Bağdaş qurub otursa nigarım, fǝğan qopar
Bağdaş qurub otursa nigarım, fəğan qopar Müəllif: Şah İsmayıl Xətai |
Bağdaş qurub otursa nigarım, fəğan qopar,
Dursa-otursa, fitnəyi-axirzaman qopar!
Şirvan xəlayiqi qamu Təbrizə daşına,
Mülki-Əcəm sorar ki, qiyamət haçan qopar?
Yetdikcə tükənür ərəbin kuyü məskəni,
Bağdad içində hər necə kim türkman qopar.
Çıxsa saraydən bu cahan vadisin tutar,
Bir mürşidi təriqəti-pirü cavan qopar.
Görmişdi ta Xətai əzəldən yəqin bunu,
Nuhun əlaməti gəlir, andan tufan qopar.