Bari-möhnətdən nihali-qamətin xəm olmasın
Bari-möhnətdən nihali-qamətin xəm olmasın Müəllif: Məhəmməd Füzuli |
Bari-möhnətdən nihali-qamətin xəm olmasın.
Başımızdan sayeyi-sərvi-qədin kəm olmasın.
Hasilim rüxsarü ləlü çeşmü qəmzən olmasa,
Ömr bir an, bir nəfəs, bir ləhzə, bir dəm olmasın.
Gərdi-rahin əzmi-gərdun etdi kim, bu qədr ilə
Şöhreyi-aləm həmin İsayi-Məryəm olmasın.
İltimas etdim səbadən tutiya çəkdirməyə,
Ağlama, ey göz, qübari-dərgəhi nəm olmasın.
Sən tək afət gəldiyin bilmişdi kim, həqdən mələk
İltimas eylərdi kim, aləmdə Adəm olmasın.
Der imiş zahid ki, olmaq eybdir rüsvayi-eşq,
Bu sözü faş etməsin, rüsvayi-aləm olmasın.
Ey Füzuli, zövqi-dərdi-eşqə nöqsan heyfdir,
Ehtiyat et, pənbeyi-dağində mərhəm olmasın.