Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Vaiz Əfəndi Şirvani (məqalə)

Sənan Şirvani Azərbaycan ədəbiyyatı. I cild. Vaiz Əfəndi Şirvani
Müəllif: Firudin bəy Köçərli


Mərhum Vaiz əfəndi Şirvan vilayətinin möhtərəm, alim və sahibi-kəmalü təcrübə şairlərindən hesab olunub, əşari-zərifələri ilə öz əsrində namü şöhrət kəsb etmişdi. Onun qəzəllərindən bir neçəsi əlimizə düşdü. Nümunə olaraq aşağıda iki qəzəli dərc olunur.

Qəzəli-Vaiz əfəndi:

Mehrü vəfasızların heç kim sözünü qanmaz,
Yəğmadən əl götürməz, bidaddən usanmaz.

Cahi-cahan gələndə bir tari-muy saxlar,
Üz döndərib gedəndə zəncir ilə dayanmaz.

Töhmət deyən öziçün, nə söylər özgəsiçün,
Utanmayan özündən heç kimsədən utanmaz.

Münim yalan deyəndə təsdiq edər xəlayiq,
Gər doğru desə müflis, heç kim ona inanmaz.

Ey dilbəri-sitəmgər, məğruri-hüsn olma,
Heç kimsənin çiraği sübh açılınca yanmaz.

Zərfin tünükdü[1], zahid, bir cuş ilə daşarsan,
Dəryadilin məzacı seylab ilə bulanmaz.

[1]- Tünük — dar və təng mənasınadır.

Vaiz, sənin kəlamın hər biri niştər olsa,
Hər kəs edərsə qəflət ta həşrə dək oyanmaz.

Vaiz əfəndinin bu qəzəlində çox pürməna və həkimanə nöqtələr vardır ki, cümləsi indəl-üqəla məqbul və müstəhsəndir.

Bu həqir bəndə həmişə bu etiqad üzrədir ki, əksəri özqatda şəxsin xoşbəxt və rahat olması öz səyi ehtimamına bağlıdır. Hər bir iş insanın elmü kəmalından, bilik və təcrübəsindən asılıdır: "Zəhmət çəkməyən bal yeməz", "cəfa çəkməyən səfa görməz". Bu etiqadda ola-ola həqir bu doğrunu da inkar edə bilməz ki, insanın iqbalı açılanda və bəxti gətirəndə zəhmətsiz və məşəqqətsiz də hər tərəfdən onun üstünə dövlət və nemət axıb tökülür, hər yerdə ona hörmət və izzət görsənilir. Və bu bəxt gətirən vaxtı onun malü dövlətini, cahü cəlalını saxlamağa "bir tari-muy" kifayət eləyir. Amma vay o gündən ki, bəxt insandan üz çevirə, iqbal gətirməyə. Bu halda adam nə qədər çalışıb-əlləşsə və nə qədər canını zəhmət və cəfa oduna yaxsa, yenə də axırda biçiz və əliboş qalacaqdır. Budur ki, atalar deyiblər: "Çox çalışan çarıq yırtar". İnsandan dövlət və hörmət üz döndərib gedəndə, filhəqiqə, nəinki zəncir ilə, bəlkə heç bir qüvvə ilə onu saxlamaq mümkün olmaz. Vaiz əfəndinin bu misraına dəxi diqqət yetirməmək olmaz:

…. Utanmayan özündən, heç kimsədən utanmaz.

Doğrudan da öz eyib və qəbahətini görməyib, qeyriləri eyibləndirən və özgələrə töhmət edən şəxsdən nə hörmət və mərifət təmənna eləmək olar? Өz pozğunluqlarını görməyən, çirkin və nasəza əməllərindən utanıb şərmü həya etməyən adam, söz yoxdur ki, özgədən də utanmaz və bişərmanə sevmədiyi adamın haqqında hər qisim iftira və böhtanı söylər. Bu qisim adamlardan kənar dolanmaq eyni-məsləhətdir. Necə ki, deyiblər:

Abrını saxla abırsızdan,
Həyanı saxla həyasızdan.

Bəs, Vaiz əfəndinin bu beytinə nə irad tutmaq olar:

Münim yalan deyəndə təsdiq edər xəlayiq,
Gər doğru desə müflis, heç kim ona inanmaz.

Dünya yaranandan bu anacan Adəm atanın övladı öz şəxsi mənfəətlərini mülahizə edib dövlət və sərvət sahiblərindən qisim-qisim təmənnaları nəzərdə tutub doğrunun üzünə yalanın qara pərdəsini çəkməyə mötad olublar. Müflis və miskinlərin hünəri olmayıbdır ki, doğrunu kəmali-cürət ilə söyləyib, düruğgu və hiyləbaz münəccimlərin yalanlarını batil eləsin və haqqı yeritsin. Belə ittifaqlarda hər tərəfdən onun üstünə tənpərvər və nəfspərəst dəni və fürumayə şəxslər hucum edib ağzını qapayıblar və özün də xalq içində bihörmət və biabır ediblər.

Ol səbəbdəndir ki, müsəlman qardaşların arasında yalan söyləmək və haqqı gizlətmək adi bir şey olubdur və hətta bəzi ittifaqlarda hünər sayılır. Bu minval haqqa güc və zor edib kizbü yalana rövnəq verməyin adını "düruği-məsləhətamiz" qoyub Şeyx Sədinin bu hikmətamiz sözlərini başqa dona geydirirlər. Odur ki, Vaiz əfəndi qeyri bir qəzəlində kinayə təriqi ilə demişdir:

Demək kim, xəlq ara birəğbətiz, iqbalımız yoxdur,
Zəmanə mövsimi-dəsmaldır, dəsmalımız yoxdur.

Kəmali-zatımızdır, şükrililləh, eybdən ari,
Rəvacın verməyə tərif edən dəllalımız yoxdur.

Hümayiz üstüxan ilə qənaətpişə kərkəs tək,
Şikari-cifeyi-dünya üçün çəngalımız yoxdur….

Ağız kəskinliyiçün dəxli çoxdur yal-kuppalın,
Şikəstəbəstə fəqriz, yalımız, kuppalımız yoxdur.

Səbükruhül-müşərrəf məşrəbiz fariğ təkəllüfdən
Zəmanə əhlinə lazım olan sanbalımız yoxdur.

Zəmanə halidir, Vaiz, həya eylə həyasızdan,
Həyasızla həyasızlıq edəcәk halımız yoxdur.

Mərhum Vaizin bu kəlamı dəxi onun müasirlərinin avam və zahirpərəst olmaqlarına şəhadət verir. Hər kəsin ki, saqqalı uzun və pəhnalı və cübbəsi faxir və papağı uca olubsa, onun hörməti artıq və sözü ötkən olubdur. Mərifət əhli isə şikəstəpər və müztəribbal olub özlərini avamın etirazından və cühəlanın zülmü sitəmindən kənarda saxlayıb, meydanı ağzı yallılara, yal və kuppal sahiblərinə veriblər.