Bərəkallah
Müəllif: Mirzə Ələkbər Sabir


Sən beləsənmiş, balam, ay bərəkallah sənə!
Fisq imiş əmrin taman, ay bərəkallah sənə!

Doğru imiş, şairin olmaz imiş məzhəbi,
Kafir olurmuş bütün mirzələrin eğləbi,
Ləğvu əbəs mətləbi, ləhvü ləəb məşrəbi,
Şuğlü qəzet, teleqram, ay bərəkallah sənə!

Ay adama oxşamaz, bir üzünə baxsana!
Bomboz olub saqqalın, rəngü həna yaxsana!
Mömin olub, bir üzük barmağın taxsana!
Ta ki, desin xasü am: ay bərəkallah sənə!

Yox xəbərin, binəva, hiç özündən sənin,
Lap malaqanlıq yağır girdə gözündən sənin,
Doğrusu, mən ürkmüşəm bəzi sözündən sənin…
Vermərəm artıq salam, ay bərəkallah sənə!

Heyf qapanmış sənin dideyi-həqbinlərin,
Mənzilinə yığmısan partretin cinlərin,
Gözlərinə çapmayır yoxsa bu bidinləri -
Surəti hər sübhü şam, ay bərəkallah sənə!

Əqlin azıb, ay yazıq, boşlamısan karını,
Cümlə dəyişdirmisən kürkünü, paltarını,
Çəkmə, qaloş geymisən, pozmusan ətvarını,
“Felükə filül-həram”, ay bərəkallah sənə!
Ağzına olsun qadam, ay barakallah səne!

Mənbə redaktə

  • Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 108