Bəri bax (Molla Pənah Vaqif)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Bəri bax Müəllif: Molla Pənah Vaqif |
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Ala gözlü, sərvi boylu dilbərim,
Həsrətin çəkdiyim canan, bəri bax.
Gecə-gündüz fikrim-zikrim, əzbərim,
Üzüldü taqətim, aman, bəri bax!
Kim dözər mənim tək belə firqətə,
Rəncü-məşəqqətə, bari-möhnətə?
Haçandır düşmüşəm tari-zülmətə,
Çəkilsin üstümdən duman, bəri bax!
Payibəndəm qəmi-eşqə giriftar,
Hicran həsrətindən can oldu bimar.
Razi-dilim edə bilməm aşikar,
Çəkərəm dərdini pünhan, bəri bax!
Günbəgün könlümün artır qubarı
Pərişandır, tapmaz o qəm küsarı.
Ölsün, itkin olsun belə əğyarı,
Gəzməsin arada yaman, bəri bax!
Çox çəkər hicrini Vaqifi-xəstə,
Leylü-nahar, şamü-səhər peyvəstə,
Ey yanağı lalə, ləbləri püstə,
Ağzı nabat, şəkkər zəban, bəri bax!
Molla Pənah Vaqif Gözəllik Aşiqi Olmuşdur.