Müqərrərdi, gərdiş vurur
Çarxı-dövran başabaş;
Bir gün gələr, vaxt yetişər,
Olar viran başabaş.
Gecə-gündüz Şəmü Qəmər
İşıq salır cahana;
Zinət verir xak üstünə
Əbrü baran başabaş.
Yüz iyirmi dörd min nəbi
Tən Pənci-Ali-Əba;
Altı əfzəl, beş ülüləzm
Yazılmışdır kitaba;
On iki imam caharidəh
Məsumin gəlir hesaba;
Onları əşrəf yaradıb
Bir hökmran başabaş.
On səkkiz min aləm ki var
Alimlərin dilidir;
Ustadlığı izhar edən
Şahi-Mərdan Əlidir.
Yetmiş iki millət ki var,
Haqq islamın yoludur;
Mənada bir əlif ğain
Olub Quran başabaş.
Hər zaman ki, məscidlərdə
Oxunar əziz kalam,
Məhəmmədi istəyənlər
Verər salavat, salam.
Hər işlərdən agah olur,
Bilir həyyi-layənam;
Qərar qoyub hər nizamı
Odur quran başabaş.
İnsü cinnü murü mələx
Vəhşi, teyrü heyvanat,
Hurü qılman, narü Rizvan,
Nuri-ənvər, kainat,
Dağü daşü bərrü bəhrü
Hökmi-ərzü samavat,
Beş kimsədi, səbəb olub
Ləngər duran başabaş.
Rəsulullah merac etdi,
Gətirdi oruc, namazı,
Mömin olar tutub qılan
Xoşdur dildə avazı;
İki mələk müvəkkildir,
Səvab-üsyanan yazı,
Günahkarı yandıracaq
Nari-niran başabaş.
Bu dünya ki qərar tutmuş
Gavü mah üstündədir;
Haqqı bilmək xəyalında
Doğru rah üstündədi.
Novrəs İman nə qəm çəkir,
Bir Allah üstündədi;
Xəlq eləyib, nitq verib,
Olub imran başabaş.