Baş götürüb kişi getməz vətəndən
Baş götürüb kişi getməz vətəndən Müəllif: Mahmud Kərbəlayı Hacı Abbas oğlu |
Aşıq Heydərə məktub Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər) |
Aşıx Heydər baxma uzax sözünə,
Baş götürüb kişi getməz vətənnən.
Təqsirkaram, tutma məni qınağa,
Baş götürüb kişi getməz vətənnən.
Sən getdin burada qalan sənindi,
Qohumundu, qardaşındı, əmindi.
Qeyrətini kim çəkəcək bəs indi?
Baş götürüb kişi getməz vətənnən.
Bu torpaqdan verəmmərik bir tikə,
Düşmən gərək qarşımızda diz çökə.
İgid odur gecə - gündüz dərd çəkə,
Baş götürüb kişi getməz vətənnən.
Kimsə bəlkə ucalmağa dağ istər,
Öz kefini gecə -gündüz çağ istər,
Yurdunu yox, öz başını sağ istər,
Baş götürüb kişi getməz vətənnən.
Yazılıbdır qismətimə duman - çən,
Dərd çəkməkdən saçlarıma düşdü dən,
Təqsirkaram, gəl Mahmudu eşit sən,
Baş götürüb kişi getməz vətənnən.