Azərbaycan Respublikasının Cinayət Məcəlləsi/Üçüncü bölmə
←İkinci bölmə | Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Üçüncü bölmə |
Dördüncü bölmə→ |
Doqquzuncu fəsil. Cəzanın anlayışı, məqsədi və növləri
redaktəMaddə 41.: Cəzanın anlayışı və məqsədi
redaktə41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
Maddə 42.: Cəzanın növləri
redaktə42.0. Cəzanın növləri aşağıdakılardır:
42.0.1. Cərimə;
42.0.2. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə;
42.0.3. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə;
42.0.4. İctimai işlər;
42.0.5. Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə;
42.0.6. İslah işləri;
42.0.7. Hərbi xidmət üzrə məhdudlaşdırma;
42.0.8. Əmlak müsadirəsi;
42.0.9. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma;
42.0.10. Azadlığın məhdudlaşdırılması;
42.0.11. İntizam xarakterli hərbi hissədə saxlama;
42.0.12. Müəyyən müddətə azadlıqdan məhrum etmə;
42.0.13. Ömürlük azadlıqdan məhrum etmə.
Maddə 43.: Əsas və əlavə cəzalar
redaktə43.1. İctimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə cəza növləri yalnız əsas cəza kimi tətbiq edilir.
43.2. Cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növləri həm əsas, həm də əlavə cəza kimi tətbiq edilir.
43.3. Xüsusi və ya hərbi rütbədən, fəxri addan, yaxud dövlət təltifindən məhrum etmə, əmlak müsadirəsi və Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növləri yalnız əlavə cəza kimi tətbiq edilir.
Maddə 44.: Cərimə
redaktə44.1. Cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir.
44.2. Cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla on min manatadək miqdarda müəyyən olunur.
44.3. Cərimə əlavə cəza kimi məhkəmələr tərəfindən yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda təyin edilə bilər.
44.4. Cəriməni ödəməkdən qəsdən boyun qaçıran şəxslərə bu cəza növü ictimai işlər, islah işləri və ya müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz oluna bilər.
Maddə 45.: Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə
redaktəNəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər.
Maddə 46.: Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə
redaktə46.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir.
46.2. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər.
46.3. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün ictimai işlərə, islah işlərinə əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bu cəza növü intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur.
Maddə 47.: İctimai işlər
redaktə47.1. İctimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
47.2. İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz.
47.3. Bu cəzaya məhkum olunmuş şəxs həmin işlərin yerinə yetirilməsindən qərəzli boyun qaçırdıqda, ictimai işlər azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilir. Bu zaman azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti müəyyən olunarkən məhkumun ictimai işləri yerinə yetirdiyi müddət nəzərə alınır və səkkiz saat ictimai işə bir gün azadlığın məhdudlaşdırılması və ya on iki saat ictimai işə bir gün müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablanır.
47.4. İctimai işlər aşağıdakı şəxslərə tətbiq oluna bilməz:
47.4.1. birinci və ikinci qrup əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara;
47.4.2 hamilə qadınlara;
47.4.3 himayəsində səkkiz yaşınadək uşağı olan qadınlara;
47.4.4 pensiya yaşına çatmış qadın və kişilərə;
47.4.5 hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara.
Maddə 48.: Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə
redaktəAğır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin xarakterini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə, bu barədə xüsusi və ya hərbi rütbəni, fəxri adı və dövlət təltifini vermiş orqana müvafiq təqdimat göndərir.
Maddə 49.: İslah işləri
redaktə49.1. İslah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir.
49.2. İslah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur.
49.3. İslah işlərinə məhkum olunmuş şəxs qəsdən həmin cəzanı çəkməkdən boyun qaçırdıqda, məhkəmə islah işlərinin çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman yeni cəzanın müddəti müəyyən olunarkən bir gün islah işlərinə bir gün azadlığın məhdudlaşdırılması, yaxud üç gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır.
Maddə 50.: Hərbi xidmət üzrə məhdudlaşdırma
redaktə50.1. Hərbi xidmət üzrə məhdudlaşdırma kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir.
50.2. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur.
50.3. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz.
Maddə 51.: Əmlak müsadirəsi
redaktə51.1. Əmlak müsadirəsi məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, cinayətin predmetlərinin, habelə cinayət yolu ilə əldə etdiyi əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasından ibarətdir.
51.2. Əmlak müsadirəsi yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda təyin olunur.
51.3. çıxarılıb
51.3. Cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində məhkuma məxsus olan pul və ya digər əmlak müsadirə edilir.
Maddə 52.: Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma
redaktə52.1. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər.
52.2. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir:
52.2.1. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə;
52.2.2. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə;
52.2.3. Azərbaycan Respublikasında doğulmuş şəxslərə;
52.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə;
52.2.5. qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslərə;
52.2.6. himayəsində yetkinlik yaşına çatmayan uşağı, habelə fəaliyyət qabiliyyəti olmayan və ya I və II qrup əlili olan şəxslərə;
52.2.7. məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala biləcəyinə ciddi əsaslar olduğu ehtimal edilən şəxslərə.
52.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə bu Məcəllənin 52.1 və 52.2-ci maddələri arasında ziddiyyət yaranarsa beynəlxalq müqavilələr tətbiq edilir.
Maddə 53.: Azadlığın məhdudlaşdırılması
redaktə53.1. Azadlığın məhdudlaşdırılması ittiham hökmü çıxarılanadək on səkkiz yaşı tamam olmuş məhkumların cəmiyyətdən təcrid olunmadan, lakin nəzarət altında xüsusi müəssisələrdə saxlanılmasından ibarətdir.
53.2. Azadlığın məhdudlaşdırılması:
53.2.1. məhkumluğu olmayan və qəsdən cinayət törətməyə görə məhkum edilən şəxslərə — bir ildən üç ilədək müddətə;
53.2.2. ehtiyatsızlıqdan cinayət törətməyə görə məhkum edilən şəxslərə — bir ildən beş ilədək müddətə təyin edilir.
53.3. İctimai işlər və ya islah işləri azadlığın məhdudlaşdırılması ilə əvəz edildikdə bu cəza növü bir ildən az müddətə də təyin edilə bilər.
53.4. Azadlığın məhdudlaşdırılmasına məhkum edilmiş şəxs cəzanın icrasından qərəzli boyun qaçırdıqda, azadlığın məhdudlaşdırılması onun təyin edildiyi müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunur. Azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildikdə, azadlığın məhdudlaşdırılması cəzasının müddəti azadlıqdan məhrum etmə cəzasının müddətinə günə gün hesabı ilə hesablanır.
53.5. Azadlığın məhdudlaşdırılması birinci və ikinci qrup əlillərə, hamilə qadınlara və ya səkkiz yaşınadək uşağı olan qadınlara, səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə, qocalığa görə pensiya yaşına çatmış qadın və kişilərə, habelə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara təyin edilmir.
Maddə 54.: İntizam xarakterli hərbi hissədə saxlama
redaktə54.1. Hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilə bilər. Həmin cəza hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə təqsirkarın şəxsiyyəti və cinayətin xarakteri iki ilədək müddətə azadlıqdan məhrum etmənin həmin müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə əvəz olunmasına imkan verdiyi hallarda tətbiq edilir.
54.2. Azadlıqdan məhrum etmə cəzası intizam xarakterli hərbi hissədə saxlama cəzası ilə əvəz edildikdə, azadlıqdan məhrum etmə cəzasının müddəti intizam xarakterli hərbi hissədə saxlama cəzasının müddətinə günə gün hesabı ilə hesablanır.
Maddə 55.: Müəyyən müddətə azadlıqdan məhrum etmə
redaktə55.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin hökm çıxarılanadək on səkkiz yaşı tamam olmamış şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrində yerləşdirilirlər.
55.2. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan on beş ilədək müddətə müəyyən edilir.
55.3. İctimai işlər, islah işləri və ya azadlığın məhdudlaşdırılması azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildikdə, azadlıqdan məhrum etmə üç aydan az müddətə də təyin oluna bilər.
55.4. Cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən azadlıqdan məhrum etmə müddətinin qismən və ya tamamilə toplandığı hallarda, azadlıqdan məhrum etmənin yuxarı həddi on beş ildən, hökmlərin məcmusu üzrə isə iyirmi ildən artıq ola bilməz.
Maddə 56.: Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi
redaktə56.1. Azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir:
56.1.1. ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün —məntəqə tipli cəzaçəkmə müəssisələrində;
56.1.2. qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində;
56.1.3. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində;
56.1.4. cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində;
56.1.5. ömürlük azadlıqdan məhrum edilmiş şəxslər üçün — həbsxanalarda.
56.2. Xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər.
56.3. Cəza çəkmə müəssisəsinin növü bu Məcəllənin 56.1.1—56.1.5 və 56.2-ci maddələrinə uyğun olaraq məhkəmənin hökmü ilə müəyyən edilir.
56.4. Cəza çəkmə müəssisəsinin növü yalnız aşağıdakı hallarda dəyişdirilə bilər:
56.4.1. cinayətə görə təyin edilmiş cəza daha yüngül və ya daha ağır cəza ilə əvəz edildikdə;
56.4.2. qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə hökmünün icrası zamanı.
Maddə 57.: Ömürlük azadlıqdan məhrum etmə
redaktə57.1. Ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir.
57.2. Ömürlük azadlıqdan məhrum etmə qadınlara, cinayət törədərkən on səkkiz yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilərə təyin edilmir.
57.3. Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.
57.4. Bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada ömürlük azadlıqdan məhrum etmə cəza növü on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər.
Onuncu fəsil. Cəzanın təyin edilməsi
redaktəMaddə 58.: Cəzanın təyin edilməsinin ümumi əsasları
redaktə58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
58.2. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir.
58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
Maddə 59.: Cəzanı yüngülləşdirən hallar
redaktə59.1. Cəzanı yüngülləşdirən hallar aşağıdakılardır:
59.1.1. hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi;
59.1.2. cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi;
59.1.3. cinayətin hamilə qadın tərəfindən törədilməsi;
59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması;
59.1.5. cinayətin ağır həyat şəraiti nəticəsində və ya mərhəmətlilik niyyəti ilə törədilməsi;
59.1.6. cinayətin fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi;
59.1.7. cinayətin zəruri müdafiənin, ictimai təhlükəli əməl törətmiş şəxsin tutulmasının, son zərurətin, əsaslı risqin, əmrin və ya sərəncamın icra edilməsinin qanunla müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi;
59.1.8. cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi;
59.1.9. könüllü gəlib təqsirini boynuna alma, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etmə;
59.1.10. cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsi, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi.
59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.
59.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz.
Maddə 60.: Cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsi
redaktəBu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
Maddə 61.: Cəzanı ağırlaşdıran hallar
redaktə61.1. Cəzanı ağırlaşdıran hallar aşağıdakılardır:
61.1.1. cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi;
61.1.2. cinayətin ağır nəticələrə səbəb olması;
61.1.3. cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilməsi;
61.1.4. cinayətin törədilməsində xüsusilə fəal iştirak etmə;
61.1.5. psixi pozuntulardan əziyyət çəkən və ya sərxoş vəziyyətdə olan şəxslərin, habelə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan şəxslərin cinayət törətməyə cəlb olunması;
61.1.6. cinayətin milli, irqi və ya dini düşmənçilik, dini fanatizm, digər şəxslərin qanuni hərəkətlərinə görə qisas almaq zəminində, tamah məqsədi ilə və ya sair alçaq niyyətlərlə, habelə başqa cinayəti ört-basdır etmək və ya onun törədilməsini asanlaşdırmaq məqsədi ilə törədilməsi;
61.1.7. cinayətin müqəssir üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın, habelə azyaşlı, qoca və ya köməksiz vəziyyətdə olan və ya müqəssirdən asılı vəziyyətdə olan şəxsə qarşı törədilməsi;
61.1.8. cinayətin öz qulluq və ya ictimai borcunu yerinə yetirən şəxsə və ya onun yaxın qohumlarına qarşı törədilməsi;
61.1.9. cinayətin zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla, əzab və ya işgəncə verməklə törədilməsi;
61.1.10. cinayətin odlu silahdan, partlayıcı vasitələrdən və ya digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə etməklə törədilməsi;
61.1.11. cinayətin fövqəladə vəziyyət, təbii və ya digər ictimai fəlakət şəraitində, habelə kütləvi iğtişaşlar zamanı törədilməsi;
61.1.12. cinayətin hakimiyyət nümayəndəsinin xüsusi geyimlərindən və ya sənədlərindən istifadə etməklə törədilməsi;
61.1.13. cinayətin qulluq mövqeyinə və ya müqaviləyə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə törədilməsi.
61.2. Cəza təyin edilərkən bu Məcəllənin 61.1.1—61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz.
61.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz.
Maddə 62.: Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi
redaktə62.1. Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.
62.2. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.
Maddə 63.: Başa çatmayan cinayətə görə cəza təyin edilməsi
redaktə63.1. Başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır.
63.2. Cinayətə hazırlığa görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından çox ola bilməz.
63.3. Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz.
63.4. Cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir.
Maddə 64.: İştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilməsi
redaktə64.1. İştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır.
64.2. Cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır.
Maddə 65.: Residivə görə cəzanın təyin edilməsi
redaktə65.1. Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır.
65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.
65.3. Cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur.
Maddə 66.: Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi
redaktə66.1. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir.
66.2. Cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz.
66.3. Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti on beş ildən çox ola bilməz.
66.4. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz.
66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.
Maddə 67.: Hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi
redaktə67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.
67.2. Hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz.
67.3. Hökmlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz.
67.4. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır.
67.5. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
67.6. Ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxs yeni cinayət törətdikdə, yeni təyin edilən cəza ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunur.
Maddə 68.: Cəzaların toplanması zamanı müddətlərin müəyyən edilməsi qaydası
redaktə68.1. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə:
68.1.1. intizam xarakterli hərbi hissədə saxlamanın bir günü;
68.1.2. azadlığının məhdudlaşdırılmasının iki günü;
68.1.3. islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın üç günü;
68.1.4. ictimai işlərin səkkiz saatı bərabər tutulur.
68.2. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə, habelə cərimə və ya əmlak müsadirəsi növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur.
Maddə 69.: Cəza müddətlərinin hesablanması və cəzanın hesaba alınması
redaktə69.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmənin, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmənin, hərbi xidmət üzrə məhdudlaşdırmanın, islah işlərinin, azadlığın məhdudlaşdırılmasının, intizam xarakterli hərbi hissədə saxlamanın, azadlıqdan məhrum etmənin müddətləri aylarla və illərlə, ictimai işlərin müddəti isə saatlarla hesablanır.
69.2. Bu Məcəllənin 69.1-ci maddəsində nəzərdə tutulmuş cəza növlərinin dəyişdirilməsi və ya toplanması, habelə cəzanın hesaba alınması zamanı müddətlər günlərlə hesablana bilər.
69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.
69.4. Məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir.
Maddə 70.: Şərti məhkum etmə
redaktə70.1. İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.
70.2. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
70.3. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir.
70.4. Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər.
70.5. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər.
70.6. Şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir.
70.7. Sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında məhkəmə, məhkumun üzərinə əvvəllər qoyulmuş vəzifələri tamamilə və ya qismən ləğv edə bilər, yaxud onun üzərinə yeni vəzifələr qoya bilər.
Maddə 71.: Şərti məhkum etmənin ləğv edilməsi və ya sınaq müddətinin uzadılması
redaktə71.1. Sınaq müddətinin azı yarısı keçdikdən sonra şərti məhkum edilmiş şəxs öz davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə məhkumun üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğun götürülməsi barədə qərar qəbul edə bilər.
71.2. Şərti məhkum edilmiş şəxs məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdığına və ya ictimai qaydanı pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, məhkəmə bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövlət orqanının təqdimatı əsasında sınaq müddətini bir ildən çox olmayaraq uzada bilər.
71.3. Şərti məhkum edilmiş şəxs sınaq müddətində məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırdıqda, bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövlət orqanının təqdimatı əsasında məhkəmə şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında qərar çıxara bilər.
71.4. Şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir.
71.5. Şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Bu Məcəllənin 71.4-cü maddəsində göstərilən hallarda da cəza bu qaydada təyin edilir.