Azərbaycan Respublikasının Cinayət Məcəlləsi/On ikinci bölmə

On birinci bölmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. On ikinci bölmə


Otuz beşinci fəsil. Hərbi xidmət əleyhinə olan cinayətlər

redaktə

Maddə 327.: Hərbi xidmət əleyhinə olan cinayətlər anlayışı

redaktə

327.1. Çağırış və ya kontrakt üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşun və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi qulluğun müəyyən edilmiş qaydaları əleyhinə yönələn və bu fəsildə nəzərdə tutulmuş cinayətləri hərbi xidmət əleyhinə olan cinayətlər hesab olunur.

327.2. Bu maddədə göstərilməmiş şəxslərin hərbi xidmət əleyhinə olan cinayətlərdə iştirakı bu fəslin müvafiq maddələri üzrə məsuliyyətə səbəb olur.

Maddə 328.: Əmri icra etməmə

redaktə

328.1. Rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmri tabelikdə olan şəxsin yerinə yetirməkdən açıqcasına imtina etməsi, habelə əmrin başqa şəkildə qəsdən yerinə yetirilməməsi hərbi xidmət mənafelərinə əhəmiyyətli zərər vurduqda —

— iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

328.2. Eyni əməllər:

328.2.1. bir qrup şəxs tərəfindən və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

328.2.2. ağır nəticələrə səbəb olduqda—

— beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

328.3. Hərbi xidmətə vicdansız və ya laqeyd münasibət nəticəsində əmri icra etməmə, bu əməllər ağır nəticələrə səbəb olduqda—

— iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

328.4. Bu Məcəllənin 328.1—328.3-cü maddələrində nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—

— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

1. Bu fəslin müvafiq maddələrində «müharibə vaxtı» dedikdə, Azərbaycan Respublikasının xarici dövlətlərlə müharibə vəziyyətində olması başa düşülür.

2. Müharibənin elan olunmasının və ya hərbi əməliyyatların faktiki aparılmasının ilk günü və saatı müharibənin başlanması, hərbi əməliyyatların faktiki dayandırıldığı gün və saat isə müharibənin sonu hesab edilir.

3. «Döyüş şəraiti» dedikdə, hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşı durması və ya faktiki döyüş əməliyyatı aparması başa düşülür.

Maddə 329.: Rəisə müqavimət göstərmə və ya onu qulluq vəzifəsini pozmağa məcbur etmə

redaktə

329.1. Rəisə, habelə hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə müqavimət göstərmə, zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə onu qulluq vəzifəsini pozmağa məcbur etmə—

— iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

329.2. Eyni əməllər:

329.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

329.2.2. silah tətbiq etməklə törədildikdə;

329.2.3. sağlamlığa ağır və ya az ağır zərər vurulmaqla törədildikdə, habelə digər ağır nəticələrə səbəb olduqda—

— üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

329.3. Bu Məcəllənin 329.1 və 329.2-ci maddələrində nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə —

— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 330.: Rəisə qarşı zorakı hərəkətlər etmə

redaktə

330.1. Rəisin hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun sağlamlığına yüngül zərər vurma və ya onu döymə—

— iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

330.2. Eyni əməllər:

330.2.1. bir qrup şəxs tərəfindən törədildikdə;

330.2.2. silah tətbiq etməklə törədildikdə;

330.2.3. zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurmaqla törədildikdə, habelə digər ağır nəticələrə səbəb olduqda—

— üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

330.3. Bu Məcəllənin 330.2-ci maddələrində nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə —

— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 331.: Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə

redaktə

331.1. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar bir hərbi qulluqçunun digərini təhqir etməsi—

— altı ayadək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.

331.2. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin öz rəisini təhqir etməsi—

— bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.

331.3. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi—

— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 332.: Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma

redaktə

332.1. Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ya ona qarşı zor tətbiq etməklə əlaqədar olduqda—

— iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

332.2. Eyni əməllər:

332.2.1. təkrar törədildikdə;

332.2.2. iki və ya daha çox şəxs barəsində törədildikdə;

332.2.3. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

332.2.4. silah tətbiq etməklə törədildikdə;

332.2.5. zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaqla törədildikdə—

— üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

332.3. Bu Məcəllənin 332.1 və ya 332.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda—

— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 333.: Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə

redaktə

333.1. Çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzürlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmadıqda və ya üç gündən az olsa belə, eyni əməllər altı ay ərzində təkrar törədildikdə—

— bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.

333.2. Çağırış və ya kontrakt üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun hərbi hissədən özbaşına getməsi və ya xidmət yerinə üzürlü səbəblər olmadan qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə—

— iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.

333.3. Zabit heyətindən olan şəxsin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, habelə üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmadıqda, yaxud bir il ərzində təkrarən on gündən az, lakin üç gündən çox olduqda—

— iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

333.4. Bu Məcəllənin 333.2 və 333.3-cü maddələrində nəzərdə tutulmuş əməllər bir aydan artıq, lakin üç aydan çox olmayaraq törədildikdə—

— iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

333.5. İntizam xarakterli hərbi hissədə cəza çəkən hərbi qulluqçunun özbaşına getməsi—

— bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

333.6. Bu Məcəllənin 333.1—333.4-cü maddələrində nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—

— üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ağır şərait zəminində bu Məcəllənin 333.1 — 333.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.

Maddə 334.: Fərarilik

redaktə

334.1. Fərarilik, yəni hərbi qulluqçunun xidmətdən üç aydan artıq müddətə hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi), yaxud müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni və ya xidmət yerini özbaşına buraxıb getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi)—

— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

334.2. Xidməti istifadə üçün verilmiş silahı, döyüş sursatını və ya partlayıcı maddələri oğurlamaq məqsədi olmadan aparmaqla fərarilik etmə, habelə bir qrup şəxs tərəfindən fərarilik etmə—

— beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

334.3. Bu Məcəllənin 334.1 və 334.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—

— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ağır şərait zəminində bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.

Maddə 335.: Öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma

redaktə

335.1. Hərbi qulluqçunun öz sağlamlığına hər hansı zərər vurma və ya özünü xəstəliyə vurma, sənədləri saxtalaşdırma və ya sair aldatma yolu ilə hərbi xidmətdən boyun qaçırması, habelə hərbi xidmət vəzifəsini yerinə yetirməkdən imtina etməsi—

— bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.

335.2. Eyni əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—

— üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 336.: Qarovul xidmətinin nizamnamə qaydalarını pozma

redaktə

Qarovulun (növbənin) tərkibinə daxil olan şəxs tərəfindən qarovul (növbə) xidmətinin nizamnamə qaydalarının pozulması ağır nəticələrə səbəb olduqda—

— iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 337.: Daxili xidmətin və ya patrul xidmətinin nizamnamə qaydalarını pozma

redaktə

Hərbi hissənin gündəlik keşik dəstəsinə (qarovul və növbədən başqa) daxil olan şəxs tərəfindən daxili xidmətin nizamnamə qaydalarını pozma, habelə patrulun tərkibinə daxil olan şəxs tərəfindən qarnizonda patrul xidmətinin nizamnamə qaydalarını pozma ağır nəticələrə səbəb olduqda—

— iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 338.: Döyüş növbəsi çəkmə qaydalarını pozma

redaktə

338.1. Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma, əgər bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə—

— iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

338.2. Eyni əməllər dövlətin təhlükəsizlik mənafeyinə zərər vurduqda və ya sair ağır nəticələrə səbəb olduqda —

— üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 339 .: Sərhəd xidməti qaydalarını pozma

redaktə

339.1. Sərhəd dəstəsinin tərkibinə daxil olan şəxs tərəfindən və ya sərhəd xidməti üzrə sair vəzifələri yerinə yetirən şəxs tərəfindən sərhəd xidməti qaydalarını pozma, əgər bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə—

— iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

339.2. Eyni əməllər dövlətin təhlükəsizlik mənafeyinə zərər vurduqda və ya sair ağır nəticələrə səbəb olduqda—

— iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 340.: İctimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidmət qaydalarını pozma

redaktə

340.1. İctimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə hərbi dəstənin tərkibinə daxil olan şəxs tərəfindən xidmət qaydalarını pozma vətəndaşların hüquq və qanuni mənafelərinə zərər vurduqda—

— bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.

340.2. Eyni əməl ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—

— üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 341.: Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə

redaktə

341.1. Rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda—

— iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

341.2. Eyni əməllər:

341.2.1. bir qrup şəxs tərəfindən törədildikdə;

341.2.2. silah tətbiq olunmaqla törədildikdə;

341.2.3. ağır nəticələrə səbəb olduqda—

— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

341.3. Bu Məcəllənin 341.1 və 341.2-ci maddələrində nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—

— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 342.: Qulluğa səhlənkar yanaşma

redaktə

342.1. Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna səhlənkar yanaşması əhəmiyyətli zərər vurduqda—

— iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

342.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—

— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 343.: Müharibə aparma vasitələrini düşmən üçün qoyub getmə

redaktə

Rəisin, döyüş şəraiti tələb etmədiyi halda döyüş texnikasını və müharibə aparmaq üçün başqa vasitələri düşmənə kömək etmək məqsədi olmadan döyüş meydanında qoyub getməsi—

— üç ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 344.: Batmaqda olan hərbi gəmini tərk etmə

redaktə

344.1. Batmaqda olan hərbi gəmini öz xidməti vəzifələrini axıradək yerinə yetirməyən komandirin, habelə komandirin müvafiq sərəncamı olmadan gəminin komanda heyətinə daxil olan şəxsin tərk etməsi—

— iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

344.2. Eyni əməl müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—

— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 345.: Döyüş meydanını özbaşına tərk etmə və ya silah işlətməkdən boyun qaçırma

redaktə

345.1. Döyüş zamanı döyüş meydanını özbaşına tərk etmə və ya döyüş vaxtı silah işlətməkdən boyun qaçırma—

— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


345.2. Eyni əməllər bir qrup şəxs tərəfindən törədildikdə və ya ağır nəticələrə səbəb olduqda—

— on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 346.: Əsirlikdə olan hərbi qulluqçunun cinayət hərəkətləri

redaktə

346.1. Əsirlikdə olan hərbi qulluqçunun başqa hərbi əsirlərə qarşı zorakılıq etməsi və ya onlarla amansızcasına rəftar etməsi—

— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

346.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda—

— yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 347.: Hərbi əmlakı itirmə

redaktə

Hərbi qulluqçulara xidməti istifadə üçün verilmiş silahın, döyüş sursatının, nəqliyyat vasitələrinin, texniki təchizat əşyalarının və ya sair hərbi əmlakın saxlanması qaydalarını pozma hərbi əmlakın itirilməsinə səbəb olduqda—

— iki yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 348.: Hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə, xarab etmə və ya məhv etmə

redaktə

348.1. Silahı, döyüş sursatını, hərbi texnikanı və sair hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə və ya məhv etmə ağır nəticələrə səbəb olduqda—

— beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

348.2. Eyni əməl müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—

— beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 349.: Hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə

redaktə

349.1. Silahı, döyüş sursatını, hərbi texnikanı və ya sair hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə, digər cinayətin əlamətləri olmadıqda—

— beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

349.2. Bu Məcəllənin 349.1-ci maddəsində nəzərdə tutulmuş əməllər:

349.2.1. təkrar törədildikdə;

349.2.2. bir qrup şəxs tərəfindən törədildikdə;

349.2.3. ağır nəticələrə səbəb olduqda;

349.2.4. müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—

— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 350.: Silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma

redaktə

350.1. Silahla, hərbi sursatla, radioaktiv materiallarla, partlayıcı maddələrlə, habelə ətrafdakılar üçün yüksək təhlükə törədən maddə və əşyalarla davranış qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına zərər vurduqda, hərbi texnikanın məhvinə və ya sair ağır nəticələrə səbəb olduqda—

— iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.

350.2. Bu əməl ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda—

— iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

350.3. Bu Məcəllənin 350.1-ci maddəsində nəzərdə tutulmuş əməl ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda—

— üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 351.: Maşınları idarəetmə və istismar qaydalarını pozma

redaktə

351.1. Döyüş, xüsusi və ya nəqliyyat maşınlarını idarəetmə və istismar qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurduqda—

— iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə və ya edilməməklə eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

351.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

— üç ilədək müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

351.3. Bu Məcəllənin 351.1-ci maddəsində nəzərdə tutulmuş əməl ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda—

— beş ilədək müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 352.: Uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma

redaktə

352.1. Hərbi uçuş aparatlarının uçuş, uçuşa hazırlıq və ya sair istismar qaydalarını pozma ağır nəticələrə və ya ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda—

— iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

352.2. Eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda—

— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 353.: Hərbi gəmiləri idarəetmə qaydalarını pozma

redaktə

353.1. Hərbi gəmiləri idarəetmə və ya istismar qaydalarını pozma ağır nəticələrə və ya ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda—

— iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

353.2. Eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda—

— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.