Başın
Müəllif: Miskin Abdal
Mənbə: Seçmə aşıq şeirləri. 3 cilddə. I cild (az). DGTYB (2011). Orijinal mənbədən 2016-04-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-11.

Namərd ilə yoldaş olma,
Uzun ağrı çəkər başın.
Halal ilə ərsəyə çat,
Daş qalalar sökər başın.

Xain baxma yaradana,
Qibləgahdı ata, ana,
Arxalanma, bəyə, xana,
Qoy sağ olsun nökər başın.

Haqdan istə bəxti-iqbal,
Yaradanı yadına sal,
Söz gövhərdi, Miskin Abdal,
Saxla, dürdü, tökər başın.