Bədbəxt o kimsədir ki...
Bədbəxt o kimsədir ki... Müəllif: Mirzə Əli Möcüz |
Fәsli-bahardı keçir idim lalәzaridәn,
Xoş sövt ilә oxurdu, eşitdim hәzaridәn.
Bülbül, sәnin dә var mәgәr alәmdә bir qәmin?
Gördüm o da şikayәt edir ruzigaridәn.
Ta var fәraq, dәrdi-gülüstan dәhridә,
Әksilmәz ahü nalә sәsi bu diyaridәn!
Gәl, әndәlibin halını seyr eylә onda sәn,
Zalim fәlәk çün ayrı salar yari yaridәn.
Diş düşdü, baş ağardı, kәman oldu qamәtim,
Bir sәs gәlir qulağimә hәr gün mәzaridәn:
"Gәl, gәl ki, gözlәyir yoluvi xaneyi-lәhәd;
Gәl, murü mari eylә xilas intizaridәn!"
Qüvvәtli çox cavanlar әsir etdi şahi-mәrg,
Bak eylәmәz sәnin kimi bir ixtiyaridәn.
Nagәh әlindә badә gәlәr saqiyi-әcәl,
Zur ilә hülqüvә tökәr ol zәhrimaridәn.
Vermәz ölüm o qәdri sәnә fürsәt, ey әmu!
Ta bir içim su meyl edәsәn cuybaridәn.
Eylә vida bu әhlü әyalә hәmişәlik,
Didar qaldı mәhşәrә, әl çәk nigaridәn!
Divari-qәbri hiç dilavәr yarammadı,
Mümkün deyil fәrar o möhkәm divaridәn!
Sultandı can bәdәndә, bәdәn tәxti-sәltәnәt,
Sultan ki, qalxdı, tәxt düşәr etibaridәn.
Varis deyәr: Mәnimdi bu dövlәt tez ol görәk
Tәşrif apar ki, çıxdı әlin ixtiyaridәn!
Düşsә yolun mәzar evinә, qәflәt eylәmә,
Kam al doyunca, sәn dә, әmu, susmaridәn.
Varis "Hotel Palas"da yeyәr müftә pulları,
Busә alar doyunca qәlәm qaşlı Maridәn.
-Qurban ola ata vә anam gül dәhanüvә,
Can, madmazel, gözәldi cәmalin baharidәn!
Aşiq qoyar külahı yerә, yar şapkanı,
Zülfün tökәr üzarә yәminü, yәsaridәn.
Dәf sәslәnәr, kamança deyәr: yar, yar, yar!
Saqi tökәr gilasә meyi müşkbaridәn,
Şampan qәdәhlәri elә ki, bir-birә dәyәr,
Övc eylәr asimanә bu sәs çәngü taridәn:
Ya bәxtiyar edin özüzü, ciddü cәhdilә,
Ya parisa olun, çәkin әl kәsbi-karidәn!
Bәdbәxt o kimsәdir ki, yığar malı sandığa,
Xәrc eylәmәz yerindә, keçәr ömrü yaridәn.
Beynin yoruldu çortkә qabağında sübhü şam,
Hasil nә oldu bәs sәnә bu dәrrә-daridәn?
Bir xәstәxanә millәt üçün etmәdin bina,
Naxoşlar öldü küçәdә, baxdın kәnaridәn.
Ey kaş, olaydı dövlәtin ömrün kimi zәlil,
Bir körpü yapdıraydın o darü nәdaridәn.
Nә millәtә, nә dövlәtә bir xidmәt eylәdin,
Bir huşә gәl, dadaş, gecә keçdi qәraridәn!
Gәh Bәsrәdәn sәsin gәliri, gahi Misridәn,
Gәh Şamü şumidәn vә gәhi Qәndiharidәn.
Әsbab eyş xofü xәtәr, mәnzilin rübat,
Fәrqi nәdir belә kişinin çarvadaridәn?
Möcüz, ağardı sübh yeri, huşә gәl görәk,
Yalvar, sızılda, әfv dilә girdigaridәn!
Salma aşağә böylә sәri-şәrmsarüvi,
Allah bağışlayandı, keçәr tövbәkaridәn.