Azərbaycan Respublikasının Cinayət Məcəlləsi/Altıncı bölmə

Beşinci bölmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Altıncı bölmə

Yeddinci bölmə


On beşinci fəsil. Tibbi xarakterli məcburi tədbirlər redaktə

Maddə 93.: Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin əsasları redaktə

93.1. Tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən:

93.1.1. bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə;

93.1.2. cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə;

93.1.3. cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə;

93.1.4. cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər.

93.2. Bu Məcəllənin 93.1.1—93.1.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır.

93.3. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.

93.4. Bu Məcəllənin 93.1.1—93.1.4-cü maddələrində göstərilən və öz psixi vəziyyətinə görə təhlükə törətməyən şəxslər barəsində zəruri materiallar həmin şəxslərin müalicə olunması üçün və ya onların psixonevroloji müəssisələrə göndərilməsi üçün səhiyyə orqanlarına verilir.

Maddə 94.: Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi redaktə

Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1.1—93.1.4-cü maddələrində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir.

Maddə 95.: Tibbi xarakterli məcburi tədbirlərin növləri redaktə

95.0. Məhkəmə aşağıdakı tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər:

95.0.1. məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi;

95.0.2. ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə;

95.0.3. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə;

95.0.4. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə.

Maddə 96.: Məcburi ambulatoriya müşahidəsi altında olma və psixiatr tərəfindən müalicə edilmə redaktə

Şəxsin stasionar psixiatriya müəssisələrində yerləşdirilməsinə zərurət olmadıqda həmin şəxsin məcburi ambulatoriya müşahidəsi altında olması və psixiatr tərəfindən müalicə edilməsi bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda təyin edilir.

Maddə 97.: Psixiatriya stasionarlarında məcburi müalicə olunma redaktə

97.1. Əgər psixi pozuntunun xarakteri müalicə şəraitinin, şəxsin saxlanmasının və onun üzərində müşahidənin yalnız psixiatriya stasionarlarında həyata keçirilməsini tələb edərsə, psixiatriya stasionarlarında məcburi müalicə olunma bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda təyin edilə bilər.

97.2. İntensiv müşahidə tələb etməyən və öz psixi vəziyyətinə görə stasionar müalicəyə və müşahidəyə ehtiyacı olan şəxslər barəsində ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər.

97.3. Öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər.

97.4. Öz psixi vəziyyətinə görə ətrafdakılar və özü üçün təhlükəli olan, intensiv və daimi müşahidə tələb edən şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilə bilər.

Maddə 98.: Tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ləğv edilməsi redaktə

98.1. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsi həkim-psixiatr komissiyasının rəyi əsasında məcburi müalicəni həyata keçirən tibb müəssisəsinin müdiriyyətinin vəsatəti ilə məhkəmə tərəfindən həyata keçirilir.

98.2. Barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxs bu tədbirin tətbiqinin ləğv edilməsi və ya dəyişdirilməsi məsələsinin həll edilməsi məqsədi ilə altı ay müddətində bir dəfədən az olmayaraq həkim-psixiatr komissiyasında baxışdan keçirilməlidir. Tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadıqda məcburi müalicəni həyata keçirən müəssisənin müdiriyyəti məcburi müalicənin müddətinin uzadılması haqqında məhkəməyə öz rəyini təqdim edir. Məcburi müalicənin ilk dəfə uzadılması müalicənin başlandığı gündən altı ay keçdikdən sonra həyata keçirilir, bundan sonra məcburi müalicə müddətinin uzadılması hər il həyata keçirilir.

98.3. Şəxsin psixi vəziyyətinin yaxşılaşması səbəbindən onun barəsində əvvəllər təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi zərurəti olduqda və ya tibbi xarakterli digər məcburi tədbirlərin tətbiqinə ehtiyacı olduqda, tibbi xarakterli məcburi tədbirlərin dəyişdirilməsi və ya onların tətbiqinin ləğv edilməsi məhkəmə tərəfindən həyata keçirilir.

98.4. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edildikdə məcburi müalicə edilən şəxs barəsindəki materialları məhkəmə səhiyyə orqanlarına göndərir.

Maddə 99.: Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi müddətinin hesaba alınması redaktə

Cinayət törətdikdən sonra psixi pozuntuya məruz qalmış şəxs müalicə olunduqdan sonra cəza təyin edilərkən və ya onun cəzasının icrası bərpa olunarkən psixiatriya stasionarlarında məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə hesablanır.