Balabançı
Müəllif: Aşıq Musa
Mənbə: Aşıq Musa, "Əsərləri" (tərtib edəni:İslam Ələsgər), Bakı, "Elm və təhsil", 2013.

 
Mən heç öz dərdimi çəkə bilmirəm,
Dolanır zamana çaş, balabançı.
Bu tərlan ovundan keçə bilmirəm,
Töksə də gözümdən yaş, balabançı.

Sən Vətənə namə yaza bilmirsən,
Düşüb yad ellərdə gəzə bilmirsən.
Mən ilə qürbətə dözə bilmirəm,
Mən olmuşam bağrı daş, balabançı.

Musa yanır bir dildarın ucundan,
Canlar alan işvəkarın ucundan.
Məni öldürsələr yarın ucundan.
Sən bizim ellərə qaç, balabançı.