Baba yurd
Müəllif: Ağ Aşıq
Mənbə: Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №4(11) (az). "Ozan dünyası" jurnalı (2012). Orijinal mənbədən 2017-05-18 tarixində arxivləşdirilib. Yoxlanılıb 2017-05-18.

Bu da bir cür yazı idi, yazdılar,
Hər kəlməni tərs uvanda yozdular.
Ürəyimi qazma-qazma qazdılar,
Gedər oldum, salamat qal, Baba yurd.

Yol boyunca qələmələr əl eylər,
Sıldırımlar öz qoynunu yol eylər,
Arpaçayı aşar-daşar sel eylər,
Gedər oldum, salamat qal, Baba yurd.

Ağ Aşığam, günüm qara, neyniyim,
Elim, günüm düşüb dara, neyniyim.
Dözəmmirəm, ahu-zara, neyniyim,
Gedər oldum, salamat qal, Baba yurd.