Azərbaycan şairi Nizami/Xosrov və Şirin

Məxzən-ül-Əsrar Azərbaycan şairi Nizami. Xosrov və Şirin
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Leyli və Məcnun

Xodavənda dər-e toufiq beqoşay
Nezami-ra dər-e təhqiq benomay

(İlahi, müvəffəqiyyət qapısını aç,
Nizamiyə axtarış qapısını göstər! – red. )

6966 beytdən ibarət olan bu məsnəvi hicri 576-cı ildə (miladi – 1180) tamamlanmışdır.[1] Əsər Azərbaycan hökmdarlarından Atabəy Məhəmməd Cahan-Pəhləvana ithaf olunmuşdur.
“Xosrov və Şirin” Sasanilərin 23-cü şahı Xosrov Pərviz ilə sevgilisi Şirin haqqında qədim bir hekayət əsasında işlənmiş mənzum bir romandır. Bu hekayətin müxtəlif hissələri qədim kitablardan olan Cahizin “Kitab əl-məsahin vəl-əzdad”, Əbu Mənsur Səalibinin “Ğürər əl-əxbar”, Əbu ilə Miskəveyhin “Nədim əl-fərid”, İbn Nəba-tenin “Sirh əl-üyun” əsərlərində nəsr ilə və məşhur İran şairi Əbül-Qasim Firdovsinin “Şahnamə”sində (yalnız bir hissəsi) nəzm ilə, bir-birinə bənzər şəkildə nəql olunmuşdur.[2]
Nizami bu hekayəti bütünlüklə nəzmə çəkən ilk şairdir; özünə xas psixoloji təhlil və yaradıclıq məharəti sayəsində dünya ədəbiyyatının əbədi mövzusunu təşkil edən məhəbbət haqqında yazılmış dastanlar arasında ona xüsusi bir yer təmin etmişdir.

Hekayənin müəyyən bir çərçivə içərisinə sığan qısa məzmunu belədir:
Sasani padşahı Hörmüzə canı qədər sevdiyi yeganə oğlu və vəliəhdi Xosrov Pərvizdən şikayət edirlər.
– Günahı nədir? – deyə soruşur.
– Atı bir kəndlinin tarlasını yemişdir. Qulları başqalarının bağından salxımlarla üzüm dərmişlər. Özü kəndxudanın razılığı olmadan evinə girmiş və yatağında gecələmişdir. Çalğıçısı kamanının naləsi ilə bütün gecə xalqın rahatlığını pozmuşdur, – deyirlər.

Əmr edir: şahzadənin atı kəndliyə bağışlansın, qulları üzümü dərilmiş bağın sahibinə verilsin, taxtı yatağı alınmış kəndxudaya verilsin, çalğıçının dırnaqları çıxarılıb kamanının telləri qırılsın.
Ağıllı şahzadə atasının bu ağır cəzasını mərdliklə qarşılayır və hüzura gələrək etdiyindən peşman olduğu üçün bağışlanır.
Bu hadisədən sonra daim fikirli görünən şahzadə günlərin birində öz nədimi, məşhur rəssam Şapurdan gördüyü bir yuxunu yozmağı xahiş edir.
Nazənin bir pəri Xosrovun yuxusuna gəlmiş və demişdir: “Dörd sevdiyin şey əlindən çıxmışsa da, dörd şeyin müjdəsini verirəm: birincisi, üzüm yediyin zaman üzünü turşutmadığın üçün elə gözəl bir yar tapacaqsan ki, ondan daha şirin bir varlıq dünyada ələ düşməz; ikincisi, atını bağışladılarsa da Şəbdiz adlı qara bir ata malik olacaqsan ki, sürətdə külək də ona çata bilməz; üçüncüsü, taxtını kəndliyə verdilərsə də baxtin dönmədi – qızıldan şahanə bir taxta çıxacaqsan; dördüncüsü, dırnaqları çıxarılmış sazəndənin yerinə Barbəd adlı bir çalğıçın olacaq ki, ahəngi ilə bülbülləri belə bihuş edəcəkdir.
Şapur şahzadənin yuxusuna girən gözəlin şahzadə Şirindən başqası olmayacağını söyləyir. Bu, Dərbənd dənizi ətrafındakı Gülüstanın bəri tərəfində [3] hökmdarlıq edən Şemiraminin [4] qardaşı qızı və vəliəhdidir. Şəbdiz adlı qara at da bu saraya məxsus tövlədədir.
Rəssam Şapur Şirindən danışdıqca yuxuda gördüyü gözəl şahzadənin gözləri önündə canlanır. Nəhayət, qəlbini bürüyən həyəcanı saxlaya bilməyən Xosrov sədaqətli nədiminə Şirinə vurulduğunu etiraf edir və ondan bir çarə istəyir. Şapur Şirini tapmaq və könlünü ələ gətirmək məqsədilə şahzadədən bir üzük alıb yola düşür.
Gecəni gündüzə qataraq yol gələn Şapur bir yaz mövsümündə Ermənistan dağlarına yetişir. Bu mövsümdə Şirin, adətən, qızların müşayiəti ilə dağ yamaclarında, çəmənliklər və çiçəkliklərdə vaxtını keçirərmiş. Qərib bir yolçu sifəti ilə dağdakı bir monastırda məskən salan Şapur çox keçmədən gözəllərin yerini öyrənir, onların arasında Şirini müəyyənləşdirir, lakin özünü heç kimə göstərmir, məqsədə yetişmək üçün tədbirlər düşünür – qızlığın bəxş etdiyi sevinclə, zövq və səfaya dalaraq əylənən pəriləri hər hansı yad bir adamın mövcudluğu ürküdə bilərdi, ehtiyatla davranmaq lazım idi. Şapur bir kağız üzərində şahzadə Xosrovun şəklini çəkərək gecə qaranlıqda gözəllərin olduqları yerdə bir ağacdan asır. Səhər açılarkən yenə gəzintiyə çıxan qızlar, eyş-işrətin ən dadlı bir anında ağacdakı kağızı görürlər. Şəkli Şirinə gətirirlər. O, müstəsna dərəcədə gözəl bir gəncin şəkli olan bu kağızı dağın başında hansı əlin ağacdan asdığı barədə fikrə gedir. Qızlar bunun pəri sehri ola biləcəyindən qorxuya düşürlər – şahzadənin onu seyr etməsinə imkan vermirlər. Hadisəni gizlincə müşahidə edən Şapur şəklin ikinci bir surətini başqa bir ağacdan asır. Eyni qayda ilə qızların əlinə keçən şəkil bu dəfə Şirini xüsusilə maraqlandırır. Yanındakılar yenə kağızı ondan alıb cırırlar. Olduqları yerin pərilər məskəni olmasına şübhələri qalmır. Başqa bir gəzinti yerinə köçürlər. Şapur qızların köçdüyü yeni çəmənliyin də yerini öyrənir. Üçüncü dəfə Xosrovun şəklini bir ağaca asır. Bu dəfə şəxsən Şirinin özü şəkli görür və bunun pəri deyil, insan işi olduğu qənaətinə gəlir. Gözəl şahzadə şəkildəki gəncə vurulduğunu yanındakı qızlara açır. Naməlum gəncin şərəfinə bir-birinin ardınca qədəhlər qaldıraraq, hər dəfə içdikdən sonra şəkli doymadan öpür. Dərin düşüncədən sonra əmr edir: qızlar ətrafdakı dərələrə, təpələrə dağılıb buraya bir yad adamın gəlib-getdiyini və bu şəkildən xəbəri olub-olmadığını öyrənsinlər.
Bu axtarış zamanı şair Şirinin özünü Şapurla rastlaşdırır. Qarşısındakı gözəlin axtardığı Şirinin özü olduğunu bilən qoca rəssam, Nizaminin istifadə etdiyi şahmat istilahı ilə desək, “gedişinin baş tutduğunu” görüb ehtiyatla davranır: sirrini açmazdan əvvəl şahzadə ilə ikilikdə qalmağa nail olur. Söhbət əsnasında Şirini şəklini gördüyü gəncə aşiq olduğunu etiraf etdirdikdən sonra olub keçəni danışır, kim olduğunu söyləyir və şəklini çəkdiyi adam tərəfindən elçiliyə göndərildiyini bildirərək Xosrovdan aldığı üzüyü Şirinin barmağına taxır.
Öz aralarında tutduqları plana görə, Şirinin İran paytaxtı Mədainə getməsi qərara alınır. Şirin bibisindən qızlarla birlikdə ova çıxmaq üçün icazə alacaq və bir bəhanə ilə bu zaman Şəbdiz atına minmiş olacaqdır. Bu yolla çölə çıxdıqdan sonra mindiyi atın qeyri-adi sürətindən istifadə edərək məiyyətindən uzaqlaşacaq və İran yolunu tutacaq, Mədainə gedərək vəliəhd Xosrovun xüsusi mənzilinə yetişdikdə Şapurun verdiyi üzüyü göstərərək qəbul olunacaqdır.
Şapur Xosrovun qırmızı rəngli libas geyindiyini və qırmızı papaq qoyduğunu hər ehtimala qarşı məlumat üçün Şirinə deyir.
Mədainə gəldikdə, tutalım, şahzadəyə rast gəlməzsə və onu yerində tapmazsa, Şirinin arzusu üzrə istədiyi şəkildə dincəlməyə imkanı olacaq və onun şahzadəni gözləyə bilməsi üçün hər bir şərait yaradılacaqdır. Şirinin yola düşməsi xəbərini alar-almaz Şapur da onun arxasınca hərəkət edəcəkdir.
Dövrün adəti üzrə oğlan kimi geyinmiş Şirin məşhur Şəbdiz atına minərək özü kimi oğlan libasında olan qızların müşayiətilə ova çıxır. Dərhal qara atı mahmızlayan Şirin İran yolunu tutur. Yanındakılar atlarını şahzadənin ardınca çapırlarsa da, yel kimi uçan Şəbdiz bir anda gözdən itir və şahzadənin izindən tozdan başqa heç nə qalmır. Qızlar məyus halda geri qayıdırlar.
Üzüntülü xəbəri alan şah Şemirami son dərəcə mütəəssir olsa da Şəbdizin arxasınca getməyi faydasız bilir. Şirin yol getməkdə olsun, biz isə sürətdə Şəbdizin yeganə rəqibi olan xəyalın köməyi ilə bu zaman Mədaindəki hadisələrlə tanış olaq:
Rəqiblərinin qurduğu bir intriqadan sonra atası Xosrovdan şübhələnməyə başlayır. Onun yaxşılığını istəyən qoca vəzir Büzürgümmidin tövsiyəsi ilə Xosrov müəyyən müddətdə Mədaində olmamaq üçün paltarını dəyişib gizlicə səyahətə çıxır.[5] Onun məqsədi Şapuru tapmaq və bəlkə də Şirinlə görüşməkdir. Yola çıxarkən hər ehtimala qarşı, onu bir qadın soruşarsa, onun hər cür istirahətini təmin edib şahzadənin də iki-üç həftəyə qayıdacağını söyləməyi saray adamlarına tapşırır.
Mədainə yaxın bir yerdə ətrafda heç kəsin olmamasından istifadə edən Şirin yorğunluğunu çıxarmaq üçün bir çeşmə başında çimməyə başlayır. Paytaxtdan uzaqlaşmaqda olan Xosrov ona rast gəlir və hər ikisində qarşılıqlı qəribə bir meyl və eşq hissi oyanırsa da, bir-biri ilə tanış olmaq üçün münasib bir səbəb olmadığından və üstəlik şahzadənin əynində Şirinə deyilmiş əlamətlərlə uyğun gəlməyən adi geyim olması sevgililərin, rastlaşsalar da bir-birini tanımadan müxtəlif istiqamətlərdə ayrılmalarına səbəb olur.
Şirin Mədainə – Xosrovun sarayına gəlir. Onu qəbul edirlər. Şahzadənin gedərkən bir kəs gələrsə, onu gözləməsini tapşırdığını söyləyirlər. Şəbdizi tövləyə bağlayırlar, Şirinə də cariyələrə məxsus qəsrdə bir yer ayırırlar. Şirin burada yeni gəlmiş cariyə rolunu oynamağa məcbur olur. Intizar onu üzür. Özünun bir dağ qızı olub şəhər hava və həyatına alışmadığı üçün xəstələndiyini bildirərək, Şirin mümkünsə, onun üçün də dağda bir yer hazırlanmasını xahiş edir. Sarayın paxıl cariyələri onun bu xahişindən istifadə edərək mənzərəli və xoş havalı bir saray əvəzinə Kirmanşah yaxınlığında, havası bürkü, yaşıllıqdan məhrum bir dağın qayalıqları arasında həbsxanadan fərqlənməyən bir qəsr tikdirirlər. Gözəl Şirin bu qəsrə köçür.
Digər istiqamətdə yola düşən Xosrov Ermənistan hüduduna gəlir. Burada bir az qaldıqdan sonra Muğana, ordan da Xuzistana gedir. Şemirami şahzadənin bu tərəflərə gəldiyini bilən kimi onu qarşılamağa çıxır. Onu qışı eyş-işrətlə keçirmək üçün Bərdəyə dəvət edir.
Şah Şemiraminin qonağı kimi vaxtını keflə keçirən Xosrov daxilən əzab çəkir, Şirini düşünür. Amma sirrini heç kəsə açmır. Birdən Şapurun gəldiyini xəbər verirlər. Sonsuz maraq içində Şapurla təkbətək qalan Xosrov olub keçəni öyrənir (Şapurun Şirinə verdiyi sözə xilafən hələ buralarda olması onun təsadüfən xəstələnməsindən irəli gəlmişdir).
Hadisəni Şemiramiyə açırlar. Xosrovun əmri ilə Şapur Şirini gətirmək üçün Mədainə qayıdır. Şapur Şirini “Qəsri-Şirin”dən götürüb min bir sevinc içində Bərdəyə qayıtdıqda Xosrovu orda tapmır. Fələk yenə də öz işini görmüşdür: Şapur getdikdən sonra Hindistandan Xosrovun yanına bir qasid gəlmiş, atasının orda ölməsi xəbərini ona yetirmiş və demişdir ki, bütün dövlət adamları taxt-taca sahib olmaq üçün onun dərhal məmləkətə qayıtmasını gözləyirlər. Bu hadisə ilə əlaqədar Xosrov Şirini gözləmədən getmişdir.
Xosrov İran taxtına çıxıb səltənət işlərini yoluna qoyduqdan sonra könlünün səsinə qulaq asaraq Şirini axtarır. Şapurun onu apardığını bildirirlər. Gənc padşah yenə dadmalı olduğu ayrılıq acısını Şirinin burda qoyub getdiyi Şəbdizlə sakitləşdirir.
Fəqət taleyin daha acı oyunları varmış: Bəhram-Çubin adında dəmir iradəli sərkərdələrdən biri könlünü qızlara vermiş eşqbaz bir uşağın məmləkət işlərini idarə etməyə qadir olmayıb himayəyə götürülməsinin zəruriliyi fikrini yayaraq bir yandan dövlət adamlarını, digər tərəfdən də əhalini Xosrovun əleyhinə qaldırır.
Yalnız Şəbdizin qeyri-adi sürəti nəticəsində Xosrov yaxasını düşmən əlinə vermir və təhlükədən canını qurtarıb Azərbaycana – Muğana gəlir. Burada o, məiyyəti ilə gəzintiyə çıxmış gözəl Şirinlə görüşür və tanış olurlar. Sevgilisinə qovuşandan sonra fəlakətini unudan Xosrov əyləncələrə qurşanır. Eyş-işrətlə keçən bu nəşəli günləri Nizami özünəməxsus bir qüdrətlə, bütün təfərrüatı ilə təsvir edir. Dinini və ismətini qorumaq və camaat arasında olmaq şərti ilə Xosrova ən yüksək iltifatlar göstərmək üçün şah bibisindən icazə almış Şirin, sevgilisi ilə öpüşməsinə baxmayaraq, eşqdən məst olmuş gəncin daha uzağa gedən arzularına yol vermir. Bu zəmində aşiqlə məşuq arasında gedən dialoq mübahisə şəklini alaraq böhranlı bir nöqtəyə çatır. Şahzadənin israrından özünü xilas etmək üçün Şirin deyir: “Hər şeydən əvvəl itirdiyin taxtını geri al! Qorxuram ki, mənə qovuşub taxtsız qalasan, halbuki mən taxt və tacını geri alana qədət səni gözləyərəm!”.
Sevgilisinin bu xəbərdarlığından qəzəblənən Xosrov həmən qara atın belinə sıçrayaraq: “Mən sənin ucbatından taxtımı və tacımı itirdim; bir də sən məni gah nakam qoymaqla əzab verir, gah da comərdlik öyrətməklə alçaldırsan, eləmi?!” – deyə Şəbdizin başını çəkərək gözdən itir.
Xosrov Rum paytaxtı Qostəntəniyyəyə (Konstantinopola) gəlir. Bizans imperatoru onu çox gözəl qarşılayır. Qızı Məryəmi ona verir.[6] Eyni zamanda, Rum imperatoru bir ordu təşkil edərək tac və taxtını geri almaq üçün kürəkəninin ixtiyarına verir. Bağlanan şərtə görə Xosrov Məryəmə ölənə qədər sadiq qalacağına və ondan sonra evlənməyəcəyinə, ondan başqa heç kəsi sevməyəcəyinə söz və zəmanət verir.
Xosrov Pərviz taxtını qəsb etmiş Bəhrama qarşı döyüşdə qələbə qazanır. Qalib kimi Mədainə gəlir və padşahlıq taxtına çıxır.
Bu zaman şah Şemirami ölmüşdür. Şirin şah olmuşdur. O, bütün əməyini məmləkətin rifahına sərf etmiş və özünü xalqa sevdirmişdir. Amma könlü xoş deyildir. Qəzəblənib getdiyi gündən bəri Xosrovdan ayrıldığına yanmaqdadır. Sevgilisini incitdiyinə peşman olmuşdur. Qəlbini iztirablar üzür.
Nəhayət, Şirin qəti qərara gəlir: yerinə bir nəfəri təyin edərək, məmləkətindən çıxıb İrana gəlir və tanıdığımız “Qəsri-Şirin”də məskən salır.
Xosrov yenidən sahib olduğu səltənətini qaydaya salmaqla məşğuldur. Hər şey könlünün istədiyi kimi gedir: rəqibi Bəhram ölmüşdür. Vilayət hakimləri ona itaət etmişlər.
Xosrovun təşkil etdiyi eyş-işrət və əyləncə məclislərinin səsi və sədası bütün Mədaini bürümüşdür. Nəşəli gecələrin birində Barbəd adlı çalğıçısının çalıb-oxuduğu bir qəzəlin təsiriylə Xosrovda Şirinlə birlikdə keçirdiyi xoş günlərin xatirəsi canlanır. Bir tərəfdən şərabın, bir tərəfdən də alovlanmış sevginin coşdurduğu Xosrov qadını Məryəmin otağına gələrək, səmimi bir dillə xanımının ağzını arayır:
− Şirin – deyir, – məndən ötrü taxtı-tacından keçmişdir. Mənə çox yaxşılıqlar etmiş bu qadına mənim kimi sənin də hörmət etməyin münasib olardı. Əgər müsaidə etsən, gəlsin, sarayda bir otaqda yaşasın.
Qısqanc bir qadın hissilə alışan Məryəm Xosrova Qostəntəniyyədəki əhdini xatırladaraq deyir: “Şirin bu saraya gəlsə, mən o dəqiqə İranı tərk edib, Ruma qayıdaram”. Bu qəzəb qarşısında geri çəkilən padşah məsələni təxirə salaraq xanımını sakitləşdirmək üçün əvvəlki əhdini bir daha təsdiq edir.
Xosrov bir dəfə də sevgilisini görməyə cəhd edir. Şapura tapşırır ki, Şirini gizli bir surətdə saraya gətirsin.
Şapurun bu gedişi psixoloji təhlil baxımından dastanın ən qüvvətli parçalarından birini təşkil edir: darıxmış və qəzəblənmiş Şirin Şapuru vəfasız aşiqinin ünvanına söylədiyi təsirli və hiddətli bir monoloqla qarşılayır. “Onun yolunda tacımı və taxtımı fəda etdimsə də, qadınlıq şərəfimi və mənliyimi fəda etmərəm”, – deyə Şirin gizli yolla saraya getmək təklifini qətiyyətlə rədd edir.
Şirin bir çətinliyi də Şapura bildirir. Deyir ki, qəsrimiz dağlıq, hündür və tənha bir yerdədir. Sürümüz isə buradan iki ağacda (fərsəxdə) yerləşən bir otlaqda otlamağa məcburdur. Əsas yediyimiz süddür. Bu vəziyyətdə belə uzaqdan süd gətirmək çətindir. Bir usta olaydı, çobanların sağdığı südü təzə-təzə sürülərin olduğu yerdən buraya axıtmağı bacaraydı.
Şapur bir mühəndis, memar və heykəltəraş olan Fərhadı Şirinin yanına göndərir. Şirinin şirin dilinə, gül üzünə vurulan sənətkar çox keçmədən arzu olunan işi yerinə yetirir. Qoyunların olduğu yerdən “Qəsri-Şirin”ə qədər daşdan bir arx çəkib mərmər hovuza birləşdirir. Qəsrdəkilər heç bir zəhmət çəkmədən çobanların iki ağaclıqda sağdıqları südü təzə-təzə hovuzlardan götürürlər.
Şirinin təşəkkür və iltifatlarından məmnun qalan Fərhad mükafat olaraq ona verilmiş cəvahiratı gözəlin ayaqları altına atıb eşqdən məst olmuş bir vəziyyətdə “Qəsri-Şirin”dən uzaqlaşır. Bu andan etibarən vurğun olmuş Fərhadın ara-sıra bu tərəflərə gəlib qəsri uzaqdan seyr etdiyini görürlər.
Şirinə vurulan Fərhadın Məcnun kimi sərgərdan olub çöllərə düşməsi xəbəri saraya gedib çatır. Qısqanclığı baş qaldıran Xosrov Fərhadı tapıb yanına gətirmək üçün ətrafa adamlar göndərir. Aşiqi tapıb gətirirlər.
Xosrov ilə Fərhad arasında keçən deyişməni (dialoqu) Nizami fəlsəfi bir tərzdə vermişdir. Eşqdən sərməst olan Fərhadın tac sahibi rəqibinin çaşdırıcı suallarına verdiyi cavablar padşahı mat qoyur. Qızıl vədinə uymayan, mənəvi sorğu-sualda təslim olmayan rəqibini, padşah bu dəfə qeyri-mümkün bir işlə sınaqda məğlub etməyi qərara alır.

Xosrov deyir:
– Deyirlər ki, sən məharətli bir ustasan. Şəhərimizin yolunu kəsən bir dağ var, onu oradan götürə bilərsənmi?
– Bəli, padşah, amma bir şərtlə!..
– Nədir o şərt?..
– Mən dağı yaracağam, sən də Şirindən əl çəkəcəksən!
Aşiqin bu cəsarətinə heyran qalan Xosrov hiddətlə bağırır:
– Söz verirəm!
Fərhad padşahın hüzurundan çıxaraq birbaşa, sonradan “Bisütun” kimi tanınan dağı yarmağa girişir.
Günlər, aylar keçir. Hadisəni Şirinə xəbər verirlər. O, Fərhadı görməyə gəlir. Bu gəliş aşiqə yeni qüvvə və ümid verir. Dağın yarılması işi daha böyük bir ruh yüksəkliyi və həyəcanla davam edir.
Xosrova xəbər gətirirlər: işlər çətinləşir. Çox keçməz dağ yarılar, rəqib qalib gələr.
Hə etməli?!
Xosrov hiyləyə əl atır. Fərhadın yanına adam göndərir. Zahirən xeyirxah görünən bu xain adam Bisütuna gəlir və Fərhaddan:
– Ey qafil, nə edirsən? Kimin üçündür bu cəhd? – deyə soruşur.
– Şirin üçün!
– Hanı Şirin?.. O ölmüşdür!..

Bunu eşidən kimi aşiq canını tapşırır. “Can canana təslim edilir”.[7]
Şirin faciəvi xəbəri eşidir. Cənazə üstünə gəlir. Fərhadı mərasimlə dəfn etdirir (Bu hissə mənzumənin ən təsirli parçasını təşkil edir).
Fərhadın matəmini tutan Şirinə Xosrov bir başsağlığı məktubu göndərir. Eyhamlarla dolu olan bu məktubunda “öldürdüyü aşiqə yas saxlayan” Şirinə təsəlli verərək, “pərvanə yandısa da, şam qaldı” deyir.
Az sonra Məryəm xəstələnərək vəfat edir. Dedi-qoduçular onun Şirin tərəfindən zəhərləndiyini söyləyirlər. Bu ölümə ürəyində sevinən Xosrov, zahirən, adətə uyğun olaraq, bir il yas tutur. Şirin də səadətinin yolundakı əngəlin aradan qalxmasına ürəkdən sevindiyi halda, ehtiyatla davranır: “Qəsri-Şirin”də matəm saxlatdırır. Bir il keçdikdən sonra o da Xosrova bir başsağlığı məktubu göndərir: “Məryəm öldüsə də, İsa qaldı” – deyir.
Şirinin məktubundakı eyhamları öz eyhamlarının cavabı kimi başa düşən Xosrov, Şirinin yanına yağlı dili olan elçilər göndərir. Lakin Şirin naz edir. “Hər şeydən əvvəl nikah və rəsmiyyət” – deyir. Şahın xahişləri gücləndikcə, Şirinin nazı da artır.
Xosrov işin çətinləşdiyini anladıqda, çıxış yolunu hiylədə görür. Laqeydlik üsuluna əl atır. Aylar keçir. Xosrov İsfahanda yaşayan Şəkər adlı bir gözəlin sorağını alır. Onun yanına gedir. Əslində yüngül bir həyat keçirən bu qadının bütün açıq-saçıqlığına baxmayaraq, ismətini saxlamış bir qız olduğunu bildikdə, sarayına gətirir. Özünə arvad edir.
Bütün bunları bilən Şirin öz qəsrində əzablar içində ümidini üzməyib dözür. Həyatı ah-zar içində keçir. Allaha müraciətlə: “Ədalət qələbə çalmayacaqmı?” – deyə yanıb-yaxılır.
Şəkər Şirinin yerini vermir. Könlün deyil, sadəcə olaraq vücudun meylindən doğan bu ünsiyyət Xosrovu təmin etmir. Bir müddət sonra Xosrov yenidən Şirindən almadığı muradının atəşi ilə yanmağa başlayır. Bu dəfəki həsrət daha dözülməz və daha amansız olur.
Padşah ova getmək bəhanəsilə çölə çıxır, məiyyətindən xeyli aralanır, atını “Qəsri-Şirin”ə doğru sürür. Amma Şirinin əmrinə görə qapıları Xosrovun üzünə açmırlar. Çovğunlu bir qış axşamında qapının arxasında qalan aşiqlə qəsrinin pəncərəsindən baxan məşuq arasında dialoq, izzəti-nəfsinin intiqamını almaq istəyən qadın ilə istəyinə yetməyə can atan kişi israr və inadlarının yüksək poetik ifadəsindən ibarətdir.
Padşahın heç bir etirafı, izahı və xahişi fayda vermir. Şirin heç bir vəchlə tutduğu mövqedən əl çəkmir. – Məni istəyirsənsə, qanuni istə; kəbin kəsdir, sonra sarayına apar, əks halda get Şəkərinin yanına. Xosrov yenə qara atının cilovunu çəkib incimiş halda Şirinin qapısından uzaqlaşır.
Son dərəcə mütəəssir olmuş Xosrov hadisəni Şapura açaraq Şirindən şikayət edir.
Şirin də etdiyindən peşman olur və Şapuru axtarmağa başlayır.
Qoca rəssam aşiqləri barışdırmaq və qovuşdurmaq üçün tədbir tökür. Şaha rəsmi olaraq evlənəcəyini Şirinə söz verməyini təklif edir; Şirinə də nikah kəsilməmiş saraya gəlməyə razılaşmağı məsləhət görür. Nəhayət, sevgililər görüşürlər. Görüşmə səhnəsi sarayda baş verir. Bu səhnəni XII əsrin şairi hər hansı müasir bəstəkar və rejissorun qibtə edə biləcəyi bir ustalıqla təsvir edir:
Məşhur sazəndə Barbədin də daxil olduğu çalğıçılar dəstəsi hissləri coşduran minbir hava çalıb-oxuyur. Artistlərdən biri Xosrovun, o biri Şirinin dilindən öz aralarında aşiqanə bir deyişmə keçirirlər. Bu qarşılıqlı şerləşmənin ən qızğın vaxtında yan otaqdan Şirinin məlahətli səsi eşidilir. Hamı bir anda susur. Xosrov eyni melodiya üstə Şirinə cavab verir. Əvvəlcə iki otaq arasında cərəyan edən bu qarşılıqlı “təğəzzül” Şirinin birdən səhnəyə çıxması ilə daha da güclənir. Sevgililər birlikdə eyni ahəng üzərində oxumağa davam edirlər.
Bu “duet” səhnəsi əsərin ən emosional hissəsinin təşkil edir. Bu vəziyyətdə görüşən “gəncləri”, şair rəsmi surətdə toy edərək evləndirir.
Burada hekayənin məcusi [8] dövrünə aid rəvayəti bitir. Sənət baxımından da əsər burada bitməli idi. Lakin Nizami dindar bir müsəlmandır. Onun üçün “Xosrov və Şirin” əfsanəsini burada kəsib İslamdan sonrakı rəvayətlərin təsirli hissələrini qələmə almamaq qeyri-mümkündür. Buna görədir ki, şair mənzuməsini Xosrov Pərvizə Məhəmməd peyğəmbərin məktubuna qarşı etdiyi hörmətsizliyin cəzasını çəkdirmədən tamamlamamışdır.
Xosrov Şirinlə evləndikdən və bərabər bir neçə il səltənət sürdükdən sonra taxtı bizanslı Məryəmdən olan oğlu Şiruyəyə tapşıraraq istirahətə çəkilir. Lakin istədiyi istirahətə nail olmur: analığı Şirinə aşiq olan Şiruyə atasını gecə yuxuda ikən yatağında xəncərlə öldürtdürür.
Şirin ud ağacından bir beşik düzəltdirir, qızıla tutdurduğu bu beşiyi qiymətli daşlarla bəzətdirir. Qədim Kəsra adətinə görə, padşahın meyidini bu beşiyə qoyaraq, uşaq kimi yelləyir. Sonra bu tabutu “padşahların” çiyinləri üstündə Xosrov üçün hazırlanmış türbəyə gətirirlər.
Padşahın çalğıçısı Barbəd mizrabını qırır, xanəndəsi Nəkisa qavalını parça-parça edir; vəziri Büzürgümid söyüd kimi titrəyir. Matəm mərasimi böyük bir ah-zar içində hərəkətə gəlir. Başı açıq cariyələr və xidmətçilər arasında Şirin nazlı-nazlı yeriyir. Gözlərindəki sürməsi, yanaqlarındakı ənliyi, dodaqlarının allığı və gərdəninə tökülmüş saçları ilə o, gözəlliyinin cazibəsini daha da artıraraq yeriyir. Başındakı sarı örpəyi və əynindəki al geyimi ilə baxanları bihuş edir. Hər kəs bu halda əri Xosrovun ölümündən Şirinin məmnun qaldığını güman edir; bu görünüş xüsusən Şirinin yeni vurğunu, ata qatili Şiruyəyə ümidlər bəxş edir.
Matəm dəstəsi türbə önündə dayanır. Təzə bir gəlin kimi təravətli olan Şirin cənazə ilə bərabər türbənin içinə daxil olur, arxasınca qapını bağlatdırır. Padşahın cənazəsi üstünə gəlir və fəryad qopararaq əlindəki xəncəri öz köksünə sancır; tökülən isti qanı ilə sevimli ərinin soyuq cəsədini isidir.
Bayırdakılar fəryadı eşidib türbəyə girirlər və “vücudun vücuda, ruhun da ruha” qovuşduğunu görürlər. Aşiq ilə məşuq bir məzarda dəfn edilir.
Şairə görə, Şirinin bu hərəkəti misilsiz bir fədakarlıq və nadir vəfadarlıq nümunəsidir. Odur ki deyir:

Ke coz Şirin ke dər xak-e doroşt əst,
Kəsi əz bəhr-e kəs xod-ra nə koştəst!


Türkcəsi:
Bu dünyada Şirindən başqa heç bir
Adam başqası üçün ölməmişdir! <ref>Sətri tərcüməsi: “İndi kobud torpaqda olan Şirindən başqa heç kəs özünü başqa bir kəsdən ötrü öldürməmişdir” – red.

</ref>

____

  1. Qozəşt əz pansəd həftad-o-şeş sal
    Nəzəd bir xətt-e xuban kəs çenin xal.
    (Hicrətdən) beş yüz yetmiş altı il keçdi –
    (hələ) heç kəs gözəllərin xəttinə belə xal qoymadı! – red.)

  2. M.Ə.Tərbiyət, Danişməndani-Azərbaycan, Tehran, 1314 h.
  3. Orta əsr mənbələrində “Gülüstan” Şirvan ilə Aran tərəflərə deyilirdi. Bakılı Abbasqulu ağanın tarixi əsərinə verdiyi “Gülüstani-İrəm” adı da yəqin ki, bu ənənənin təsirindən irəli gəlmişdir.
  4. Nizaminin “Məhinbanu” kimi tərcümə etdiyi bu Şemirami Avropa ədəbiyyatında “Semiramis” kimi məşhurdur.
  5. Tarixi əsərlərdən məlum olduğu kimi, Xosrovun Mədaindən qaçması qiyam etmək niyyətində olan Bəhram Çubinin bir fitnəsi sayəsində baş vermişdir. Bəhram vəliəhd Xosrovun adına sikkə kəsdirərək bunları Mədainə göndərmiş və bununla da atanı oğuldan şübhələndirmişdi. (Təbəri, II cild, s.198-299).
  6. Xosrov Pərviz ilə Bizans imperatoru arasında bağlanmış siyasi müqavilənin təfsilatı Firdovsidə vardır. Nizami isə hadisənin xüsusən lirik aspekti üzərində dayanmışdır.
  7. Bebayəd eşq-ra Fərhad budən,
    Pəs anqahi bemordən şad budən!
    (əvvəlcə) eşqdə Fərhad olmaq laızmdır ki,
    Sonra ölümə şad olmağı bacarasan! – red.)

  8. atəşpərəstlik – red.