Bəxtim (Aşıq Rüstəm Süleyman oğlu)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Bəxtim Müəllif: Aşıq Rüstəm Süleyman oğlu |
Aşıq Rüstəm Süleyman oğlu XVIII əsrin sonunda Xilə elatında anadan olmuşdur. Mənbə: Xeybər İgidəliyev. Vaxt gələr, axtarıb gəzərsiz məni (PDF) (az.). Bakı: "Elm və təhsil". 2014. 2017-11-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-25. |
Özüm də heyran qalmışam,
Görən gedir hara bəxtim.
Mən çəkəni Şümür çəkməz,
Yazılıbmış qara bəxtim.
Məəttələm bu gedişə,
Bu dərd-qəmə, bu təşvişə,
Nə düşmüşəm bitməz işə,
Qismət olmaz yara bəxtim.
Nələr keçirdi könlümdən,
Dağlar ağlar gileyimdən,
Əziz yar çıxıbdı əlimdən,
Düşdü tez azara bəxtim.
Rüstəməm, yardan yaralı,
İtirmişəm huş, ağılı,
Görən kim duyar bu halı?
Tapmaz heç də çarə bəxtim.