Bən istərim ki
Bən istərim ki Müəllif: Hüseyn Cavid |
Bən istərim ki, gözəllər, bütün gözəlliklər
Uzaq-uzaq, pək uzaq bir üfüqdə əylənsin.
Uzaq və incə təbəssümlərilə şamü səhər,
Həyatə nuri-səfa sərpərək çiçəklənsin.
Gözəl mələksə... bulutlarda göy yüzündə yaşar,
Uzaq, bəşərdən uzaq bir mühitə mail olur.
Uzaq, bəşərdən uzaq, gizli bir fəzayə qoşar,
Yaşar mələk kibi, xoş bir xəyali-məğfil olur.
Əvət, uzaqda səadət var, eşqə hörmət var.
Yaqın zəhərlidir, amma uzaqda cənnət var;
Uzaqda var əbədiyyət ki, başqa nemətdir.
Cihanı cənnətə təşbih edər də bir şair,
Gözəl bir afəti bəzən mələk sanır, sevinir,
Fəqət səadəti - aldanma, pək müvəqqətdir!