Bəzək
Müəllif: Mirzə Əli Möcüz


Dəvədən öyrənib bizim bacılar
Boynuna zəng asa beş-altı qatar.
Beyni xalidir elmdən, əmma
Var qızıl gərdənində bir xalvar.

Gərdənində fəqət zərin çoxdur,
Qeyri bu bir fəzilətin yoxdur.
Xaneyi-qəlbimiz qaranluxdur,
Sinəmiz gər ki, gün kimi parlar.

Sənə həsrətlə binəva baxırı,
Nari-həsrət ciyərlərin yaxırı.
Vəlibağı[1] yerindi, bil, axırı,
Boşla kibri, qüruri, ey dindar!

Bivəfadır cahan! Olar bir gün
Satılar, sinə boş qalar bir gün,
Yaş ilə gözlərin dolar bir gün,
Özgə qoynunda çün gəzər onlar.

Fəxr edə elm ilə gərək arvad,
Nə bu zər ilə, ey evi bərbad!
Gəz, dolan, bir könül elə abad
Ki, vilayətdə ac qalanlar var.

Demirəm vermə ziynət əndamə,
Əşrəfi düzmə sədri-gülfamə;
Düz və lakin aparma həmmamə
Ki, gəda öz yanında olmaya xar.

Demə naməhrəmə sözün, bacı,
Oxu, yaz kağızı özün, bacı,
Özgəsi yazsa kağızın, bacı,
Sirrüvü faş edər, qəmin artar.

Dur dağıt cəhl evin, xərab eylə,
Elmsizlikdən ictinab eylə,
Gecələr həmdəmin kitab eylə
Ki, o hər qüssəni, qəmi dağıdar.

Bisavad bacılar qışı, yayı,
Yığışar bir yerə, içər çayı,
Qeybət eylər xala və zəndayı,
Olu saət səkiz, xoruz banlar.

Oxusa ruznaməni nisvan,
Gedər əldən,-deyər,-bizim iman.
Deməsin xəlqə iftira, böhtan,
Neyləsin bəs o binəva cindar?

İstinadlar

redaktə
  1. Şəbüstərdə qəbristan olan məhəllə