Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu (15 aprel 2019)
Müəllif: Azərbaycan Respublikası
Mənbə: president.az. ""Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu" (az.). İlham Əliyev. 15 aprel 2019. İstifadə tarixi: 2019.04.17.

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə və “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edir.

Maddə 1. Azərbaycan Respublikasının Dövlət Gerbi

1.1. Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasının Dövlət Gerbi Azərbaycan Respublikasının dövlət rəmzidir.

1.2. Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir.

Maddə 2. Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmət

2.1. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən, hər bir vətəndaş Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmət etməlidir. Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

2.2. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu Qanunun 2.1-ci maddəsində göstərilən vəzifəni daşıyırlar.

Maddə 3. Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında qanunvericilik

Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və bu Qanuna uyğun qəbul olunmuş digər normativ hüquqi aktlardan ibarətdir.

Maddə 4. Azərbaycan Respublikasının Dövlət Gerbi ilə bağlı dövlətin vəzifələri

4.0. Azərbaycan Respublikasının Dövlət Gerbi ilə bağlı dövlətin vəzifələri aşağıdakılardır:

4.0.1. Azərbaycan Respublikasının Dövlət Gerbinin mahiyyətini və əhəmiyyətini əhali arasında geniş təbliğ etmək və onları bu barədə maarifləndirmək;

4.0.2. gəncləri və təhsilalanları Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmət ruhunda tərbiyələndirmək;

4.0.3. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının Dövlət Gerbi barədə təhqiredici hərəkətlərin qarşısının alınması üçün beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun tədbirlər görmək;

4.0.4. bu Qanuna riayət olunmasına nəzarəti təmin etmək.

Maddə 5. Azərbaycan Respublikasının Dövlət Gerbinə müəlliflik hüququ

5.1. “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət rəmzləri müəlliflik hüququnun obyekti deyildir.

5.2. Azərbaycan dövləti Azərbaycan Respublikasının Dövlət Gerbini qeyri-qanuni istifadədən və ona zərər vuran digər hərəkətlərdən qoruyur.

Maddə 6. Azərbaycan Respublikasının Dövlət Gerbinin qabarıq təsvirinin vurulduğu yerlər

6.1. Azərbaycan Respublikasının Dövlət Gerbinin qabarıq təsviri aşağıdakı yerlərə vurulur:

6.1.1. Azərbaycan Respublikasının Prezident sarayına, dövlət iqamətgahlarının binalarına, Azərbaycan Respublikası Prezidentinin xidməti otağına;

6.1.2. Azərbaycan Respublikası Milli Məclisinin binasına və iclas salonuna, Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin xidməti otağına;

6.1.3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin binasına və iclas salonuna, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin xidməti otağına;

6.1.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) binalarına;

6.1.5. Azərbaycan Respublikasının bütün məhkəmələrinin binalarına və məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin və Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin xidməti otağına;

6.1.6. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının binalarına.

6.2. Azərbaycan Respublikasının Dövlət Gerbinin qabarıq təsvirinin istehsalı və vurulması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 7. Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən istifadə

7.1. Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən hüquqi aktların və dövlətin adından verilən sənədlərin blanklarında, Azərbaycan Respublikasının kağız və metal pul nişanlarında, qiymətli kağızlarında, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində və pasportunda, dövlət orqanlarının (dövlətin adından hakimiyyət səlahiyyətlərini həyata keçirən qurumların) sənəd blanklarında və möhürlərində, dövlət orqanlarının binalarının lövhələrində, dövlət təltiflərinin təsvirində, Azərbaycan Respublikası Milli Məclisinin və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi nəşrlərində və Azərbaycan Respublikasının sərhəd nişanlarında istifadə olunur.

7.2. Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən istifadənin digər hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

7.3. Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

7.4. Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin dövlət orqanlarının binalarının lövhələrində və sərhəd nişanlarında istifadə olunması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

7.5. Azərbaycan Respublikasının Dövlət Gerbinə ehtiram bəsləyən hər bir şəxs Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən bu Qanunun tələblərinə uyğun istifadə edə bilər.

7.6. Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının digər dövlət rəmzləri ilə yanaşı Azərbaycan Respublikasının Dövlət Gerbinin öyrənilməsinə həsr edilir.

Maddə 8. Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadəyə dair məhdudiyyətlər

8.1. Azərbaycan Respublikasının Dövlət Gerbi oturulan və ayaq basılan yerlərdə təsvir edilə bilməz.

8.2. Azərbaycan Respublikasının Dövlət Gerbinin təhrifinə yol verilmir.

Maddə 9. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 10. Yekun müddəa

Bu Qanun qüvvəyə mindiyi gündən “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barəsində” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 4, maddə 117; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 463; 2005, № 2, maddə 61; 2006, № 3, maddə 225; 2010, № 4, maddə 276; 2013, № 5, maddə 463) 1-ci maddəsi ləğv edilir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 fevral 2019-cu il.