Yerin, Göyün, ərşin, kürsün nizamı,
Əvvəl, bu cahana bağışla məni!
Alimlər dilində, mömin əlində
Oxunan Qurana bağışla məni!
Mən aşığam cahanı,
Gəzdim qəmli cahanı.
Mədəd eylə, şəfa qıl,
Xəlq eyləyən cahanı!
Xatəm əl-nəbinin taci-sərinə,
Şəmsi-vəzzühaya, il qəmərinə,
Müqərrəb mələyin zərrin pərinə,
Gəzəydi hər yana bağışla məni!
Aşıq deyər, hər aya,
Nəbi oxur hər aya.
Canım xəstə, çağırram
Mərd ağasın haraya.
Sirri-xəfiyyəyə olan sirdaşa,
Yaranmışa şölə verən ataşa,
Dəryana, çeşmənə, dağınan daşa,
Cümlə olan cana bağışla məni!
Mən aşığam dəryaya,
Qəvvas oldum dəryaya,
Rəhmə gəl, bir ilahim,
Məni atma dəryaya!
Beyt əl-müqəddəsə, mədhi-mövlaya,
Məscidül harama olan binaya,
Künbədül Xizraya, məscid Əqsaya
Yığılan mehmana bağışla məni!
Mən aşığam əlaya,
Vəsfin dildə əlaya.
Bağışla beyti-Allaha,
Həmi ərşi-əlaya!
Mədəd eylə, ey kərimi-zülcəlal!
Sənin şənindədi əsli-layəzal.
Xəlq olan heyvana - qoyununan mal,
Cinn ilə insana bağışla məni!
Mən aşığam, sübhanı,
Haqq billəm Quranı.
Müşgül işi düzəldən
Sənsən, kərəmin kam.
Meraci-nübüvvət, taci-zülkərəm,
Kövkəbü əxtəran, nəcmi-möhtərəm,
Dərgahi-vilayət, şahi-vəlhərəm,
Ol Şahi-Mərdana bağışla məni!
Mən aşığam mərdana,
Doğru gərək mərdana.
Əfv qıl Mustafaya,
Əli- Ş ahi-Şərdana!
"Kün" dedin, yarandı külli-kainat,
Hökmündə dolanır ərzü samavat.
Qiyamət günündə oxunan ayat,
Qurulan divana bağışla məni!
Aşıq deyər, ilahi,
Gün həsrəti, il ahı.
Hökmün salıb əyana,
Qərar tutan ilahi.
Dəşti-Kərbəlaya, Nəcəf şahına,
On səkkiz min aləm mehrü mahına,
İbrahimxəlilin qibləgahına,
Verdiyi qurbana bağışla məni!
Aşıq deyər, minaya,
Zikr elədim min aya.
Bağışla, kərəm kanı,
Həm Məkkə, həm Minaya!
Yüz iyirmi dörd min cəm ənbiyaya,
Vəliyyi-Xudaya, həm övsiyaya,
Xəməssəl nücəba - Ali-Əbaya,
Şərh olan bəyana bağışla məni!
Aşıq oda qalandı,
Qəlbi aləm dolandı.
O günlərə bağışla,
Cümlə əziz olandı!
Cəlali-şənində eyni-vəlikram,
Qədimi səndədi ümdətül ehkam.
"Kün" dedin, yarandı, həyyi-layənam,
Ərşlə asimana bağışla məni!
Aşıq deyər, ayalar,
İl gərdişdə ay alar.
Sənindi külli aləm,
Hər hökmlər, ayalar.
Biçarə İmanam, ey kərəm kanı,
Bilirəm, axırda dünyadı fani.
Rəhm eylə, bəndənin çoxudu üsyanı,
Cənnəti-Rizvana bağışla məni!
Aşıq deyər, azadam,
Sübüt eylər az adam.
Günahkar, nə günahsız,
Nə xəstə, nə azadam.