Azərbaycan şairi Nizami/"Pənc gənc" və yaxud "Xəmsə"

Nizaminin dünya ədəbiyyatındakı mövqeyi Azərbaycan şairi Nizami. "Pənc gənc" və yaxud "Xəmsə"
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Məxzən-ül-Əsrar


Hazırladım mən əvvəlcə “Məxzəni”,
Tutmadı zəiflik bu işdə məni.

Bu surətlə yağlı, şirin topladım,
“Xosrov-Şirin” dastanına başladım.

Bundan sonra bir başqa pərdə açdım,
“Leyli-Məcnun” sevdasına ulaşdım.

Bu qüssəni bitirmiş oldum; həmən
“Yeddi gözəl” sarayına çəkdim yüyən.

Indi şerin mən girdim meydanına
Təbil vurdum İskəndərin namına.

N i z a m i

Nizamidən qalan bi miras Şərq ədəbiyyatında mövcud olan bütün janrları əhatə edən 48 min beytdən ibarətdir. Bundan 19 mini şairin nisbətən az məşhur olan “Divan-e əşar”ını (qəzəllər, qəsidələr və başqa parçalar) təşkil edir, qalan 29 min beyt isə kitabımızın bu bölümünün mövzusu olan beş kitaba daxildir.
Bizim “beş kitab” dediyimiz bu mövzular məsnəvi tərzində yazılmış beş müstəqil poemadan ibarətdir. Şair özü bu beş kitabına “Pənc-gənc” (“beş xəzinə”) adı vermişdir. Təzkirəçilər və kitabçılar isə beşi bir yerdə toplanmış olan bu məsnəvilərə, qısaca olaraq, ərəb termini ilə “Xəmsə” demişlər. “Xəmsə” sözü Azərbaycan dilində “Beşlik” deməkdir.
Nizami bilavasitə bu “Beşliyi” ilə tanınmışdır. “Nizami Gəncəvi” ilə “Xəmse-ye Nizami” söz birləşmələri ədəbiyyatın bir-birini tamamlayan iki məşhur tərkibidir.
“Xəmsə”dən kənarda qalmış “Divan” yüksək əhəmiyyətə malik olsa da, Nizamini Nizami olaraq bütün şairlərdən ayıran və onun orijinallığını təmin edən əslində bu beş kitabdır, ustadın özü də sonuncu əsər “İskəndərnamə”nin müqəddiməsində buna işarə etmişdir.[1]
Bunun üçün biz də oxucularımıza bu kitabları ümumi surətdə olsa da, tanıtmaq istəyirik.
“Beşliy”i tanımadan Nizamiliyi təşkil edən fikirlərə, sənətə aid özəllik və yaradıcılıq haqqında bir fikir aşılamaq mümkün ola bilməz.
“Beşlik”, içindəki poemaların yazıldıqları tarix sırasınca tərtib edilmişdir. Biz də bu beş kitabı eyni sıra ilə təhlil edəcəyik. [2]

______

  1. Su-ye “Məxzən” avərdəm əvvəl bəsiç,
    Ke sosti nəkərdəm dərin kar hiç.

    Və-zu çərbo şirini əngixtəm
    Be Şirino Xosrov dəramixtəm.

    Və-z-anca sərapərdə birun zədəm,
    Dər-e eşq-e Leyli-vo Məcnun zədəm.

    Və-zin qesse çun baz pərdaxtəm,
    Su-ye “həft peykər” fərəs taxtəm.

    Konun bər bosat-e soxənpərvəri
    Zənəm kus-e eqbal-e İskəndəri.

    (Lap əvvəl “Məxzən” tərəfə səfərbər oldum,
    Bu işdə heç bir süstlük göstərmədim.
    Ondan yağ ilə şirinini yığıb
    “Şirin və Xosrov”a qarışdırdım.
    Onlardan (uzaqlaşarkən) öz şah çadırımı dışarıda qurdum,
    “Leyli və Məcnun”un məhəbbət qapısını döydüm.
    Bu dastanı bitirdikdən sonra
    Atımı “yeddi ulduz (gözəl)” tərəfə çapdım.
    Indi isə sözyaratma büsatından əyləşib
    Iskəndər “İqbal”ının şəninə təbil vururam – red.)

  2. Bu beş kitab şairin vəfatından çox sonra bir cild içində “Xəmsə” ünvanı altında bir toplu şəklinə salınmışdır.