Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Əbdürrəhman ağa Dilbaz oğlu "Şair" təxəllüs

Cəfərqulu xan "Nəva" təxəllüs Azərbaycan ədəbiyyatı. I cild. Əbdürrəhman ağa Dilbaz oğlu "Şair" təxəllüs
Müəllif: Firudin bəy Köçərli
Əsgər Şirvani


Molla Pənah əsrinin möhtərəm şairlərindən birisi də mərhum Əbdürrəhman ağa Dilbaz oğlu "Şair" təxəllüsdür ki, əslən Qazax mahalından Xanlıqlar qəryəsindəndir.

Bəzi müfsidlərin--ki, Əbdürrəhman ağa ilə şəxsi ədavətləri var imiş,--şeytənəti ilə Gürcüstan hakimi İrakli şah şairdən bədgüman olur ki, guya Əbdürrəhman ağa Qazax mahalının Cavad xana tabe olmasına soy və kuşiş edir və Cavad xan ilə həmsirdir, onların mabeynində bir para siyasi və mühüm məsələlər barəsində məxfi göftügulər olunur. İrakli şahın qəzəbi cuşa gəlib şairin haqqında böyük zülm və siyasət edib gözlərini çıxartdırır.

Bilmək gərəkdir ki, Əbdürrəhman ağa ziyadə maddəli, fəsih və dilavər bir adam imiş ki, doğru söyləməkdən əsla ehtiyat və xövf etməz imiş və öz eli içində nüfuzlu və möhtərəm və sözü ötgün sayılırmış. Tamami hünər və səyini öz elinin və vətəndaşlarının xeyir və səlahı yolunda sərf edərmiş. Vəli mərhumun bədxahı və düşmənləri də çox imiş. Öz işi və səlahını unudub camaat dərdinə yanmaqdan axırı düşmənlərin hiylə və şərarəti ucundan çeşmi-cahanbinindən məhrum qalır.

Bəli, belə qədir və qiyməti bilinməyən millət bahadırlarının haqqında deyirlər ki: "El üçün ağlayan gözsüz qalar!"

Şairi-mərhum gözləri çıxarılandan sonra bu növhəni inşad etmişdir:

Mən qəribəm vətənimdə, qazılar,
İtirmişəm ağır ellər, ağlaram.
Könül həsrət qaldı, can intizarda,
Gözlərəm sübhü şam yollar, ağlaram.

Həşrə qaldı canda el intizarı,
Görərmola, ya rəb, didar didarı?
Fikr elərəm hər dəm ol aşna, yarı,
Gözlərimdən axar sellər, ağlaram.

Eldən ayrı düşdüm, güzarişim yox,
Sığındım mövlaya, qeyri işim yox,
Munisim, qəmxarım, bir yoldaşım yox,
Sərimdə qovğalar, qallar, ağlaram.

Könlümüzdən gedib eşqü həvəslər,
Yığılsın bir yerə könlü şikəstlər,
Qohumdan, qardaşdan yad olan kəslər,
Dolanır bağrımda millər, ağlaram.

Şair, həqdən gərək insana dövlət,
Getməyə üstündən sayeyi-rifət,
Xudadan gər bizə olmasa şəfqət,
Aylar ilə gülsəm, illər ağlaram.

Mərhum Əbdürrəhman ağanın əsərləriidən ən əhəmiyyətlisi Gəncə xanı Cavad xan Ziyadoğlunun rus qoşunu ilə 1804-cü səneyi-miladidə etdiyi cəngin və xani-mərhumun göstərdiyi rəşadət və hünərin və filcümlə, onun sərgüzəştinin barəsində yazdığı müxəmməsdir ki, məəttəəssüf, cümləsini burada zikr etmək, bəzi səbəblərə görə, mümkün olmadı.

Müxəmməsi-Əbdürrəhman ağa Şair dər həqiqi-Cavad xan Ziyadxanov:

Bir rəvayət söylə, ey dil, çərxi-kəcrəftardən,
Ta əbəd ruzi-əzəl bədmehru bədkirdardən,
Çərxi-zalim, dəhri-dun, sahibxəta, biardən--
Kim, Yezidin izzətin gör şahi-diləfkardən,
Gör Cavad xan macərasın möhnəti-məkkardən.

Böylədir dövran, əzəl insanə al eylər cahan,
Bir zaman xürrəm qılır, bir dəm məlal eylər cahan,
Şah ola, istər gəda, aşüftəhal eylər cahan,
Aqibət bir gün gedər himmət, halal eylər cahan,
Naxudanı qərq edər ol kəştiyi-pürbardən.

Hər zaman dövran salıbdır canı canandan cüda,
Adəmi həvvadan ayrı, baği-rizvandan cüda,
Xatəmi saldı fələk cahi-Süleymandan cüda,
Ah kim, düşdü bu gün dövran Cavad xandan cüda,
Əskik olmaz zari-bülbül, söhbəti-gül xardən.

Şahnamə şərh edən [yox] ol Cavad xan vəsfini,
Mədəni-cudü səxavət, ədli-divan vəsfini,
Bilmiş Əflatun səharin əhli-meydan vəsfini,
Hikməti-Loğmandan artıq dərdə dərman vəsfini,
Bir müxəmməs nəzm ilə inşa qılım əşardən.

Gəncə şəhrində Cavad xan kim, nə əyyam var idi,
Sahibi-lütfü ədalət, sadiqül-iqrar idi,
Hər işin felində mahir, aqilu huşyar idi,
Müxtəsər, aləmara pürimtəhan sərdar idi,
Gör nələr çəkdi qəzadən, dövri-bədətvardən.

Düşdü davası əzəldən ol Şəki, Şirvan ilə,
İbrahim xan ittifaq oldu ol Ümmə xan ilə,
Gəldi ləşkər üstünə ol cümlə Dağıstan ilə,
Onlar ilə qıldı dava sərbəsər meydan ilə,
Çəkmədi hərgiz zərər bir fitneyi-əğyardən.

Bir də ondan sonra gəldi valiyi-Baqratyan,
Yığdı Gürcüstan tamamən ləşkər ta vadiyan,
Neçə illər qıldı dava, çəkmədi ondan ziyan,
Vali köçdü çün fənadan, etdi tərk axır cahan,
Gör nə sadir oldu Gurgin xan kimi əğyardən?!

Ol Cavad xan vəsfini necə qələm şərh eyləsin?
Şərhə sığmaz, vəsfi-halın necə dillər söyləsin?
Bir belə sərdarü qazi kim görübdür böyləsin?
Düşdü davası onun kari-qəzadan, neyləsin,
Padşahi-rusi-sahibtac ilən tumardən?

Çəkdi bir il ol Cavad xan eylədi cəngü cidal,
Gah sülh etdi arada, gah qıldı rəngi-al,
Gördü kim, olmadı axır, artdı fitnə, qilü qal,
Gəlmədi imdadə, hərçənd eylədi yüz ərzi-hal,
Fətəli şah, sahibi-İran olan xunkardən.

Ol Hüseynqulu ağa kim, gəldi xanın yanına,
Layiq idi hər hünərlər şövkətinə, şanına,
İstədi qanın qata ol dəmdə xanın qanına,
Qoymadı xan göndərib, bir qeyri bürc meydanına,
Yəni onun vəhşətin mən görməyim didardən.

Qələsin sandı Cavad xan ol zaman viranədən,
Çox çalışdı ta ölüncə dərdinə dərmanədən,
Feyzi-həqdən ta yetincə rəhməti-qüfranədən,
Çıxdı ruhu ol bədəndən, rövzeyi-rizvanədən,
Ey xoşa, buldu şəhadət vahidül-qəhhardən.

Həm Hüseynqulu ağa buldu şəhadət novcəvan,
Xəlq ara bu cümlə möhnətdən yaman oldu yaman,
Anası ahlar çəkib, şaxsey deyib eylər fəğan,
Üz tutub ol bargahə əlvida eylər aman:
Binəva düşdüm cüda fərzəndi-gülruxsardən.

Gəncəli xalqı şəhadət qıldı həqqa canfəda,
Kimi məzlum, kimi azadə qalıb əndərbəla,
Hər biri bir növ ilə yüz dərdə oldu mübtəla,
Yadına gəlməz məgər məzlumi-dəşti-Kərbəla,
Ey utanmaz çərxi-zalim Əhmədi-Muxtardən?

Min iki yüz daxi on səkkizdə tarixi-zaman--
Kim, şəhid oldu Cavad xan, çıxdı əzdari-cahan,
Çox pərişan oldu halı Gəncənin həddən yaman,
Gəl yetiş imdadə, ya həq, Mehdiyi-sahibzəman,
İnciməzmi xatirin bu dərdü ahü zardən?!

Bu müxəmməsin bir neçə bəndləri dəxi vardır ki, fövqdə zikr olunduğu üzrə onların burada yazılması münasib görülmədi. Cavad xanın və oğlu Hüseynqulu ağanın şəhadəti vaqe olubdur hicrətin 1218-ci tarixində ki, miladın 1804-cü ilinə mütabiqdir.

Mərhum Cavad xan ziyadə qəyurü cəsur və sahibi-əqlü tədbir bir hakim olduğu təvarixdə yazılmışdır. Şəhadəti zamanı sinni əlliyə kimi var imiş.

Məlum ola ki, rus qoşunu əvvəlinci dəfə İran sərhəddinə qədəmgüzar olduqda Cavad xan dava və şavasız onun Gəncəyə daxil olmasına yol verib və rus dövlətinə öz təbəiyyat və ixlasını izhar edibdir.

Kovalenski--ki, rus dövləti tərəfindən Gürcüstanın ümuri-xariciyyəsinə nazir təyin olunmuşdu,--yazır ki, hamıdan əvvəl onun yanına elçi göndərib, onu təbrik edən və rus imperatoruna ixlas və sədaqətini izhar qılan Cavad xan olubdur.

Əgərçi Abbas Mirzə öz qoşunu ilə Gəncə sərhəddinə yavuqlaşanda Cavad xan onun tərəfinə bir növ meyil edibdir, vəli Kovalenskinin yazmaqına görə, bu meylü rəğbət zahiri bir politika imiş. Batinən və qəlbən onun meyli rus dövlətinə imiş və Gürcüstan ilə xanın mabeynində vüqua gələn bəzi inqilab və şurişləri, xüsusən, Şəmsəddin məsələsini qət və həll etmək üçün xani-mərhum İran dövlətinə rücu etməyib rus dövlətinin vasitəsilə dəstaviz edirmiş. Və lakin knyaz Sisianov Qafqaza rəis və inspektor təyin olunub gələn günündən Zaqafqaziyada hökumət edən xanlar ilə, xüsusən, mərhum Cavad xan ilə artıq dərəcədə dürüştlük və sərtlik ilə başlayıbdır rəftarü müamilə etməyə. Qafqaz arxeoqrafiçeski komissiyası cəm və tərtib etdiyi aktlardan--ki, bir neçəsini bəndeyi-həqir türk lisanına tərcümə edibdir,--məlum olur ki, Cavad xanın rus qoşunu ilə əslən və qətən dava etmək fikri yox imiş. Onu davaya məcbur qılan knyaz Sisianovun ağır təklifləri, xüşunət və dürüştlüyü və bəzi ittifaqlarda nalayiq fəhşləri olubdur.