Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!

Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 276. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.


Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!
Üzün oldisə gər külfət yanında qarə, səbr eylə!
Əsiri-qeydi-fəqr oldun, yazıq, təslimi-hirman ol!
Çalışma, bir işə getmə, fəqət mə’yusü nalan ol!
Qəzayə çarə yox, giryan ol, üryan ol, pərişan ol!
Səbur ol, şakir ol, yə’ni müsəlman ol, müsəlman ol!
Çatar öz rizqi-məqsumun, dolan avarə, səbr eylə!
Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!
Məaşın ta ki, təng oldu, ənis ol dərdü möhnətlə!
Boş ol, süst ol, ümidin qə’t qıl, yar ol ətalətlə!
Bunu təqdirə nisbət ver, yaşa daim rəzalətlə!
Həvadə seyr edən insanə baxma çeşmi-qeyrətlə!
Burax kəsbi, unut sə’yi, yapışma karə, səbr eylə!
Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!
Yetərkən zalimin zülmü sənə, dövri-qəzadən bil!
Çatarkən amirin zəcri, onu seyri-səmadən bil!
Özün öz əczinə bais olurkən, masəvadən bil!
Bu məş’umiyyəti biganədən gör, aşinadən bil!
Əzil, pamal ol, axtarma buna bir çarə, səbr eylə!
Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!
Əgər çox təngdil olsan bu işdən, qıl fəğan, ağla!
Girişmə1 başqa bir tədbirə, ancaq hər zəman ağla!
Bütün dünyadən əl çək, aşikar ağla, nihan ağla!
Qapansın gözlərin, fikrin, düşünmə, görmə, yan, ağla!
Tüpür namusa, baxma nəngə, gəlmə arə, səbr eylə!
Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!
Fəqət bir iş də görmək istər isən, gör müsəlman tək!
Təhəmmül eylə cövri-mülkədarə, işlə heyvan tək!
Çalış, ək, biç, aparsın bəy, evin qalsın dəyirman tək!
Ayılma, haqqını qanma, xəbərdar olma insan tək!
Darılma, incimə, tab eylə hər azarə, səbr eylə!
Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!
Vəgər az-çox var isə qeyrətin, kafirlərə baxma!
Bir asan kəsbə məşğul olmaq ilə dindən çıxma!
Uşaqlarçın çörək çıxsın deyə, ha din evin yıxma!
Vəbalın boynuma, get fə’ləlik et, qəlbini sıxma!
Sənə iş sahibi pul verməsə, yan narə, səbr eylə!
Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!
Və yaxud gər əsər varsa canında zurü qüvvətdən,
Qolun güclü, üzün qansız, dilin xalisə rəhmətdən,
Qutar bir dəf’əlik dərdü ələmdən, bari-möhnətdən,
Quduzluq iştə bir pişə, gözəl hər dürlü sən’ətdən:
Bas al, kəs al, vur al, yıx al, qoşul füccarə, fəxr eylə!
Məqami-hörmətə çatdın, dəxi həmvarə fəxr eylə!
Yanaş əşrarə, fəxr eylə!
Bulaş hər karə, fəxr eylə!
Tutulma nəngə, namusə,
Utanma arə, fəxr eylə!..