Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Abbasqulu ağa Bakıxanov "Qüdsi" təxəllüs

Ağabağır Azərbaycan ədəbiyyatı. I cild. Abbasqulu ağa Bakıxanov "Qüdsi" təxəllüs
Müəllif: Firudin bəy Köçərli
Aşıq Әli Kəlibəri Qaracadağlı


Mərhum Abbasqulu ağa Qafqaz şüəra və üdəbasının məşhurlarından birisi hesab olunur. Onun pədəri-büzürgvarı Mirzə Məhəmməd xan sani Bakı xanlarının nəslindəndir. Vəqti ki, dövləti-Rusiyyə tərəfindən general-[mayor] Xatuntsevin sərkərdəliyi ilə qoşun gəlib Quba nahiyəsini 1806-cı sənədə Şıxəli xandan istixrac etdi, Abbasqulu ağanın atası Mirzə Məhəmməd xan orada iqamət edirdi.

Məzkur nahiyənin idarəsi ona həvalə olundu və xani-mərhum xeyli müddət orada xanlıq etdi və lakin onun vəfatından sonra vilayət hökuməti rus naçalniklərinə (komendant) təslim olundu və ixtiyari-hökumət və rəyasət müsəlman xanlarının əllərindən biryolluq çıxdı.

Mirzə Məhəmməd xanın övladından neçə nəfərləri rus xidmətində olub hökumət və izzət kəsb etmişdilər. Cümləsindən məşhuru və qabili mərhum Abbasqulu ağa olubdur. Bu zati-şərif ağıl və zəkavəti sayəsində az vaxtın içində bir çox ülum və fünuna dara olub, müasirləri beynində ad və san qazanmışdı və Qafqazın hər yerində adı söylənirdi. Mərhum Salikin müasiri imiş ki, ona "diyari-nəzmü şerdə padşahlıq" ləqəbi verməklə onu yad etmişdir.

Abbasqulu ağa ülumi-mütənəvveəni, ərəb və fars dillərini Qubada və Dağıstanın sair mərkəzlərində təhsil etdikdən sonra Rus tərəfindən açılmış divanxanalarda qulluqlar edib, fitri zehn və fərasəti ucundan çox tez rus dilini və o dildə yazıb-oxumağı öyrənmişdir və o vaxtın əkabiri nəzərində mükərrəm və möhtərəm olub polkovnik çininə nail olmuşdur. Amma axırda dünya şöhrətini puç, cahü rəyasət tələbini biməzmun görüb, xidmətdən istefa veribdir. İbadətə və axirət sərmayəsini cəm etməyə məşğul olub Həccə--beytüllaha əzimət eləmişdir və tarixi-hicrətin 1261-ci salında ol cənab Məkkeyi-mükərrəmə ilə Mədineyi-münəvvərə arasında "Vadiyi-Fatimə" adlı mənzildə vəfat edib, haman yerdə dəfn olunmuşdur. Rəhmətüllahü əleyhi, rəhmətən vasiətən. [1]

[1] Tərcüməsi:
Allah ona çox-çox rəhmət eləsin.

Belə rəvayət olunur ki, Abbasqulu ağa Qüdsi Həcc ziyarətinə əzimət etdikdə məşhur Quba qazisi Hacı Molla Abdulla axundu dəxi özü ilə bərabər aparmışdı. Vəqti ki, Qüdsi öz ziyarətini itmama yetirir, üzünü dərgəhi-həqqə tutub deyir: "Pərvərdigara! Hər padşahdan mənə nişan verilibdir, səndən də bir nişan təmənna edirəm ki, axır nişanım olsun!"

Hacı Molla Abdulla axund o nişandan murad nə olduğunu soruşur. Hacı Abbasqulu ağa deyir: "O nişan bu müqəddəs məkanda ölməkdir". Necə ki, mərhumun arzusunca iş vaqe olur.

"Gülüstani-İrəm"in axırında mərhum Abbasqulu ağa Qafqaziyada vücuda gələn üləmavü üdəbavü şüəradan filcümlə məlumat verdikdən sonra öz seyrü süluku və tərcümeyi-halı ilə dəxi bizi aşina edir. Abbasqulu ağa yazır: "Mən anadan olmuşam hicrətin 1208-ci ilində ki, tarixi-məsihiyyənin 1794-cü salına mütabiqdir. Anadan olduğum yer Əmirhacıyan (Xilə) qəryəsidir ki, Bakı xanlığında vaqedir.

Təhsilə başladığım vaxt yeddi yaşında idim, fəqət on ilin müddətində etinaya layiq bilik və məlumat kəsb etməyə müqtədir ola bilmədim. Bunun da səbəbi o zamanlar hər yerdə müharibə və şuriş davam etməyi idi.

Bu müddətin ərzində öyrəndiyin bir şey var isə, o da fars dilinə kifafınca aşina olduğumdur. Siyasət aləmində vücuda gələn qovğalar sakit olcağın bizim ailəmiz Qubaya köçdü. Qubaya köçən zamandan tamam on il ərəb dilinin və bəzi elmlərin təhsilinə ömür və əmək sərf etmişəm. Maddi və qeyri-səbəblərin mane olmağına baxmayaraq, bu müddətin ərzində ülumda cüzi bir şöhrət qazanmağa qadir oldum.

Qafqaz nahiyəsinin hərbi sərkərdəsi general Yermolov 1235-ci hicri--1820-ci məsihi tarixində məni hüzuruna Tiflisə dəvət edib, dövləti bir xidmət mənə təklif etdi. Tiflisdə sakin olarkən rus dilini öyrənməyə səyü həvəs etdim və bu dilin köməyi ilə Avropa mədəniyyətinə filcümlə bələd oldum.

Daima böyük adamların və sərkərdələrin yanında olduğumdan Şirvan, Ermənistan, Dağıstan, Çərkəzistan, Gürcüstan, Anadolu və Azərbaycan vilayətlərini gəzib, kamalınca o yerlərə bələd və aşina oldum.

Hər vilayətə qədəm qoycaq oranın əhval, övzavü məkanına və əhalinin tərzi-məaşına diqqət yetirdiyim kimi, ürəfa, üqəla və hükəması ilə də görüşüb yaxınlaşmağa müvəffəq oldum.

Türkiyə və İran müharibələrində--ki, hicrətin 1248-ci və miladın 1833-cü tarixində vaqe olmuşdu,--mən knyaz Paskeviçin hüzurunda sahibmənsəblər dairəsinə daxil oldum.

Bütün Qafqaz sərhəddini, Don nəhrinin səvahilini, Malorossiya, Velikorusiya, Liflyandiya, Litfa, Lehistan ölkələrini səyahət etdim. Buralarda həm dövlət başında məqam və mənsəb sahibi olan kəslər ilə və həm elm və mərifət sahibləri ilə tanışlıq və dostluq etməklə bəxtiyar olmuşam.

Bu səyahətimdə ağıla və ruha qəza və pərvəriş verici bir çox şeyləri görüb, onları əxz etməyə səy və himmət sərf etmişəm. Bəşəriyyətin övzavü əhvalına dürüst mültəfit olub özümə yəqin etdim ki, bu dünya dari-fənadır. Bir şey yoxdur ki, bunda daimi və əbədi olsun. Ad və şöhrət puçdur. Dövlət və mənsəb müdam bir qərar üzrə qalmaz. Nə qədər nəcib və məşhur bir silsilədən olursan, ol, vəqti ki, özündə layiqi-etina bir şey yoxdur, xalq nəzərində qədrü qiymətini itirmiş olursan. Ancaq bir şeyə etiqadım dürüst və inanmağım möhkəmdir, o da budur: Ülum və fünun aləmində bir mərifət və məharət qazanar isən, lazımınca bilik hasil edib özündən sonra gələnlərə öz elm və biliyindən bir səmər və əsər qoyar isən, ol vaxt özünü xoşbəxt hesab etməyə haqqın olar; dari-üqbaya rehlət edəndən sonra bu dünyada yenə yaşamış kimi olursan. Belə bir əqidədə olduğumdan və bu əqidəni sevdiyimdəndir ki, ona xidmət etməyi özümə vacib bilib bir neçə əsərləri qələmə almağa cəsarət etmişəm".

Haman əsərlərin barəsində aşağıda məlumat veriləcәkdir.

Mərhum Abbasqulu ağa qayətdə zirək, sahibi-əqlü mərifət bir zati-pəsəndidəsifat imiş ki, cümlə müasirlərinin qəlbində onun məhəbbəti var imiş. Elm və biliyindən əlavə onun çox rəvan və zərif təbi-şeriyyəsi var imiş.

Türki, farsi və ərəbi dillərində bir neçə təsnifat və rəsaili mövçuddur. Hacı Abbasqulu ağanın ehtimamı ilə Qubada bir ürəfa məclisi tərtib olunmuşdu. Bu işdə ona artıq dərəcədə kömək edən dostu Hacı Molla Abdulla axund olubdur. Bu məclisə Abbasqulu ağanın dost və aşnaları cəm olub ruhani söhbətlər edərlərmiş.

Abbasqulu ağanın vəfatından sonra bir müddət məclis pozulur və şer bazarı kəsad olur. Amma sonradan Qubada yenə ürəfa məclisi tərtib olunur və o məclisin adı--necə ki, Quba şairlərinin kəlamından görünür,--"Gülüstan" imiş.

Mərhum Abbasqulu ağa bir pakdamən, xoşxülq, xoşkirdar və haqqpərəst şəxs olduğu üçün öz halü şəninə münasib "Qüdsi" ləqəbini ittixaz etmişdir.

Əgərçi mərhum özü şieyi-isna əşəri məzhəbində imiş, amma etiqad cəhətincə qeyri-müasirlərinə bənzəməz imiş və xüləfayi-səlasəyə, rəfzü səbb kimi nalayiq əməllərə razı olmaz imiş.

Onun məsləki və əqidəsi kəlamlarından vazeh və aşikardır və əfalül-ibada dair olan məsəleyi-əqidədə "lacəbrə və latəfviz bəlhiyə beynəl-əmreyni" xüsusunda mənzum olunmuş bu beytlər kəlami-bəlağətni-zamındandır:

Hər kəs əməl ze xiş nəbinəd nə moumenəst,
Van həm ke nesbətəş nə behəq dad kafərəst.
Biqovve felra becəhan çon vocud nist,
Dər exteyare-mast əməl həm moqəddərəst.
Qodsi nikust hər çe resəd əz cənabe-dust,
Dər zemne-hər fəsad səlahi moqərrərəst. [2]

[2] Tərcüməsi:
Hər kəs əməli özündən görməsə mömin deyil,
Öz meylini haqqa tərəf salmayan kafirdir.
Dünyada qüvvəsiz hərəkət olmadığından
Əməl də bizim ixtiyarımızdadır, həm də dəyişilməzdir.
Ey Qüdsi, dostdan hər nə yetişsə, xoşdur,
Hər fəsadın arxasında yaxşılıq durur.

Mərhum Qüdsinin mütəəddid əsərlərindən məşhur olanları bunlardır: "Gülüstani-İrəm"--fars dilində. Bu kitabın məalı Dağıstan tarixinə, övzavü əhvalına, onda sükunət edən müxtəlif tayfaların dolanacağına, adatü ayinlərinə və dillərinə dair məlumatdan ibarətdir.

"Asari-Dağıstan" kitabının müəllifi mərhum Mirzə Həsən əfəndi Əlqədari,--necə ki, özü yazır,--"Gülüstani-İrəm"dən xeyli məlumat və mühüm əhvalat öz kitabı üçün əxzü istixrac edib, farsdan türkə tərcümə qılmışdır.

Necə ki, "Gülüstani-İrəm"də təhrir olunubdur, Qüdsinin başqa təsnifatı bunlardır:

1. "Riyazül-qüds"--türk dilində. Bu kitabın mündəricatı əhli-beyti-rəsulüllah səlləllahü taala əleyhi və səlləmin vəqayei xüsusundadır.

2. "Qanuni-Qüdsi"--sərfü nəhvi-farsi. Bu kitabdan bir nüsxə həqirdə vardır. Mərhum müsənnif sərfü nəhvin qəvaidü üsulunu şərhü bəyan etdikdə hər bir qayda və üsul üçün fars dilində bəzi əbyat, rübaiyyat və misralar timsal gətirir. Onlardan bəzini fars şairlərinin kəlamlarından iqtibas etmişdir və bəzini öz təbi-füsunsazı ilə vücuda gətirmişdir.

3. "Kəşfül-qərayib"--fars dilində. Yeni dünyanın--Amerikanın kəşfi və əhvalı xüsusunda.

4. "Təhzibül-əxlaq"--maarifi-əşya babında, fars dilində.

5. "Kitabi-nəsihət"--türk dilində.

6. "Eynül-mizan"--ərəb dilində. İki babdan ibarətdir.

7. "Əsrari-mələkut"--fars və ərəb dillərində elmi-nücum və heyət babında yazılmış əsərdir. Burada mərhum Abbasqulu ağa elmi-nücumdan verdiyi məlumatı Quranın ayatı rəsuli-xudanın qövlü ilə tətbiq etmişdir.

8. "Ümumi coğrafiya"--fars dilində.

9. "Müşkatül-ənvar"--fars dilində əxlaqa dair mənzum əsərdir.

10. "Miratül-cəmal"--farsca əşar.

11. "Kitabi-Əsgəriyyə". Quba əhlindən Əsgər adlı bir cavanın keyfiyyəti-halı və güzarişi-məalı xüsusunda təsnif olunmuşdur. Bu, xırdaca və baməzə, türk lisanında nəsrən və nəzmən təlif olunmuş bir hekayədir. Mərhum Mirzə Əbülhəsən bəy Vəzirov "Zövi" təxəllüsün "Qəvaidi-3öviyyə" nam məcmuəsində təb olunmuşdur.

Bunlardan əlavə mərhum Abbasqulu ağanın bir çox təsnifatı və hər qisim əşarü kəlamı vardır. Heyfa ki, onlar bu halda çətinlik ilə tapılır. Həqir bu barədə çox çalışdısa da ki, onlardan mümkün olan qədəri ələ gətirsin, müyəssər olmadı. Bu xüsusda mərhum Mirzə Həsən əfəndi Əlqədari söz vermişdi, səd əfsus ki, ona da əcəldən macal olmadı. Ancaq Mehdi bəy Hacınski vasitəsilə "Nəsihətnamə"dən bir nüsxə əlimizə yetişdi və Quba şairlərinin tərcümeyi-halı və əşarü asarı xüsusunda bir çox məlumat ol cənabın himmət və səyi ilə hasil olundu.

Barı əldə olanlara qane olub, onun qüvveyi-şeriyyəsini və dərəceyi-kəmalü mərifətini və filcümlə hansı bir məslək və rəvişdə olmasını bəyan etmək üçün nümunələr göstərməyi lazım gördük.

"Kitabi-Əsgəriyyə"nin başında mərhum Abbasqulu ağa bu gunə lisani-bəlağətsənci ilə göftara gəlib deyir: "Pabəsteyi-səlasili-möhnət və giriftari-zindani-məhəbbət. Bəsteyi-dami-ələm, pamali-ənduhü məlal, Bülbüli-gülzari-möhnət Qüdsiyi-şuridəhal.

Bu rəsmi-dilaviz ilə firqeyi-ülül-əlbabə bəyani-mafilbal etmiş kim, riyazi-vücudi-bəşəriyyədə qisim-qisim möhnət və ənduh nihalı yədi-qüdrət ilə əkilibdir və insanın sinəsi beş gün məsrur olsa da, on gün qəmü qüssə ilə malamal olur. Bainhəmə labüddən aləmi-surətdə iqtizayi-təbiəti-bəşəri oldur ki, hər kimsə gərəkdir bir növ mənzur ilə cilabəxşi-didəvüdil olub övqati-şərifini zaye və ömri-əzizini bihudə keçirməsin və bəzmi-həvadisdə cami-qəflətdən təbi-talibi-huşyarə badeyi-cəhl içirməsin:

Hər dildə ki, yox nişaneyi-eşq,
Arayişi-qəm, fəsaneyi-eşq,
Əlbəttə, deyil kəmalə qabil,
Övqatı keçər, vəli nə hasil?
Bibəhrə qalır bu müddəadən,
Təhsili-ləzayizi-səfadən.
Ey dil, tuta gör xəyal zövqün,
Ta dərk edəsən vüsal zövqün.
Eşq ilə cahanda biniyaz ol,
Amma rəvişində pakbaz ol!
Dəhr etsə əgər cəfa iradə,
Sindan kimi səxtdir vəfadə,
Vər başına çalsa dəsti-matəm--
Çaküç kimi çərx, çəkmə sən qəm.
Ah ilə olur dəhən yolu bənd,
Ləbrizi-şərarə kurə manənd".

Qüdsinin bu kəlami-mövzunu xoşməzmun və layiqi-təhsin kəlamlardan birisidir. Övqatını dünyada bixəbər və biəsər keçirənlər və qəlbləri mehrü məhəbbətdən xali qalanlar, fəraqın cəfasını və vüsalın səfasını görməyənlər, dünyanın keşməkeşinə, bərkinə və boşuna düşməyənlər, ənvai-zəhmətlərə və əqsami-məşəqqətlərə düçar olmayanlar, murad və məqsədə vasil olmaq yolunda candan və başdan keçməyənlər, əlbəttə, bicövhər, kəsif və qafil kəslərdir ki, onların vücudu ilə ədəmi beynində bir təfavüt yoxdur. Onlar, necə ki, şair deyir:

Bibəhrə qalır bu müddəadən,
Təhsili-ləzayizi-səfadən.

Könül evini eşq zövqü həvası ilə məmur edənlər və məhəbbət nuru ilə işıqlandıranlar, rəvişlərində pakbaz və müstəqim olanlar dəhrin cəfası müqabilində gərəkdir zindan kimi səxt dursunlar və dəsti-qəza yəsü matəm çəkicini onların başına çaldıqda qəmü ələm çəkməsinlər; hər bir cəhətdə öz qissə və niyyətlərində, rəviş və məsləklərində səbat və dəyanət göstərsinlər.

Qüdsinin atidə dərc olunmuş müxəmməsi dəxi yuxarıda yazdığımız bəyanatı bir növ təsdiq eləyir ki, aşiqi-sadiq dost yolunda sabitqədəm olub, gərəkdir canü başdan keçsin.

MÜXӘMMƏSİ-QÜDSİ

Dila, əzm eylə sən bülbülsifət gülzarə, bismillah,
Muradın olsa meyil etmək fəğanü zarə, bismillah,
Gər istərsən müdam olmaq cigər sədparə, bismillah,
Qərəz, fikrin tamaşadır əgər dildara, bismillah,
Nəzər qıl ləli-canbəxşü ruxi-gülnarə, bismillah.

Təmənnasında gün-gündən məni-dilxuni şeyda qıl,
Gərəkməz namü namusum, qəmi-eşq ilə rüsva qıl,
Verib dünyavü din nəqdin mətai-vəslə sevda qıl,
Əgər yox dəstrəs sövdayə, barı get, tamaşa qıl,
Gəlibdir Yusifi-gülpirəhən bazarə, bismillah.

Çəkərdin arizu daim, deyərdin şövqi-yar ilə--
Ki, düşsün ittifaqi-vəslət ol siminüzar ilə,
Edim canım ona təslim zövqü etibar ilə,
Durubdur ol büti-sərməst tiği-abdar ilə,
Sözün gər doğrudur, ey aşiqi-biçarə, bismillah.

Demişdin, ey büti-tərsanigəh, bərhəmzəni-aləm--
Ki, etməm aşiqimdən mən yaman gün iltifatım kəm,
Alıbdır səbrimi dərdü bəla, can qəsdin eylər həm,
Əgər iqrarı sabitsən, vəfa həngamidir bu dəm,
Tərəhhüm qıl, qədəm bas dideyi-xunbarə, bismillah.

Olubdur qərqi-xunabi-cigər çeşmi-tərin, Qüdsi,
Yanıbdır daği-möhnətdən dili-qəmpərvərin, Qüdsi,
Gətir təqrirə, bir-bir yarə ərz et qəmlərin, Qüdsi,
Əgər bu şivədən dilgir olursa dilbərin, Qüdsi,
Şüru eylə bir özgə vəch ilə izharə, bismillah.

Qüdsinin bu müxəmməsini Əli bəy Hüseynzadə "Füyuzat" nam jurnalının 28-ci nömrəsində şairin öz təsviri altında dərc etmişdir. "Qəvaidi-Zöviyyə"də dəxi bu müxəmməs mətbudur.

Qəzəllərindən bir-ikisini nümunə üçün burada dərc edirik.

QƏZƏLİ-QÜDSİ

Arizu eylər könül dildar gəlsin, gəlmədi,
Zülfi kafir, gözləri xunxar gəlsin, gəlmədi.

Hər pərivəş cilveyi-hüsn eyləmiş, mən gözlədim
Dilrübalər fövcünə sərdar gəlsin, gəlmədi.

Cana gəldim bivəfalər ülfətindən, istərəm
Bir vəfa rəsmində sabit yar gəlsin, gəlmədi.

Dərdü möhnət keçdi həddən, bəs ki, çəkdim intizar,
Gözlədim ol şux gülruxsar gəlsin, gəlmədi.

Ləhceyi-canpərvərindən şur salsın aləmə,
Əndəlibi-sahəti-gülzar gəlsin, gəlmədi.

İstədim, Qüdsi, deyim vəsfi-cəmalın dilbərin,
Kuşiş etdim zinəti-göftar gəlsin, gəlmədi.

Əyzən qəzəli-Qüdsi:

Çox gözdə sürmə, əldə həna, üzdə xal olur,
Nisbət bu qaşü bu gözə bənzər məhal olur.

"Qaf"i-qaşın, o "ta"yi-telin, "lam"i-ləblərin
Adəmdə əlbir eyləsə, billah, "qital" olur.

Lövhi-xəyalə hər necə tərh eyləsəm qaşın,
Gəlməz xəyalə, axırı məhz xəyal olur.

Sirri-dəhanı sordum o şəkkərdodaqdən,
Pünhan danış bu sirri--dedi--qilu qal olur.

Görcək o atəşin üzünü nitqim oldu lal,
Qüdsi, cərəs düşəndə oda zəngi lal olur.

Qüdsinin nəzm ilə yazılmış bir naməsi dəxi onun gözəl şerlərindən birisidir. Haman namə burada eyni ilə dərc olunur:

Sən orda səfa ilə
Dilculər arasında.
Mən qalmışam avarə
Gürcülər arasında.

Dərdü qəmi-hicrandan
Qürbətdə pərişanəm,
Döndü cigərim qanə
Qeyğulər arasında.

Gürcüstan gözəllərini şair tərif edib deyir:

Bir yanə əgər baxsam,
Qəm çəkmək olur bica
Bunlar kimi məhtələt
Xoşxulər arasında.

Hər canibə əzm etsəm,
Əzbəs ki, gözəl çoxdur,
Tutisifətəm heyran
Güzgülər arasında.

Əbr içrə günəş manənd
Pərtov salır afaqə
Ruxsarəsi hər şuxun
Giysulər arasında.

Yüz işvəvü mehr ilə
Aşiqlərə meyil etmək
Bu şəhrdə adətdir
Məhrulər arasında.

Bunları görüb, Qüdsi,
Hər kimsə ki, aqildir,
Qılmaz özünü rüsva
Bədgulər arasında.

Qüdsinin bu kəlamına nəzirə olaraq Qarabağ şairlərindən bir neçəsi bu misilli şerlər yazmışlar. Onlardan məşhuru Mirzə Əliəsğər "Novrəs" təxəllüslü şairin qəzəlidir ki, bu sayaq başlanır:

Könlüm elə pünhandır
Giysulər arasında,
Şanə gəzibən tapmaz
Yüz mulər arasında i. a.

Bu mürəbbe öz mövqeində yazılacaqdır.

Rusların ədibi və təmsilnəvisi Krılovun təmsilatından "Eşşək və bülbül" ünvanı ilə yazılmış qissəni mərhum Abbasqulu ağa türkə bu gunə tərcümə etmişdir:

Nəqldir bülbülü görüb eşşək,
Dedi: "Qəlbimdə vardır üqdeyi-şək.

Xəlq edər sövtü ləhcəni tərif,
İstərəm mən həm eyləyim tövsif.

Ey olan hüsni-sövtdə məruf,
Eylə bu şəkk üqdəsin məkşuf.

Xəlq əqvalı ta ola məlum,
Sidqu gizbini mən edim məfhum.

Et bu dəm bir nəvayi-xoş avaz,
Qıl qəbul iltimasım, eyləmə naz".

Eşşəyin iltimasın ol bülbül
Çün qəbul etdi, eylədi ğülğül.

Guşini tutdu xər ki, çün nasus,
Özü həm durdu sakitü salus.

Eşidib sövtü nəğməsini tamam,
Dedi: "Səd heyf, heyf, heyf müdam.

Gərçi aləm içindəsən məşhur,
Şöhrəti-kizbə olma sən məğrur!

Nəğmədə nəqs çox və leyk, əfsus,
Sənə təlim etməyibdi xorus.

Nə xoşavazdır xorusi-səba,
Qəlbi şad eyləyir qılanda nəva".

Bülbülə sözləri edib təsir,
Dedi: "Xoşdur sənə həmişə nəfir.

Ləhni-sövtüm edər cahana əsər,
Sənə təsir etmədi, ey xər!"

Bülbül azürdə eylədi pərvaz,
Bu misal ilə çox olur pərdaz.

Ol kəsin halı matdır, heyran,
Özü aqil, mürəccəhi nadan.

Bizə xaliq ola müinü pənah
Cahil hakim edəndə əmri-təbah.

Bu təmsili indiki həyat üzrə olan şairlərimizdən bəziləri təlimi-ətfalə məxsus tərtib olunan kitabçalar üçün rusdan türkə tərcümə etmişlər, vəli heç biri belə xoş səbkdə və şairanə tərcümə edə bilməyibdir. Burada Qüdsi təmsili sözbəsöz--təhtəl-ləfz tərcümə etməyibdir. Ancaq onun mənasını özü xoşladığı tərzdə nəzmə çəkibdir.

Krılov bülbülün gözəl nəğmələrini və zərif sövtünü tövsif edibdir. Abbasqulu ağa isə eşşəyin halətinə və onun xoruzu mədh etməsinə diqqət yetiribdir. Eşşəyin nə halət üzrə bülbül oxuduğu əsnada durmasını şair artıq məharətlə bir beytdə bəyan edir:

Guşini tutdu xər ki, çün nasus,
Özü həm durdu sakitü salus.

Abbasqulu ağanın bu şairanə tərcüməsi hər bir qiraət kitabçasını zinətləndirə bilər. Vəli, çifayda, hər kəs öz yazdığını sevir; yaxşı-yamana tərcih verən yoxdur!…

Mərhum Abbasqulu ağa həcv yazan və ləğv söyləyən şairlərimizdən deyil idi. Onun yazdıqları ya həqiqi eşqdən, ya ülumi-mütənəvveədən və ya pəndü nəsayihdən ibarətdir. Vəli Təbriz bələdəsinə müsafirət edib orada bir neçə müddət məksü iqamət etdiyi zamanı Təbriz əhlinin şənində bir neçə qılıncdan kəskinraq şerlər yazmışdır ki, onlardan bəzini burada dərc edirik:

Əya güruhi-sitəmgər, əhaliyi-Təbriz,
Vəfa yerinə cəfa sizdə bu nə adətdir?!

Nə elmə talib olan var, nə mənidən agah,
Görüm, ilahi, dağılsın, necə vilayətdir?!

Nə rahü rəsmi-nəsara, nə şiveyi-islam,
Nə bütpərəst süluki, bular nə millətdir?!

Nə qədr seyr elədim küçə ilə bazarı,
Adam çox az görünür, izdihami-kəsrətdir.

Vüfuri vardır üç firqənin bu kişvərdə,
Axund ilə xərü xan bihədü nəhayətdir.

Onun əmmaməsi rəngin, bunun yükü səngin,
Xüsusən ol birinin cübbəsi qiyamətdir.

Xəri çıxart aradan, bunlara şəbahəti yox,
O binəvanın işi rənc ilə riyazətdir.

Axund ilə xana hər tənə eyləsən yaraşır,
Bu müftəxorların əndişəsi şərarətdir.

Kimin ki, xülqü müzəyyəndir, istəməz zivər,
Kişi özün bəzəmək cəhldən əlamətdir.

Yetişdi iş o yerə hər kəsin ki, saqqalı--
Hənalı, olsa uzun, hörməti ziyadətdir.

Ha böylə olsa parak, tazı tuladan yekdir,
Sürü içində siyiz sahibi-kəramətdir.

Bu şerləri mərhum Abbasqulu ağa həştad sənə bundan irəli yazmışdır. Əgər indi "İbrahim bəyin səyahətnamə"sinə diqqət yetirilsə, yəqinlik hasil olar ki, bu müddəti-mütəmadiyyənin ərzində Təbriz əhalisinin əhvali-ictimaiyyəsi, övzai-məişəti və əxlaqi-rəziləsi sabiqi qərar üzrə davam etməkdədir. Bu uzun müddətlərdə cümlə millətlər ayılıb tərəqqi etdikdə müsəlmanlar yatmaqdan usanmadılar; yatdılar və belə fəna hala düşdülər, məğlub və məyus oldular….

Belə rəvayət olunur ki, Qüdsi cənabları Təbrizdə olan zamanı məhərrəmül-həram ayı imiş, Orada vəliəhdin ziyadə şükuhlu və pürzinət təkyəsinə güzəri düşdükdə onun divarında bu şeri yazılmış görübdür:

Bu sərbazü əsasi-şahzadə
Olaydı kaş o dəmdə Kərbəladə.

Mərhum Qüdsi bir növ fürsət bulub, onun aşağısında bədahətən bu cavabı qeyd etmişdir:

Büsati-cəng olan saət qaçardı,
Qoyardı sərvəri-dini aradə.

Bu keyfiyyətin haqqü savab olması ravinin öhdəsinə həvalə olunur.

Mərhum Hacı Abbasqulu ağanın fars dilində yazılmış bir çox abdar və dilpəsənd əşarı vardır ki, onlardan bəziləri farsların böyük şairləri yazdığı kəlama bərabərdir. Burada ancaq onun eşqi-həqiqi barəsində yazdığı məsnəvini dərc etməyə iktifa edirik.

MƏSNƏVİYİ-ABBASQULU AĞA

Ey xoda xahəm ğəmo rənco bəla,
Ey bəlayəşra təno canəm fəda!

Micəhət birun dele-divaneəm,
Mikeşəd bər canebe-meyxaneəm.

Şouğ xod suzist, ma pərvaneim,
Leyk mohtace-yeki pərva neim.

Pak suz in nimsuze-xişra,
Nuşdaru bəxş sine rişra.

Eşqe-Şirin bər sərəm şuri fekənd,
Kuhkənra baz şod tişe bolənd.

Kuhkən mən nistəm, nə Vameqəm,
Mən nə bər Şirino Əzra aşeqəm.

Aşeqəm bər Leyliye-keşkarvan,
Çon cərəs dər şureşəndo dər fəğan.

Darəd u yek məhməle-naqe cəhan,
Comle əndər zire-barəş natəvan.

Ey cəhan heyrano sərkərdane-to
Vey təno canəm bəla gərdane-to.

Ey to məşuq, ey to aşeq, ey to yar,
Ey to qazi, ey to Mənsur, ey to dar.

Mər məra dadi dele-divanei,
Xanesuzo əz xerəd biganei.

Ba məhəbbəthaye-xiş amixti,
Bər dərunəm eşqe-Leyli rixti.

Eşqe-Leyli şolevər şod dar deləm,
Baz Məcnun gəşt rəye-aqeləm.

Pare kərdəm selsele-tədbirra,
Mən nəxahəm bəd əz in zəncirra.

Baz kon in selsele əz gərdənəm,
Xod rəvəm anca ke, xahi bordənəm.

Əz koca mən cuyəmət, ey bineşan,
Mən nədanəm dər koca dari məkan.

Gəh ze Kəbe cuyəmət, gahi ze deyr,
Gəh bəre-xod yabəmət, gəh pişe-ğeyr.

Gəh ço ənqa bineşan kaşanei,
Gəh ço şəməndər dərune-xanei,

Minədanəm əz bərayət mənzeli,
İn qədr danəm ke, saken dər deli.

Afərin bər eşq, bər ğouğaye-eşq,
Baz bixod gəştəm əz soudaye-eşq.

Eşq atəş zəd məra sər ta bepa,
Mərhəba, ey eşqe-xuni, mərhəba!

Eşq bər aləm fekənde ğolğole,
Eşq Şirinra zəde dər selsele.

Eşq sazəd atəş, abo xakra,
Eşq suzəd xərməne-əflakra.

Eşq bər şahan dəhəd əczo niyaz,
Mikonəd Məhmudra bənde-Əyaz.

Ney, xəta şod, mən kocavo aşeqi,
Eşq bərtər kare-hər nalayeqi.

Eşqbazi nist kare-hiç kəs,
Minəyayəd kare-şahin əz məgəs.

Aşeqi kare-Hoseyne-təşisəst,
Ku həmi təşne bezəxme-dəşneəst.

Zəxme-tiğo xəncəro tiro kəman
Bər şəhe-din mizədənd an kafəran.

U həmi miqoft ba suze-cegər,
Zende şod canəm, bezən zəxme-degər.

Mər məra, ey kaş, səd can mişodi,
Ta həme isare-canan mişodi.

Ey dəriğa, canəm əz yek biş nist,
Tohfeye-zin biş dər dərviş nist.

Minədarəd məğz an aşeq ke, pust
Çak minətvan zədən dər rahe-dust.

Məğz çe bud, şust çe bud, dust dust,
Aşeqanra eyne-məqsud ust, ust.

Ey qoman darid ke, quya ey qoruh
Kəz ətəş mən amədəstəm bər sotuh.

Ab əgər xahəm, zəmin dərya şəvəd,
Xak dər afaq napeyda şəvəd.

Mən nə təşne, səlsəbile-kousərəm,
Abe-heyvanəst əz pa ta sərəm.

Hokməm ər bər əkse-in douran şovəd,
Aseman saken, zəmin gərdan şəvəd.

Bər dərid, ey kaferan, in pərdera,
Həm nəhid in qalebe-əfsordera.

İn təne-lağər miyane-mast, han,
Bər keşid in pərdera xoş zin miyan.

Ney xəta şod tən həm əz canəst can,
Can ze tən başəd əgər bini əyan.

Minədidi çon sərayəd Mouləvi,
Bolbole-bağe-cinan dər "Məsnəvi":

"Tən ze cano can ze tən məstur nist,
Leyk kəsra dide-can dəstur nist". [3]

[3] Tərcüməsi:
Ey bəlasına bədənim, canım fəda olan,
Ey allah, mən qəm, əzab, bəla istəyirəm.
Dəli könlüm çıxmağa can atır,
Məni meyxanəyə tərəf çəkir.
Şövq özü oddur, biz pərvanəyik,
Lakin birçə buraxılışa (buraxılış vərəqəsinə) ehtiyacımız var.
Bu yaranmışını təmiz yandır,
Yaralı sinəyə bir məlhəm bağışla.
Şirinin eşqi mənim başıma şur saldı.
Kuhkənin külünkü yenə göyə qalxdı.
Mən Kuhən deyilom, Vamiq də deyiləm,
Mən nə Şirinə, nə də Əzraya aşiq deyiləm.
Mən bir Leyliyə aşiqəm ki,
Karvan ondan zınqırov kimi daim şuru fəğandadır.
Onun karvanının dunya adlanan bir dəvəsi var ki,
Hamı onun yükünün altında açizdir.
Ey dünya heyranı və sərkərdanı olan,
Ey çanım və bədənimlə qada-bəlasını aldığım,
Ey məşuq, aşiq, yar olan,
Ey qazi, Mənsur, dar ağacı olan,
Məgər dəli, ev odlandıran,
Elmdən xəbərsiz ürəyi mənə verdin?!
Öz məhəbbətlərinlə qarışdıraraq
Mənim daxilimə Leylinin məhəbbətini tökdün.
Leylinin eşqi qəlbimdə şölələndi,
Yenə ağıllı fikirlərim dəli oldu.
Tədbir zəncirini qırdım,
Bundan sonra mən zəncir istəmərəm.
Boynumdan bu zənçiri aç,
Aparacağın yerə özüm gedərəm.
Ey nişansız, səni harada axtarım?
Sənin məkanın harada olduğu mən bilmirəm,
Səni gah Kəbədə axtarıram, gah kilsədə,
Səni gah öz yanımda tapıram, gah özkə yanında.
Gah ənqa kimi nişansız kaşanədəsən,
Gah da şam kimi evin içində.
Sənin üçün bir mənzil bilmirəm,
Bu qədər bilirəm ki, ürəkdə sakinsən
Eşqə, onun qövqasına afərin!
Yena eşq sevdasından bihuş oldum.
Eşq mənə başdan ayağa kimi od vurdu,
Əhsən sənə, ey qanlı eşq, əhsən!
Aləmə hay-küyü eşq salmışdır,
Şirləri eşq zəncirləmişdir.
Suyu və torpağı oda eşq çevirir,
Fələklər xərmənini eşq yandırır.
Şahları aciz və möhtaç eşq edir,
Mahmudu Ayaza eşq bağlayır.
Yox, səhv oldu, mən hara, aşiqlik hara?
Eşq hər nalayiqin işindən yüksəkdir,
Eşqbazlıq hər oğulun işi deyil.
Qartalın işi milçəyin əlindən gəlməz,
Aşiqlik susuz Huseynin işidir,
O, xəncər yarası üçün susuzdur.
O kafirlər din padşahına--
Nizə, qılınç və ox yarası vurduqca,
O, cigər yanğısı ilə deyirdi:
"Dirildim, başqa yara vur!"
Kaş ki, mənim yüz canım olaydı,
Hamısı canana fəda olaydı.
Əfsus, canim bir dənədən artıq deyil,
Dərvişin bundan artıq töhfəsi yoxdur.
O aşiqin beyni boşdur ki,
Dost yolunda özünü parçalaya bilmir.
Beyin nədir, dəri nədir, dost dostdur,
Aşiqlərin məqsədi eynən odur, odur!
Ey çamaat, siz elə bilirsiniz ki,
Mən susuzluqdan çana gəlmişəm?
Mən əgər su istəsəm, yer dəniz olar,
Dunyada torpaq tapılmaz olar.
Mən susuz deyiləm, özüm Səlsəbil və Kövsərəm,
Başdan ayağa kimi dirilik suyuyam.
Hökmüm əgər bu dövranın əksinə olsa,
Asiman dayanar, yer hərəkətə gələr.
Ey kafirlər, bu pərdəni yırtın!
Bu solmuş bədəni buraxın!
Bu arıq bədən bizim aramızdadır, baxın!--
Bu pərdəni aradan götürün!
Yox, səhv oldu, bədən də çandır,
Əgər diqqətlə baxsan, can da bədəndir.
Görmədin cənnət bağının bülbülü Movləvi
"Məsnəvi"də neçə demişdir:
"Bədən çandan və çan bədəndən ayrı deyildir,
Lakin heç kəsə çanı görmək imkanı verilməmişdir"….

Qüdsinin bu məsnəvisi ustadi-möhtərəmi olan Cəlaləddin Ruminin kəlamına bənzəyir desək, xəta etmiş olmarıq. Məhəbbəti-ilahi və eşqi-həqiqi barəsində yazdığı biri-birindən gözəl və suzişlidir:

Afərin bər eşq bər ğouğaye-eşq
Baz bixod gəştəm əz soudaye-eşq--

--deyib, şair doğrudan da bixudluq halına düşür və eşqi-həqiqini tərif edir, özünə xitabən deyir: Mən hara, eşq hara!… Eşq mənim kimi üftadə və fürumayələrin şənindən bərtərdir. Şahinin hünəri məgəsdən bəid olduğu kimi, aşiqlik hünəri də bizim kimi gədalardan uzaqdır.

Aşiq olmaqlıq məhz Kərbəla şəhidi, dodaqları ətəşdən parçalanmış İmam Hüseyn əleyhissəlamın işidir ki, ona eşq yolunda, din və həqqaniyyət uğrunda nə qədər xəncər, ox və nizə vururdularsa, yenə də o, suzicigərlə deyirdi: Vurun! Sizin zəxminizdən canım zində olur. Kaş yüz canım ola idi ki, canan yolunda onları fəda edəydim.

Mərhum Hacı Abbasqulu ağa təlif etdiyi əsərlərdən "Nəsihətnamə"yə gəldikdə, onların məalından mərhumun fazil, alim və həkim bir şəxs olduğu görünür.

Bu kitab 102 həkimanə nəsihətlərdən ibarətdir ki, mərhum Qüdsi onları təlimi-ətfal üçün tərqim etmişdir. Ziyadə sadə və açıq dildə [olan] bu nəsihətləri böyüklər də gərəkdir dərguş edib, onlara əməl etsinlər, ta ki, özləri üçün nicat və səadət yolunu bulsunlar.

"Kitabi-nəsihət"i mərhum Qüdsi cənab həqqə həmdü səna edib və rəsuli-əkrəmimizə səlatü səlam göndərdikdən sonra belə başlayır: "Günahkarlığa və acizliyə iqraredici bəndə Abbasqulu İkinci Mirzə Məhəmməd xanın oğlu Bakui (allah onların hər ikisinə cənnət ilə nicat versin!) hərçənd uşaqlara təlim verməkdən ötrü axtardım, aralıqda bir nüsxə görmədim ki, ləfzdə və mənada asan olub, onların xülqlərinin göyçəkliyinə dəlalət eləsin.

Danışılmış və yazılmış nüsxələrin bəzisi ibarətdə və bəzisi mənada bir növ qarışıqdır ki, çox təlim edənlər özləri onları anlamırlar və bir parasında dəxi mətləblər elə uzun və pərişandır ki, onu zəbt etmək və anlamaq müşkül görünür. Bu səbəbdən bu sözün mənasından ki, "Əlelmu fissuğri kənnəqşi filhəcəri" yəni uşaqlıqda elm öyrənmək daşda nəqş salan kimidir, qəflət vaqe olmasın, xülğün göyçəkliyini istəyən gərəkdir uşaqlıqda dərs versin. Çünki sonradan pis olan xasiyyət və adətlər bərqərarlıq səbəbilə təbiətdə qərar tutsa, elmü ədəb insana müşkül əsər eylər. Bəs buna görə, tarixi-islamiyyənin 1252-ci ilində bir müxtəsər kitab--ki, ibarat və mənada asan və aşikardır, "Nəsihət" adı ilə adlanmış olsun,--təlif etdim. Belə ki, minnətləri bağışlayan allahın mərhəmətinə ümid tuturam ki, onun faydası uşaqlara artıqraq olsun.

Uşaqlara xitabdır: "Mənim əzizim, sən insansan. Allah-taala insanı aləmdə hamı şeydən yaxşıraq yaradıbdır. Görmürsən ki, heyvanlar o qədər güc və böyüklük ilə insanın əlində giriftardırlar?! Bu, ancaq işlərin tərzini bilmək səbəbindəndir. Bu insan tayfasının arasında dəxi hər kəs iş bilən və yaxşı işlidir, həmişə hörmətli olur. Bəs, yaxşı işləməyin və iş bilməyin tərzini öyrənmək lazımdır o adamlardan ki, yaxşı-yamanı təhqiq və təcrübə ilə məlum ediblər, onların sözləri bizdən ötrü nəsihətdir". Bundan sonra nəsihətlərin yazmağına şüru edir ki, cümləsinin buraya küncayişi yoxdur.

Bu müqəddimədən möhtərəm oxucularımız görürlər ki, mərhum Qüdsi nə qədər alim və fazil bir şəxs imişsə də, yazısında sadəliyi və güşadəliyi qəliz və dolaşıq ibarələrə tərcih verirmiş.

Böyük ədiblərin yazısı həmişə belə açıq və sadə olur. Mirzə Fətəli Axundovun, Qasım bəy Zakirin, Həsən bəy Məlikzadənin asari-qələmiyyələri bizim bu qövlümüzə şahiddir. Rus şüəra və ədiblərindən ən məşhurları--Puşkin, Nekrasov, Turgenev, Tolstoy və Çexov öz əsərlərini belə açıq, sadə və rəvan dildə yazıblar.

Qəliz, çətin və dolaşıq dildə yazan ədiblərin fikirləri də dolaşıq olur; onların əsərləri çətin və ağır oxunulur və insana fərəh əvəzinə qəm və kədər gətirir.

"Kitabi-nəsihət"dən bir neçə nəsihətlər

Əxlaqü adab və xəlayiqlə hüsni-müamilə və müaşirət etmək babında yazır:

20. Hər kəsə ki, yetişdin, salam ver. Əgər sənə söz desə, ona ədəb və hörmət ilə cavab ver, ta hamı səni dost və əziz tutsun.

21. Elə kimsələr ilə yoldaşlıq elə ki, böyüklər onlara yaxşı desinlər. Əclaf və hərzəgu adamlardan uzaq ol, ta sən dəxi onlar kimi olmayasan.

22. Çün bir adamı möhtac gördün, hər nə qədər mümkün olsa, ona kömək eləməkdə müzayiqə eləmə, tainki özgələr dəxi ehtiyac vaxtında sənə kömək eləsinlər.

23. Heç kəsin yamanlığını bir şəxsin yanında danışma, çünki o adam əgər dostdur, sənin haqqında bədgüman olar, əgər düşməndir, sənin dediyini o kəsə yetirər.

24. Yalan deməkdən özünü saxla. Çün bir kimsənə bu xasiyyəti səndə bilsə, sənin doğru sözünə dəxi bavər etməz.

25. Bir şəxs ki, gəlib özgənin eybini sənin yanında desə, ondan uzaq ol ki, sənin də eybini özgələrə deyər.

27. Qəzəb vaxtı insanın halı pərişan olur. Özünü o halda hamı şeydən qırağa tut. Bir işi ki, eləmək istədin, qəzəbin sakit olandan sonra elə.

29. Bikarlıqdan qorx ki, hamı eyiblərdən pisdir. Bunu bilməlisən ki, heç bir şey aləmdə bikar deyil.

30. Hamı şeyi allah-taala öz aləminin nizamından ötrü səbəblər yaradıbdır ki, birisi o birisiz qaim olmaz. Sən də onlardan birisən. Əgər bikar oturarsan, daş və palçıq səndən yaxşıraq olar, çünki onlar təmirat işlərinə gərəkdir.

31. Elm və kəmalın təhsilini hamı işlərdən əzizraq say. Ondan ötrü ki, hamı şeylər onların vasitəsilə müyəssər olar.

35. Şuxluğu və zarafatı özünə adət eləmə. Ondan ötrü ki, nəzərlərdə xəfif görünərsən; rişxənd səbəbi ilə özgələr səndən inciyərlər. Hətta ehtimal var ki, yamanlığa dəxi qəsd eləsinlər.

36. Mübahisədə əgər bir kimsəyə qalib oldun, elə etmə ki, onun nadanlığı hazırda olanlara məlum olsun, tainki bu səbəbdən sənin ədavətin onun ürəyində məqam tutsun və o şəxs dəxi səndən intiqam almaqdan ötrü fürsət vaxtını gözləsin.

37. Danışıq vaxtı göftügu fürsətini özgələrə ver. Ehtimal vardır ki, hiyləgər şəxs səhv edib müddəanın həqiqətini bəyan eləsin. Əgər sən çox danışsan, xətavü nöqsan sənin tərəfində olur.

40. Çün bir müsibətə giriftar oldun, səbr elə və öz müsibətini xalqın yanında izhar eləmə ki, əgər düşməndirlər, sənin müsibətin onların təninə səbəb və qüvvətlərinin artıq olmağına bais olacaqdır və əgər biganədirlər, onların nəzərində həqir olmuş olarsan və əgər dostdurlar, onların qəmgin olmağına və sənin müsibətinin təzələnməyinə bais olur.

41. Pakdamənliyi, yəni təmizxasiyyətliyi özünə adət elə. Hər kəsi ki, fəsad işlərə mürtəkib olar, onun dini və həyası gedər və xalq içində tez biabru və rüsvay olar.

66. Nə qədər ki, yaxşılıq ehtimalı var, özgələri yamanlığa həml eləmə. Bəlkə o yaxşı işdir, ancaq sən onun məsləhətini bilmirsən.

68. O şey ki, özünə görə yaman sayırsan, özgənin haqqında rəva görmə, tainki onun cəzası özgədən sənə qayıtmasın.

71. Heç bir kəsin zərərinə razı olma. Alış-verişdə pakhesab ol. Əmanətə xəyanət eləmə, tainki allah-taalanın qəzəbinə gəlməyəsən və xəlayiqin mərdudu olmayasan.

73. Öz qonşularının və həmşəhər adamlarının yaxşılığına çalış, ta onlar da sənin ilə həmin şivədə rəftar və müraat eləsinlər. Sən bir nəfərsən, onlar çoxdur. Bir nəfərin ehtiyacı çoxa olmaq aşikardır.

80. Bir kəsin ədavətinə ürəyində yer vermə ki, sənin dininin və ürəyinin rahatlığını bərhəm edər.

84. Yaman işi ki, edərsən, onun faydası səndən ötrü qalmaz, amma onun günahı və bədnamlığı sənə baqi qalar.

85. Yaxşı əməldən iki dəfə ləzzət apararsan. Birisini o işi edən vaxtda, birisini də o işin səmərəsi sənə yetişən zamanda.

87. Çün hamı şey üçün aləmdə zail olmaq ehtimalı vardır, özünü heç zada elə bağlama ki, məbada bir gün o şey zaval tapsa, sənin zindəganlığın müşkül olsun.

89. Fəqirlikdən və bədbəxtlikdən şikayət eləmə ki, aləmdə səndən fəqir və biçarəraq çox vardır. Onlar əgər sənin halında olsa idilər, çox şadlıq edərdilər.

96. Bədbəxt o şəxsdir ki, bir kəsin haqqında yaxşılıq etmək fürsəti olduqda, etmir. Bavücudi-in ki, insan üçün şükr eləmək vacibdir ki, o özü kimi bir adama vəliyyün-nemə olubdur.

Burada bu qədər yazılana iktifa etdik. Cümləsi gözəl nəsihətlərdir ki, onları dərguş edənlər bəxtiyar kimsələrdir. Mümaileyhin yazdığı nəsihətlər bir-birinə bağlıdır və yek-digərini şərhü bəyan edir. Və lakin biz burada yazdığımız insanın müxtəlif halü xasiyyətlərinə və xəlayiqlə hüsni-müaşirətinə şamil olanlardır.

Bilmək gərəkdir, mərhum Abbasqulu ağanın qızı Tuğra xanım dəxi şairə imiş. Aşağıda yazılan şer onun kəlamındandır:

Tuğra xanımam, aləm ara çünki əzizəm,
Abasqulu ağa qızı, Zəhrayə kənizəm.