Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası/Giriş

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası. Giriş (2007)

Təhlükəsizlik mühiti


GİRİŞ

Çoxəsrlik dövlətçilik tarixi keçmiş, 1918-ci ildə Şərqdə ilk demokratik respublika qurmuş və 1920-ci ildə müstəqilliyini itirmiş Azərbaycan Sovet İttifaqının süqutundan sonra, 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etmişdir. Azərbaycan xalqı daha geniş demokratik dəyərlərə qovuşmaq imkanından istifadə edərək, özünün milli dövlətçilik ənənələrinə, tarixi və mədəni irsinə söykənən müasir demokratik hüquqi dövlət quruculuğu yolunu seçmişdir. Müstəqilliyin ilk dövründə gənc respublika Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmış, daxili qeyri-sabitlik, iqtisadi böhran, keçid dövrünün çətinlikləri və digər ciddi problemlərlə üzləşmişdir. Buna baxmayaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası bütün çətinlikləri dəf edərək, düzgün strateji inkişaf yolunu müəyyən edərək, hazırda uğurla irəliləyən, regionda və dünyada öz mövqelərini möhkəmləndirən iqtisadi, siyasi və digər baxımlardan dinamik inkişaf edən müasir ölkəyə çevrilməkdədir. Belə ki, Azərbaycan Xəzər-Qafqaz məkanında regional əməkdaşlıq üçün olduqca mühüm, bir çox hallarda isə həlledici dövlət olub, xüsusən enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində əvəzsiz rol oynamaqdadır. Bu ümumi strategiyanın başlıca məqsədi Azərbaycan Respublikasının çiçəklənməsi, davamlı inkişafı və əhalinin rifahının təmin edilməsindən, eləcə də bütün regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verməkdən ibarətdir. Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası (bundan sonra Konsepsiya) dövlətin müstəqilliyini, ərazi bütövlüyünü və demokratik inkişaf yolunu, strateji seçimi kimi Avratlantik məkana inteqrasiyasını, bununla yanaşı tarazlaşdırılmış xarici siyasətinin çoxşaxəliliyini vurğulayan, Azərbaycan Respublikasında şəxsiyyət, cəmiyyət və dövləti xarici və daxili təhdidlərdən qorumağa yönəlmiş siyasət və tədbirlərin məqsəd, prinsip və yanaşmalarının məcmusudur.