Başını qoya
Başını qoya Müəllif: Molla Cuma |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
Əsil dost məhləsinə girəndə,
İstər ayağına başını qoya.
Bədəsil doqqazda səni görəndə,
Qaçıban tez salar özünü öyə.
Bədəsil dost olan şadiman gəzməz,
Nə hörmət eyləsən ürəyi qızmaz,
Əsil dost sizinlə dostluğu üzməz,
İstərsə boynuna yüz qılınc dəyə.
Dəli könlüm, namərdlərdən qıraq ol,
Başın üstə yandırsa da çıraq ol,
Gəl, Cuma, bədəsil dostdan uzaq ol,
Bir əsil dost var ki, oxşayır bəyə.