Bənzərsən (Koroğlu)
Bənzərsən Müəllif: Koroğlu |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Üç yaşından beş yaşına varanda,
Yenicə açılan gulə bənzərsən,
Beş yaşından on yaşına varanda,
Arıdan açılmış bala bənzərsən.
On dördündə sevda yenər başına,
On beşində yavan kirər duşuna,
Çünki yetdin iyirmi dörd yaşına,
Boz, bulannıq axan selə bənzərsən.
Otuzunda kəklik kimi səkərsən,
İyidlik eləyib qanlar tökərsən,
Qırxında əli haramdan çəkərsən,
Sonası ovlanmış gölə bənzərsən.
Əllisində əlif qəddin çəkili,
Altmışında ön dişlərin tökülü.
Yetmişində qəddin, belin bükülü,
Karvanı kəsilmiş yola bənzərsən.
Səksənində sinir yenər dizinə,
Doxsanında qubar qonar gözünə,
Koroğlu der, çünki yetdin yüzünə,
Uca dağ başında kola bənzərsən.