Azərbaycan şairi Nizami/İsgəndərnamə

Həft peykər ("Yeddi gözəl") Azərbaycan şairi Nizami. İsgəndərnamə
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Nizami mövzuları


Xodaya, cahan-padşahi torast,
Ze ma xedmət ayəd, xodayi torast!
(İlahi, dünya şahlığı sənə mənsubdur,
Biz xidmət etməliyik, sahiblik sənə mənsubdur! – red.)

“İskəndərnamə” hicri 597-ci ildə [1] (miladi 1200-cü il) Azərbaycan Atabəylərindən Nüsrətəddin Əbubəkr Məhəmmədin adına yazılmışdır.
Bu dastan yunanca orijinalı itdiyi halda, Şərq dillərində tərcüməsi mühafizə olunmuş Yunanıstanlı Klastinesin uydurma kitabından götürülmüşdür.[2]
Öz adəti üzrə Nizami, müxtəlif qədim və yeni qaynaqlardan toplayaraq işlədiyi bu süjeti 10 540 beytlik bir məsnəvi halına salmışdır.
“İskəndərnamə” iki hissədən ibarətdir. 6896 beytlik birinci hissə “Şərəfnameyi-İskəndəri”, 3644 beytdən ibarət olan ikinci hissə “İqbalnameyi-İskəndəri” adlanır. Hər iki hissə, çox güman ki, bir-birinin ardınca, fasilə verilmədən yazılmışdır.
Nizamidən əvvəl bu süjet məşhur İran şairi Firdovsi tərəfindən qələmə alınmışdır. Nizami də şübhəsiz, bu məsələdən agahdır. Amma məsələ burasındadır ki, Firdovsi İskəndərdən, qədim İran şahlarının tarixindən ibarət olan “Şahnamə”sində qismən bəhs etmişdir. Nizami isə əsərini bütünlüklə, idealizə etdiyi bu qəhrəmana həsr etmişdir. Və xüsusi qeyd etdiyi kimi, mövzunu tamamilə yeni mövqedən qələmə almışdır.
“İskəndərnamə”nin məzmununu xülasə etmək üçün əslində şairin öz köməyinə müraciət edəcəyik. O, bunu əsərinin müqəddiməsində mükəmməl bir surətdə etmişdir. On mindən artıq beyti əhatə edən bu nəhəng əsəri barədə Nizami deyir ki, nəzm bəzəyindən ayırd edilsə, “İskəndərnamə”dəki həqiqətləri bir səhifəyə sığışdırmaq mümkündür. Bunu da şair özü etmişdir. Kitabının bütün xülasəsini əvvəlcə bir səhifədə vermişdir.
Biz, ustadın ruhuna min rəhmət və təşəkkürlə, bu ecazkar səhifəni oxucularımıza nəql etməklə kifayətlənəcəyik. Bununla da, həm onları yormadan böyük poemanın ruhu ilə tanış edəcək, həm də Nizami şerinin parlaq dili ilə təsvir olunan böyük İskəndərin dünya qədər əngin və xəyal qədər zəngin həyatının xülasəsini vermiş olacağıq: “İskəndər dünyanın dörd tərəfini gəzmiş bir padşahdır. Zərdüşt dinindən başqa, heç bir adət və mərasimə toxunmayaraq Kəyanilərin taxtına çıxmışdır. Yunanıstanda qızıla ilk sikkə vurduran odur. Dəri (qədim fars) dilindəki hikmət kitablarını yunan dilinə o tərcümə etdirmişdir. Güzgünü icad edən odur. Misirliləri zəngibarlılardan xilas etmişdir. Daranın taxt və tacını almışdır. Yer üzünü “hindu qaralığı” və “rus sarılığı”ndan təmizləyərək “gəlin otağı” kimi bəzəmişdir. Çinlilərə gəmiçilik öyrətmiş, Keyxosrova naib olmuşdur. Iyirmi yaşında ikən şahlıq təbili onun adına çalınmış, iyirmi yeddi yaşında ona peyğəmbərlik verilmişdir. Onun peyğəmbər olduğu gün tarixin başlanğıcı sayılmışdır. Din sayəsində insanlara bilik, ədalətli dövlət sayəsində məmləkətlərə dinclik və səadət gətirmişdir. Dinin bir çox hikmətləri, dünyanın saysız-hesabsız tikililəri ondan qalmış nişanələrdir. Hər səfərində dünyanı qaydaya salmış, bir çox mühüm şəhərlər tikdirmişdir. Hindistandan Ruma qədər bir çox imarətlər, karvansaralar və binalar tikdirmişdir. Dərbəndi ilk dəfə “dərbənd” edən odur. Bulqar [3] deyib keçməyin: o da yaranışını İskəndərə borcludur. Yəcuc-Məcuc səddi də onun nişanəsidir. Bunlardan başqa ondan qalma daha o qədər şeylər var ki, deməklə qurtarmaz!”.
“Kürəmizi məchulluqdan qurtarmaq əzmi ilə bu mübarək şəxs dünyaya çəlipayi (xaç kimi) bir bölgü vermişdir; xaç əlaməti bizə ondan qalmışdır. Bu dörd bucaqlı xəritə vahidlərinə o, bir ölçü vermişdir. Şimal qütbünə bir, Cənub qütbünə digər bir mismar çalmış, Şərqdən bir, Qərbdən digər bir ip çəkərək bu uzunluq (tul) və en (ərz) içində heç kimin bilmədiyi bir əsas qurmuşdur”.
“Dünyanı səyahətə çıxarkən keçdiyi yolları ölçməyə başlamışdır: fərsəx (ağac), mil, mərhələ anlayışları peyda olmuşdur. Xüsusi təyin etdiyi yerölçənlər, yüzlərlə katiblər ip çəkərək ölçü götürmüşlər və quruda hər yerə yetişərək mənzillər (dayanacaqlar – red.) təsbit etmişlər; dənizlərə də gəldikdə, ölçü götürmək yolu tapılmışdır: hazırlanmış iki gəmi bir-birindən ayrı və bir çatı ilə bağlı olduqları halda, bütün sahilləri dolaşaraq, dəniz yollarını ölçmüş və mənzillərini müəyyən etmişlər. Bu səy nəticəsində kürəmiz tamamilə ölçülmüş, onun gördüyü tədbirlər sayəsində yer üzündəki yollar kəşf edilmişdir: hal-hazırda yaşadığımız “Rüb-i məskun”u [4] kəşf edən odur”.
“Onun at sürdüyü hər bir ölkə abad olmuş, hər tərəfə ədalət yayılmışdır; (o,) dağların, dərələrin ehtiyaclarına baxmış, çarəsini tapmışdır”.
Fəqət...
“Fəqət ölüm gəldikdə, o da, digər fanilər kimi aciz qalmışdır!..”
“İskəndərnamə”nin xülasəsini Nizami bu sözlərlə tamamlayır:
“O tac sahibinin tarixindən kara gələni budur. Bunun xaricində qələm nə yazarsa, ya artıqlıq, ya da əskiklikdən qurtulmaz!”
“İskəndərnamə”nin əsl “özəyi” həqiqətən bundan ibarətdir. Fəqət şair bu özəyi dolğunlaşdırmış, öz zövqünə uyğun “bəzəmişdir”. Bunu həyata keçirərkən Nizami sənət baxımından olduğu kimi, hikmət nöqteyi-nəzərindən də “İskəndərliyi” idealizə etmişdir. Bu yolda o, bəzən anaxronizmə də yol vermişdir. Məsələn, İskəndəri bir müsəlman kimi Kəbə ziyarətinə gətirmiş, bir türk və ya qafqazlı kimi onu ruslarla vuruşdurmuş, Bərdə hökmdarı gözəl Nüşabəni “rus vəhşilərinin əsatirindən” onun əli xilas etmişdir.
Şair özü də anaxronizmi yaxşı başa düşür: necə ki deyir:
“Hekayətimdə irəli-geri çəkmələr görsəniz, eyib tutmayın; bundan qaçmaq mümkün deyildir”.[5]
XII yüzilliyin mütəfəkkiri Nizami, çox vaxt XIX əsrin filosofu Spencer (Spenser) kimi, sənət lüzumu ilə söylənən “yalan”ı, doğruya ləzzət gətirən “duz” kimi işlətməkdə eyib görmür; çünki “yalana bənzər doğrudansa, doğruya bənzər yalan yaxşıdır”.[6]
Nizami təxəyyülünün meyarı məhz budur. Bu meyara (“əndazə”) sadiq qalan şair “İskəndərnamə”ni “Məxzənül-əsrar”dakı hikmətləri, “Xosrov və Şirin” ilə “Həft peykər”indəki bədii ustalığı, “Leyli və Məcnun”dakı psixoloji təhlil ilə yoğuraraq, həm forma, həm də məzmun baxımından yüksək olan monumental əsər yaratmışdır. Elə bir nəhəng əsər ki, onun “nə zaman unutdura, nə yağışlar dağıda, nə də küləklər uçura bilər”.[7] Şairin sözləri ilə desək, İskəndər bir vaxt “Zülmət”də aramış olduğu dirilik çeşməsini, “Beşliyin” sonuncu xəzinəsini təşkil edən bu nəhəng əsərdə, yəni “İskəndərnamə”də tapmışdır. [8]
Nizaminin “İskəndərnamə”sindəki ədəbi özünəməxsusluğun tarixi süjeti müasir mənalandırılmasından ibarət olmasına baxmayaraq, şairin orijinallığını təşkil edən lirizmdir. Fateh və islahatçı bir qəhrəmana dair tarixi dastan olmasına baxmayaraq, “İskəndərnamə”də də şairin lirik mövqeyi epik mövqeyə üstündür. Iskəndərin hər hansı hərbi və siyasi qələbəsi belə mütləq könülə aid bir eşqin qələbəsi – bir toyla tamamlanır.
Iskəndər bir imperator, peyğəmbər, filosof olduğu qədər də, bir aşiqdir.

* * *

Beş əsərinin xülasəsini bitirərkən, Nizaminin oxucularından rəhmət gözləyən bir diləyini də burada qeyd etmək istərdik:

Varaq, varaq yazıb burda bitirdim
Qutluluqla sözü sona yetirdim.

Şad ola ruhu o kəsin, kim deyə:
Nizamiyə Tanrı rəhmət eyləyə!

[9]


____

  1. Be tarix-e pansəd-e nəvəd-e həft sal
    Ke xanənde-ra z-u nəgirəd məlal.

    Neveştəm mən in name-ra dər cəhan
    Ke ta doru-e axer bovəd cavedan!
    (Beş yüz doxsan yeddinci il tarixdə,
    - Oxucu ondan əzab görməsin, -
    Mən bu dastanı yazdım ki, dünyada
    Qiyamətə qədər əbədi qalsın! – red.)

  2. M.Ə.Tərbiyət, Danişməndani-Azərbaycan, Tehran, 1314 h.
  3. İtil (Volqa – red.) çayı üzərindəki qədim Bulqer (şəhəri) nəzərdə tutulur.
  4. “Rüb-i məskun” İslam coğrafiyası terminidir: dünyanın insanlar yaşayan dörddə bir hissəsi deməkdir – məskun edilmiş dörddə bir.
  5. Be təqdim-e təxir bər mən məgir –
    Ke nəbovəd qozarənde-ra z-an qozir.

  6. Doruği ke manənd başəd be rast
    Beh əz rasti k-əz dorosti codast.

    Oskar Uayldın bu sözü ilə müqayisə et: “İnsanlarda yalan söyləmək qüdrəti azaldıqca, sənətkarlıq qüdrəti də azalır”.

  7. Nə hərfi ke aləm ze yadəş bərəd,
    Nə baran beşuyəd, nə badəş bərəd.

  8. Sekəndər ke rah məani gereft,
    Pey-e çeşme-ye zendeqani gereft.

    Begərdid k-əz rah-e fərxondegi,
    Şəvəd zende əz çeşmi-ye zendegi.

    Su-ye çeşmi-ye zendegi rah cost,
    Konun yaft an çeşmi k-anqah cost.

    Türkcəsi:

    Bulmaq istərdi Skəndər dirilik çeşməsini,
    Ta ki dəf eyliyə qorxunc ölümün gəlməsini.
    Bu niyyətlə o bütün aləmi gəzdi, taradı,
    Yapdı zülmətə səfər gərçi; fəqət boş aradı
    Ölməməzlik suyunu bulmadı keçdi, getdi...
    Könlünün arzusuna indi o ancaq yetdi!

  9. Soxən-ra bər səadət xətm kərdəm
    Vərəq k-anca rəsandəm dər nəvərdəm.
    Rəvanəş bad coft-e şadkami,
    Ke quyəd: rəhmət-e Həqq bər Nezami!