Bəlayi-eşqdən dönməz mənim piranəsər könlüm
Bəlayi-eşqdən dönməz mənim piranəsər könlüm Müəllif: Molla Qədir Naci |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Bəlayi-eşqdən dönməz mənim piranəsər könlüm,
Əcəb biəqldir kim, hiç bilməz xeyrü şər könlüm.
İçib mey şövq camından, olubdur məsti-laəyqil –
Ki, gər aləm sərasər olsa qəm, tutmaz xəbər könlüm...
Sanır peykani-qəmzən müttəsil könlümdə sakindir,
O məcruhun həsəddən dəmbədəm qanın içər könlüm.
Əgər daş olsa dözməz xublər zülminə, heyranəm
Nə eylər kim, dözər ol zülmə bu xunincigər könlüm.
Gözəllər ruyi-zibasın görüb məsrur olan gözdür,
Düşüb şövq atəşi içrə əbəs zəhmət çəkər könlüm.
Mənə yüz versə gər dünyavü mafiha, yüzüm gülməz –
Ki, daği-hicrdən xali deyil şamü səhər könlüm.
Yetən məhruyə can versəm, mənə eyb etmə, ey Naci,
Ki, öz canü tənimdən əhli-hüsnü çox sevər könlüm.