Başa-baş (Aşıq Alı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Başa-baş
Müəllif: Aşıq Alı

Dost odur ki, öz dostunnan dost ola,
Düşməninnən düşmən ola başa-baş.
Əzizinəm başa-baş,
Oxu dərsin başa-baş.
Bədəsildən qaç qurtar,
Ayaq götür başabaş.
"Can!" deyənə "Can!" – deyinən mərdana,
Baş qoyanın qoy yolunda başa baş.

Aşıq gərək bu meydanda bir qala,
Oxugunan bu dərsini bir qala.
Mən aşıq qala-qala.
Dikilib qala-qala.
Cavan ömrüm çürüdü,
Qürbətdə qala-qala.
Ağlayana can vermərəm nə qala,
Baş verənə mən verərəm başa baş.

Aşıq dərdin kim yetirər sənə, yar,
Oxudunmu bu dərdimi sən, a yar?
Aşıq deyər sənə, yar,
Qurban olum sənə, yar.
Tarix keçsə qoy keçsin
Ömür elə sən, a yar,
İstəyirsən yaxa yırtıb, sinə yar,
Əl çəkmərəm olsam candan başa-baş.

Aşıq Alı, həzar dərdə davadı,
Bir dərdim var həzar dərdə davadı.
Yox, aşıq, dava gəzər
Xestələr dava gəzər.
Əsil çay-çörək verər,
Bədəsil dava gəzər.
Davaçısan bu meydanda davadı,
İstəyirsən kəllə vuraq başa-baş.