Bab ola
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Hilal qaşlarına yüz bərəkallah,
Ayın nə həddi var, ona bab ola.
Canı yanar sənə aşiq olanın,
Yata bilməz gözlərində xab ola.

Qızıl güllər açılıbdı həmayin
Yarın gəlməsini eylərəm təyin,
Dedim gözəl, olaq gəl bir qol-boyun,
Neylərəm dünyanı, qoy xarab ola.

Abbas deyər: yar yarına varınca,
Saraldı gül rəngi döndü narınca,
Sən gözəli mən toruma salınca,
Azca qaldı ömrüm bir turab2 ola!