Bəsdi (Sən şəms, mən kənarında sitarə)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bəsdi
Müəllif: Aşıq Alı


Sən şəms, mən kənarında sitarə,
Rüsxət ver sərinə dolanım, Bəsdi.
Can fəda eylərəm, ey mahiparə,
Budur sərmayədən olanım, Bəsdi.

Kərəməm, Əslisiz giryan neylərəm?
Məcnunam, dəştidə üryan neylərəm?
Nainsaf, halıma bir yan, neylərəm?
Sənsən canı verib, alanım, Bəsdi.

İqbalım dadıma yetmədi bir an,
Sitəmindən oldu can evi viran,
İstərsən gəzərəm İranı, Turan
Qürbət diyarlara yollanım, Bəsdi.

Umma mərhəməti qəni daradan,
Əgər sevirsənsə çıxaq aradan.
Kərəm hasil olar nadir çaradan,
Tərsinə odlara qalanım, Bəsdi.

Dəhri-cəfə çoxlarını tovladı,
Uydu baban rəsulları qovladı,
Alı sənlə bir diyarın övladı,
Qoyma yad ellərə calanım, Bəsdi.