Azərbaycan şairi Nizami/Nizami öz gözü ilə

Şairin Azərbaycan hökmdarları ilə münasibətləri Azərbaycan şairi Nizami. Nizami öz gözü ilə
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Nizaminin dünya ədəbiyyatındakı mövqeyi

Hər kəs üçün birər inci işlədim,
Özümə də bir qəsidə söylədim.
N i z a m i

“Özü”ndən məqsəd şairin ədəbi və mənəvi mənliyidir. “İskəndərnamə”də Allaha yalvararkən, “can” adlandırdığı bu mənliyi böyük bir hikmətlə ifadə etmişdir. Vücudunun çürüyüb torpağa çevriləcəyini bilən həkim sənətkar özünü əbədiləşdirmək ümidilə “can”ını öz nəzmindən olan bir qəlibə qoyaraq demişdir: “Ey Tanrı, Sənin əbədi varlığını isbat etmək üçün cana sinən çoxlu parlaq dəlillər gətirdim, nə olardı ki, Sən də mənim mənliyimin əbədiliyini bildirəydin!”[1]
Bu mənlikdən şair klassik ədəbiyyatda geniş yayılmış və işlədilən “öyünmə üslubu” /”Fəxriyyə” - red./ ilə poemalarının müxtəlif yerlərində öz vəziyyətini təsvir edərkən bəhs etmişdir.
Başqalarının “mənlik” və şəxsiyyətlərindən bəhs edərək işlətdiyi üslubu Nizami öz “fəxriyyə”lərində eyni şəkildə işlətmişdir.
Klassik ədəbiyyatda “dür deşmək” deyilən məcazi bir ifadə vardır. “Dür deşmək” incə, iti, bakirə ifadələrdə şer yazmaq deməkdir.
Dastanlarındakı qəhrəmanları ilə qəsidə və ithaflarında mədh etdiyi adamlar üçün bir-bir dürlər deşən Nizami özünü də unutmamışdır.[2]
Gözəl misra, mənalı söz, dərin və iti məzmunlu təşbihlərlə dolu daş-qaş dükanından ibarət olan “Pənc-gənc”in qiyməti ölçülə bilməz məsnəvilərində səpilmiş bu “dürr”lərdən (inci) seçilmiş sətirlərini bir sapa düzsək, dünyanın ən məşhur brilyant boyunbağılarından daha qiymətli bir təsbeh hasil olar.
“Sirlər xəzinəsi”ni yazdığı zaman şair hələ gənc idi, yaşı iyirmiyə yeni çatmışdı. Öz sözləri ilə desək, o, hələ açılmamış bir “qönçə” halında idi. Amma bu “qönçə” açılmasını tamamlayacaq “şimal küləyini” gözləyirdi və açılan zaman etdiyi təsiri də yaxşı bilirdi. O bilirdi ki, düşündüyü yeniliyi göstərdikdə, qiyamət şeypuru çalınacaqdır, çünki “köhnədən, yenidən nə varsa” hamısı bu “cadusözlü” adamda mövcuddur. O, əmin idi ki, onun “sənəti cadunu kölgədə qoymuş və sehr ilə əfsunu mələkləri belə çaşdırmışdır”.[3]
Nizami müzəffəranə bir əda ilə öyünərək bildirir ki, “şer mənim sayəmdə tüfeylilikdən çıxaraq, müstəqil təkyə sahibi oldu, zahid və rahiblər öz xirqə və zünnarlarını atıb mənə qoşuldular”.[4]
“Məxzən-ül əsrar”ı Anadoluya (Ərzincana) göndərənə qədər Nizami “şəhrbənd” (məhbus) olduğu Gəncə ilə Arran mühitində qəsidə və qəzəl kimi xırda şer parçaları ilə tanınmış, məhəlli miqyaslı bir şair idi. Lakin “Sirlər xəzinəsi” geniş yayıldıqdan sonra, “Xosrov və Şirin”i yazarkən onun içərisindən bir ruh ona müraciət edir: “Gəncə hara, sən hara?”. Həmin ruh onu “geniş dünya sahəsinə atılmağa” təşviq edir və “sənin dövründə sənin kimi bakirə söz söyləyən heç kimsə yoxdur” – deyə şairi “Humay quşu kimi üfüqlərə kölgə salmağa” çağırır. “Çünki sən, – ruh davam edir, – Şərq və Qərbə günəş kimi bəlli bir ruhsan”. [5]
Yaşadığı dar mühitdən o zamankı İslam Şərq mədəniyyətinin yayıldığı geniş dünyaya çıxan şair qazandığı müvəffəqiyyətin ona verdiyi haqlı bir cəsarətilə öz əhəmiyyətini daha dərindən duymağa başlayır. “Barmağım toxunarsa, heç kimdə yazıçılıq cəsarəti qalmaz” [6] – deyən Nizami öz böyüklüyünə və bütün şairlərdən, hətta Firdovsidən də üstün bir şair olduğuna işarə edir.
“Söz kimyasına hakim iki ustad köhnə dəyərləri təzələdilər; biri misdən gümüş, o biri isə gümüşdən kamil qızıl yaratdı. Misin gümüş olduğunu gördünsə, gümüşün qızıl olmasına təəccüb etmə!”[7]
“Xosrov və Şirin”i yaratmaqla qazandığı böyük şöhrəti, Şirvanşahın sifarişilə “Leyli və Məcnun” mövzusunu işləyib başa çatdırdığını görən şair “söz meydanının özünə qaldığını” hiss edir və dünyaya meydan oxumağa başlayır:

Meydan-e soxən mərast emruz
Beh z-in soxən kerast emruz
Mənası:
Söz meydanı bu gün mənimdir
Mənimkindən yüksək şer kimindir?!

Eşq əfsanəsilə ehtiraslı dastan növünün yaradıcısı olan şair öz yaradıcılığının orijinallığını yaxşı bilirdi. Heç kimə möhtac olmadan və “ehtişamını öz xəzinəsindən təmin edən” şair vəziyyətindən razıdır. “Təbinin bülbülü ancaq öz şerinin açdığı gül üzərində” ötmüşdür. [8] Özündən daha yaxşı bir gül ağacı tapa bilməyən şair “güllərini yalnız öz gül ağaclarından” dərmişdir.[9] Heç kəsdən o, bir şey borc almamış, könlü nəyi istəmişsə, ancaq onu söyləmişdir. [10] “Zəmiri (yəni təbi) müqəddəs Məryəm ana kimi bakirə olmağına baxmayaraq, hamilə olmuşdur”.[11] Aşiq də, məşuq da o özüdür.[12]
Söz yaratmaq sehrində kamil olduğu üçün Nizami öyünür ki, ona “Qeybin güzgüsü” deyirlər. Onun “dil fəsahəti İsa peyğəmbərin möcüzəsinin sehrinə malikdir: “Şerin suyu onun arxından axmış və şöhrəti də onun dövründə ucalmışdır”. [13]
“Xəmsə”yə daxil olmayan parçalarının birində Nizami özü haqqında yazdığı “fəxriyyə”də özünü “Fəzilətin şahlar şahı” və “sözün xaliqi (yaradanı)” elan edərək deyir:

“Soxən əz mən afəride ço fotovvət əz morəvvət
Honər əz mən aşekara ço təravət əz cəvani”.

[14]

Çox sevdiyi oğlu Məhəmmədə verdiyi məsləhətlərdən birində Nizami ona təbabət ilə fiqh (hüquq) elmlərini öyrənməsini tövsiyyə edir. O, oğlunu şairliyə təşviq etmir və ona deyir: “bilirəm, şer yazmaq iqtidarın var, şer yaza bilirsən, amma ən yaxşısı budur:

Sən şerdən gözləmə şöhrət və nam
Çünki Nizamidə o olmuş tamam.

[15]

Məhəmməd Həzrətləri peyğəmbərlərin sonuncusu olduğu kimi, Nizami həzrətləri də şairlərin sonuncusudurmu? Islam dini qiyamət gününə qədər qalacağı kimi, şer də qiyamətə qədər Nizami üslubunu aşa biləcəkmi?! Deyəsən, belə də olacaqdır!
Son əsəri olan “İskəndərnamə”də Nizami eynilə aşağıdakıları yazmışdır:

Bemən çon kereft esteqamət soxən
Qiyamət konəd ta qiyamət bemən.

[16]

______

  1. Ço bər həsti-ye to mən-e sostray
    Bəsi hoccət əngixtəm delqoşay

    To niz ər şəvəd məhd-e mən dər nəhoft
    Xəbər dəh ke, can mand əgər xak xoft.

    (Sənin varlığın sübutu üçün mən aciz
    Ürək açan saysız dəlillər gətirdim
    Mənim yatağım gizlinə (yerin altına) keçərkən
    Sən də mənə xəbər ver: “torpaqdan (olan bədənin uyudusa da canın qaldı” – red.)

  2. Ço əz bəhr-e hər kəs dori softəəm
    Sorudi həm əz bəhr-e xod qoftəm.

    (Hərəyə bir deşdiyim kimi,
    Özümə də bir (dürlü) nəğmə qoşmuşam – red.)

  3. Sorx qol-e ğonçe mesaləm hənuz
    Montəzer-e bad-e şemaləm hənuz.

    Gər benmayəm soxən-e tazera
    Sur qiyamət konəm avazera.

    Hər çe vocudəst ze nou ta kohən
    Fetnə şəvəd dər mən-e cadu soxən

    Sən’ət-e mən borde ze cadu şəkib
    Sehr-e mən əfsun-e məlayek-fərib.

    – Qönçə qızıl gül kimiyəm, gözlərəm,
    Açmaq üçün qüzey yelini özlərəm

    Göstərərəm yeni sözdə sehrimi
    Sur-i qiyamət yaparam şerimi


    Əski, yeni hər nə varsa cahanda
    Əks tapar bu ecazlı bəyanda

    Caduları kölgələdim şerimlə,
    Mələkləri əfsunladım sehrimlə - red.

    Məlum olduğu kimi, yel qönçə halında olan bir gülün açılmasını tezləşdirir və hətta qönçə gülü üfürümlə də açdırmaq olur. Şair açmaq üçün “şimal yeli”ni gözlədiyindən bəhs edərkən, yurdunda çox əsən bir yeli nəzərdə tutmuş və ondan ilham almışdır. Təşbehdə, şübhə yoxdur ki, “xəzri yeli”nə işarə etmişdir. Xəzri yeli Azərbaycanda şimaldan əsən küləyə deyirlər /İstanbulun poyrazı kimi/. Ucuz reklamlara uyan bəzi əldəqayırma nizamişünaslar: “Nizami şimal yeli deyərkən, özündən yüz illərlə sonra gələcək Sovet inqilabını nəzərdə tutmuşdur” – deyərək öyünürlər.

  4. Şer be-mən soumə-e bonyad şod
    Şairi əz məstəbə azad şod.

    Şaero raheb su-ye mən taxtənd,
    Xirpə-vo-zonnar dər əndaxtənd.

    Şeri mənəm minbərə sahib qılan,
    Şairliyi tabelikdən qurtaran.

    Xirqə və zünnarlarını atdılar
    Zahidü rahib mənə qoşuldular.

    /Burada müəllifin tərcüməsi orijinaldan uzaq və sərbəstdir. Dəqiq tərcüməsi belədir:

    Şer mənim vasitəmlə somuəədə özül saldı,
    Və meyxanalardan azad oldu.

    Zahid və rahib mənim yanıma qaçdılar
    Öz xirqə və zünnarlarını atdılar – red.)

  5. To an xorşid-e ruhani-qiyasi
    Ze məşreq ta be məğreb ruşenasi.

    (Sən günəşlə müqayisə edilə bilən ruhsan
    Məşriqdən məğribə qədər tanınmış simasan – red.)

  6. Gər ənqoşt-e mən hərgiri konəd,
    Nədanəm kəsi ku dəbiri konəd.

    (Mənim barmağım sözlərdə nöqsan axtarsa,
    Elə bir adam tanımaram ki, o, yazıçılıq edə bilə - red.)

  7. Do motətərrez be kimiya-ye soxən,
    Taze kərdənd nəqdha-ye kohən.
    An ze mes kərd noğre noğre-ye xas,
    Vin konəd noğre-ra bezərr-e xelas.

    (Söz kimyasının iki ustadı
    Qədim metalları təzələdilər.

    Biri misdən gümüş – xüsusi gümüş yaratdı,
    O biri isə həmin gümüşdən xalis qızıl düzəltdi – red.)

  8. Coz an k-əz soxən beşkofanəm qoli
    Bər an qol zənəm nale çon bolboli

    (Öz sözlərindən gül yaradaraq
    Həmin gülün üzərində bülbül kimi ötürəm – red.)

  9. Əgər beh ze xod qolboni didəmi
    Qol-e sorx yazərdəz u çidəmi

    (Özündən yaxşı gül ağacı görsəydim,
    Qızıl və ya sarı gülü ondan dərərdim – red.)

  10. Ariyət-e kəs nəpəziroftəəm,
    Hər çe deləm qoft bequ, qəftəəm.

    (Heç kəsdən bir borc almamışam,
    Ürəyim mənə deyib ki, “de!” onu da demişəm – red.)

  11. Zəmirəm nə zən, bəlke atəş-zən-əst,
    Ke məryəm-sefət bəkr-o-abəstən-əst!

    (Mənim qəlbim qadın deyil, od odlayandır
    Məryəm kimi həm bakirə, həm də hamilədir – red.)

  12. Bər-e aşeqan gər mocərrəd şəvəm,
    Həman beh ke məşuq-e xod xod şəvəm.
    (Aşiqlər içində yeganə olduğum üçün,
    Yaxşısı budur ki, özüm özümün məşuqu olum – red.)

  13. Şer ab ze cuybar-e mən yaft
    V-avaze beruzeqar-e mən yaft.

    (Şer suyunu mənim bulağımda tapdı,
    O, şöhrəti də mənim zamanımda tapdı – red.)

  14. (Tərcüməsi: “Comərdlik alicənablıqdan yarandığı kimi söz də məndən yaranıb, Təravət cavanlıqdan aşkar olduğu kimi, söz hünəri məndən aşkar olub” – red.) “Məlek əl-mülk” başlığı ilə verilən bu qəsidə Ziya Paşanın “Xərabat”ında və H.Danişin “Səramədani-süxən”ində vardır. V.Dəstgirdi bu qəsidəni “Gəncineyi-Nizami”sinə daxil etmiş, haşiyədə beytlərin şərhi və izahını vermişdir. Professor N.Tərlan “Gəncinə”dəki Nizami şerlərini nəsrlə türkcəyə çevirmiş və Ə.Xalid kitabxanası vasitəsilə İstanbulda nəşr etdirmişdir. Amma, təəssüf ki, bu çətin işə qadir olduğu halda, qələmi “mətn”dən çox, “şərh”ə uymuşdur.
  15. Z-in fən mətləb bolənd nami
    K-in xətm şodəst bər Nezami.

  16. Beytin tərcüməsi:

    (“Söz mənim ilhamımla istiqamət, möhkəmlik taparaq,
    Qiyamət gününə qədər qiyamət edəcək” – red.)