıvan, 2008. www.preslib.az