Barakallah ("Sən beləsənmiş, balam, ay barakallah sənə!")
Barakallah ("Sən beləsənmiş, balam, ay barakallah sənə!") Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 152. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Sən beləsənmiş, balam, ay barakallah sənə!..
Fisq imiş əmrin tamam, ay barakallah sənə!..
Doğru imiş, şairin olmaz imiş məzhəbi,
Kafir olurmuş bütün mirzələrin əğləbi,
Ləğvü əbəs mətləbi, ləhvü ləəb məşrəbi,
Şuğlü qəzet, telqram, ay barakallah sənə!
Ay adama oxşamaz, bir üzünə baxsana!
Bomboz olub saqqalın, rəngü həna yaxsana!
Mö’min olub, bir üzük barmağına taxsana!
Ta ki, desin xasü am: ay barakallah sənə!
Yox xəbərin, binəva, hiç özündən sənin,
Lap malaqanlıq yağır girdə gözündən1 sənin,
Doğrusu, mən ürkmüşəm bə’zi sözündən sənin…
Vermərəm artıq salam, ay barakallah sənə!
Heyf qapanmış sənin dideyi-həqbinlərin,
Mənzilinə yığmısan partretin cinlərin,
Gözlərinə çapmayır yoxsa bu bidinlərin –
Surəti hər sübhü şam, ay barakallah sənə!
Əqlin azıb, ay yazıq, boşlamısan karını,
Cümlə dəyişdirmisən kürkünü, paltarını,
Çəkmə, qaloş geymisən, pozmusan ətvarını,
"Fi’lükə fi’lül-həram", ay barakallah sənə!
Ağzına olsun qadam, ay barakallah sənə!..