Bənövşə zülfünü salmış gül üzrə ənbərin sayə
Bənövşə zülfünü salmış gül üzrə ənbərin sayə Müəllif: İmadəddin Nəsimi |
Bənövşə zülfünü salmış gül üzrə ənbərin sayə,
Könül heyranü zar oldu bu reyhani-səmənsayə.
Lətafətdən edər əksi ləbin lə’li-bədəxşanə,
Zərafətdən urar tə’nə dişin lö’löi-lalayə.
Pərişanhal olmuşdur könül zülfün səvadından,
Bu divanə nədən düşmüş bu piça-piç sevdayə.
Əzəl nəqqaşı yazarkən cəmalın nəqşini, dammış
Qələmdən nöqteyi-ənbər bu gülbərgi-dilarayə.
Nə gül bitdi gülüstanda ki, bənzər uşbu rüxsarə,
Nə bir sərv ola bostanda ki, həmta qəddi-balayə.
Xəti reyhandürür gör kim, göyərmiş kövsər üstünə,
Və ya rüxündən ayətdir oxunmuş bədr ilə ayə.
Nə şirin şərhini eylər Nəsimi ləblərin, yarəb
Ki, məst olur həlavətdən bu tutiyi-şəkərxayə.