Bən kiməm
Bən kiməm (1919) Müəllif: Əhməd Cavad |
Soranlara, bən bu yurdun
Anlatayım nəsiyəm:
Bən çeynənən bir ölkənin
“Haqq!” bağıran səsiyəm!
Bən şairəm, doğru, amma
Başqa dilim, diləyim!
Bu gördüyüm xərabədə
Nə nəşidə söyləyim?!
Toxundumu yazdıqlarım
Qəlbin incə telinə?
Bax, nə haqsız bir axın var
Yoxsulların elinə?!
Sən nə dersən bu sevdalı,
Həm bu dərdli gedişə?
Ey yarımın həsrətilə
Boynu bükük bənövşə!..
Bən qıyamam yar gəlirkən
Salladığım məndilə,
Ah, ey fələk, ağlar isəm
Göz yaşımı kim silə?..