Bəyçoban ilə deyişmə

Bəyçoban ilə deyişmə
Müəllif: Şəmkirli Aşıq Hüseyn
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005 (az). Orijinal mənbədən 2010-09-23 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-06.

Aşıq Hüseyn
Məndən salam olsun duran çobana,
Gəl ikimiz bu cahandan danışaq.
Hansı gündə dünya bərqərar oldu?
Yerdən, göydən, asimandan danışaq.

Bəyçoban
Məndən salam olsun Aşıq Söyünə,
Gəl ikimiz bu qoyundan danışaq.
Beş yüz qoyun bir yatağa sığışar,
Şorakətdən, biyabandan danışaq.

Aşıq Hüseyn
Haqqın dərgahından kim qaçaq oldu?
Kimi hündür oldu, kim alçaq oldu?
Kəmərbəstələrdən kim qoçaq oldu?
Rüstəm Zaldan, qəhrəmandan danışaq.

Bəyçoban
Mənim pəhləvanım qoçdu, qoyundu,
Qara qoyun südü yaxşı öyündü.
Axsağm dərmanı dağdı, düyündü,
Sağaltmasa o qətrandan danışaq.

Aşıq Hüseyn
Kim idi dünyanı beşəlli tutdu?
Kim kimi cənnətdən atıb qovlatdı?
Kim idi dinini dinara satdı?
Mərifətdən, gövhər-kandan danışaq.

Bəyçoban
Çox bəd olar ağ qoyunun kürəsi,
Ovşar verməz tərs qomralm məməsi,
Olmaz qaçaq qoyun çoban görəsi,
Quzusunu almayandan danışaq.

Aşıq Hüseyn
Aşıq Söyün adı dilə gəlmədi,
Getdi gözəl sonam, gölə gəlmədi,
Çox çalışdım, Çoban ələ gəlmədi.
Dedim, bəlkə yol-ərkandan danışaq,

Bəyçoban
Əcəl quşu gəldi, keçdi qarşımdan,
Abi-neysan car oldu göz yaşımdan,
Bəyçoban de: gəl açıl sən başımdan,
Nə istərsən verim, ondan danışaq.