Böyük çillə (Əhməd Cavad)

Böyük çillə (Əhməd Cavad)
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27.

Onun ömrü qırx gündür,
Payızın davamıdır.
Uzun qış əyyamıdır...
Qar səpir asta-asta,
Gülür tanışa, dosta.
Darıxdırmır heç kəsi,
Quyudan gəlir səsi.
Yorğan salır şum üstə,
Qarğalar dəstə-dəstə
Uçub yerə qonurlar,
Sanki qohumluğu var.
Qara qarğa gətirib
Dimdiyində ilk qan.
Yolub yerə tökübdür
Ağacdan yarpaqları.
Ölmüş qurd-quş olubdur
Qarğaların yeməyi.
Qış öyrədib onlara:
“Qar-qar” , “Qar-qar” deməyi.
Qarğa hara, qar hara?
Çox mahaldır, - deyirəm.
Ağ qar üstdə qarğalar
Qara xaldı, - deyirəm!
Ağ libasda düymə tək,
Parıldayır qarğalar!
Qar kəsəndə “qarr” deyə,
Qarıldayır qarğalar.
Sonu çatır çillənin,
Çaylar buz altda axır.
Qar getdimi, görməzsən,
Qarğalar yoxa çıxır.