Bağları
Müəllif: Varxiyanlı Aşıq Məhəmməd
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Bir gözəl görmüşəm bizim ellərdə,
Üzündə sezmişəm busə bağları.
Yaşılbaşlar cəm-xəm eylər göllərdə,
Tərlan şikarında busa bağları.

Nəzər saldım xanəsində a dərə,
Zəhmətimdən süzüləndə a dərə,
Könül istər güllərini a dərə,
Qorxum budu bağban busa bağları.

Məhəmmədəm, çəksəm gəlməz ayarım,
Dolu badəm indi oldu a yarım,
Nə səbəbdən pərişansan a yarım?!
Səni qəmgin gördüm bu sabağları.