Bəs ki, zəfi-ruzədən hər gün bulur təğyiri-hal
Bəs ki, zəfi-ruzədən hər gün bulur təğyiri-hal Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.202. |
Bəs ki, zə’fi-ruzədən hər gün bulur təğyiri-hal,
Olacaqdır eyd üçün mahi-təmamim bir hilal.
Qıldı mahi-ruzə xurşidimi gün-gündən zəif,
Zərrə-zərrə ayə, san gün nuri eylər intiqal.
Bir xəyal etmişmi zə’fi-ruzə yarı, bilməzəm,
Yoqsa yarı görməyib, mən gördügümdür bir xəyal.
Tuta bilsəydim, su içməzdim, qılırdım dəf’ini,
Ruzənin kim, göz görə xurşidimə istər zəval.
Ay tutulsun, ruzə əyyamında gün düşsün yerə
Kim, bu ay, gündən bulubdur mehriban mahim məlal.
Qanımı içmək dilər ol lə’li-meygun hər gecə,
Ruzə tutmuş qaliba, iftar içün istər həlal.
Yemək-içmək fikrin əhli-ruzədən kəs, ey günəş,
Bir səvab et, sübhlər ta şam qıl ərzi-cəmal.
Ruzə təklifin Füzulidən götür, ey möhtəsib,
Natəvandır, onda bu təklifə yoxdur ehtimal.