Azərbaycan şairi Nizami/Nizamiyə borcumuz

Unudulmuş Nizami Azərbaycan şairi Nizami. Nizamiyə borcumuz
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Nizaminin tərcümeyi-halı


Azərbaycanın bu böyük oğluna can və ürəkdən bağlanmaq, ona aid maddi və mənəvi xatirələri Vətən və milləti birləşdirən bir müqəddəsat kimi mənimsəmək, əsərlərini diqqət və ehtiram ilə öyrənmək, yaratdığı ədəbi tablo və timsalları müasir sənətin texnikası vasitəsi ilə yenidən canlandırmaq, möcüzəli sənətindəki bütün incəliklərin zövqünə varmaq, yüksək ruhundakı böyüklük və dərinliyin həqiqi ölçülərini bilməyə çalışmaq, varlığın sirlərini araşdıran hikmət və fəlsəfəsini qavramaq, bir sözlə: öz zamanında anlaşılmadığından şikayət etdiyi “türkcə”sini anlamaq – budur vətənpərvər Azərbaycan ziyalılarının və xalqını sevən bütün türklərin vəzifəsi. Bu vəzifədən üzərimizə düşən hissəsini öz bacarığımız daxilində hazırladığımız və müharibə vaxtının yaratdığı çətinliklər məxəz və qaynaqların hamısını əldə edib nəzərdən keçirə bilmədiyimiz nəticəsində istədiyimiz kamillik və dolğunluğa nail olmayıb bizi qane edə bilməyən bu səhifələrin Nizaminin yubileyinə hədiyyə edilməsindən başlıca məqsəd türk dilli gənc nəsildə Azərbaycanın bu böyük şairinə qarşı bir maraq oyatmaqdan ibarətdir.
Kitabımızın bu məqsədə nail olduğunu bilmək bizim üçün bir sevinc qaynağı olacaqdır.

M.Ə.Rəsulzadə. Buxarest. 10/VIII – 1941.