Batum müqaviləsi (AXC-Osmanlı)
Batum müqaviləsi (1918) Müəllif: Azərbaycan, Türkiyə |
Xarici İşlər Nazirliyi arxivi, 560 nömrəli qutu |
Bismillahirrəhmanirrəhim
Osmanlı Səltənəti Hökuməti ilə Azərbaycan Cümhuriyyəti Hökuməti arasında bağlanan yoldaşlıq müqaviləsi
Bir tərəfdə Osmanlı hökuməti, digər tərəfdə axır zamanda istiqlalını elan edən Azərbaycan Cümhuriyyəti hökuməti siyasi, hüquqi, iqtisadi və fikri sahələrdə məmləkətləri arasındakı münasibətləri dostluq və qonşuluq zəminində təsis etmək xüsusunda ittifaq elədiklərindən, nümayəndələri olmaq üzrə:
Osmanlı Dövləti
Ədliyyə naziri və Dövlət ġurası rəisi Xəlil bəy əfəndi həzrətləri ilə
Qafqaz cəbhəsi Osmanlı orduları komandanı General Vəhib paşa həzrətlərini
Və
Azərbaycan Cümhuriyyəti hökuməti
Xariciyyə naziri Məhəmməd Həsən Hacınski həzrətləri ilə
Milli Məclis rəisi Rəsulzadə Məhəmməd Əmin bəy əfəndi həzrətlərini təyin etmişlər və adları çəkilən şəxslər üsula uyğun olaraq tərtib edilən rüsxətnamələrini qarşılıqlı olaraq təqdim etdikdən sonra, aşağıdakı maddələri qərarlaşdırmışlar:
Birinci maddə
Osmanlı hökuməti ilə Azərbaycan Cümhuriyyəti hökuməti arasında daimi sülh və istiqrarlı dostluq hökm sürəcəkdir.
İkinci maddə
Aşağıdakı sərhəd xətti Osmanlı məmləkəti ilə Azərbaycan, Gürcüstan və Ermənistan cümhuriyyətlərinin ərazilərini ayırmaqdadır:
Sərhəd Qara dənizdə Çolok çayı mənsəbindən başlayaraq Şavnabud dağına qədər 93 (1877-1878) hərbindən əvvəlki sərhəd xətti üzrə uzanır, Şavnabud dağından sonra isə zirvələrdən keçərək Xalxama dağına, oradan Meziksaru dağına gəlir, buradan cənuba dönərək Yirsədağ dağından və Abatumanın iki kilometr cənubundan keçir, buradan şimal-şərqə keçərək Karhul dağına və oradan beş kilometr şimal-şərqə, sonra cənub-şərqə dönərək Gürqal üzərindən Atsxorun iki kilometr cənubundan Kür çayını keçər və zirvələr üzərindən Qayabağı, Artatavı dağlarının zirvəsinə gəlir, buradan sonra yenə zirvələr üzərindən Qaraqaya dağından Molita kilsəsinin cənubunda Tapisxurska gölünə çatır. Molita monastırının cənubundan qarşı sahildə gölün şimal ucunun bir kilometr yarım cənub-şərqindəki nöqtəyə uzanan xəttin cənubundakı qisim Osmanlıda qalmaq üzrə, bu gölü keçərək Tavkutalı dağına gəlir. Burdan cənuba enərək Şavnabud-Qaraquzu-Samsal dağlarının zirvəsinə gəlir. Sərhəd xətti bundan sonra zirvələrdən keçərək Başqıran, Nurrəhman dağından sonra cənub istiqamətində irəliləyərək və daim zirvə nöqtələrindən keçərək, Ağbulaq mövqeyinin beş kilometr qərbində Aleksandropol-Tiflis dəmiryolunu kəsir. Burada yenə zirvə nöqtələrdən keçərək Xanvəli mövqeyinə gəlir. Xanvəli mövqeyindən sonra bir müstəqim xətt istiqamətində Alagöz dağının ən yüksək nöqtəsinə və yenə bir müstəqim xətt halında Ezmiədzinin yeddi kilometr qərbində Ezmiədzin-Sərvərabad yoluna çatır. Ezmiədzinin yeddi kilometr ətrafında dolaşaraq və Aleksandropol-Culfa dəmiryolunun təqribən altı kilometr şimalından, bu dəmiryolu xəttinə gələn yolu kəsir. Sərhəd xətti bundan sonra cənub-şərqə dönərək Aşağı Qarabağlar kəndinin bir kilometr qərbindən Çaqablı, Qaraxaz, Aşağı Çanaqçı mövqeyindən keçərək Alpinçaya çatır və bu çayı izləyərək Arpa mövqeyinə gəlir. Arpadan sonra sərhəd xətti şərq istiqamətindən Arpaçayını təqib edərək Qayalı mövqeyinə və Qaya çayını izləyərək Reliyan çayı vadisinə gəlir və bu çayın yatağını izləyərək Aza mövqeyinin cənubundan Alıcın mövqeyində əvvəlki Rus-İran sərhədinə çatar.
Üçüncü maddə
Azərbaycan Cümhuriyyəti hökuməti ilə Ermənistan Cümhuriyyəti hökuməti arasında sərhədin təyini üçün tərtib olunan protokol Osmanlı hökumətinə təbliğ ediləcək və o protokol, bu maddənin ayrılmaz bir parçasını təşkil edəcəkdir.
Dördüncü maddə
Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən tələb hasil olduğu təqdirdə, Osmanlı hökuməti, daxili intizam və asayişin təmini üçün, gərəkli silahlı qüvvəylə yardım edəcəkdir.
Beşinci maddə
Azərbaycan Cümhuriyyəti hökuməti, sərhədləri daxilində heç bir qruplaşmanın təşkilinə və silahlanmasına imkan verməməyi və sərhədini keçən bütün qrupları tərksilah edərək dağıtmağı vəd edir.
Altıncı maddə
Müqavilənin tərəfləri, endirimli tariflər tətbiq etmək surəti ilə, dəmiryolu nəqliyyatı barəsində bir-birlərinə mümkün olduğu qədər yardım edəcəklər. Xüsusilə dəmiryollarının inşası, işlədilməsi, müntəzəm təmiri yaxud digər faydalı işlərin hamısı üçün lazım gələn avadanlıqların nəqli üçün xüsusi endirimli tariflər tətbiq ediləcəkdir. Hər iki tərəfə aid dəmiryollarında mütəhərrik avadanlıqların mübadiləsi, beynəlxalq qaydalara uyğun bir şəkildə icra ediləcəkdir. Hər iki tərəf, bu xüsusda detalları müəyyənləşdirmək üçün tezliklə müzakirəyə başlayacaqdır.
Yeddinci maddə
Dövləti-Aliyyəyi-Osmaniyyə ilə Azərbaycan Cümhuriyyəti hökuməti arasında daha əvvəl heç bir əhdnamə, müqavilə, etilafnamə və sair mövcud olmadığından, hər iki tərəf bir şəhbəndərlik müqavilənaməsi ilə bir ticarət əhdnaməsi və hüquqi və iqtisadi münasibətlərin nizamlanması üçün lazım gələn digər sənədləri tərtib etmək barədə razılığa gəlmişdir.
Şəhbəndərlik müqavilənaməsi, bu müqavilənin təsdiqnamələrinin qarşılıqlı olaraq təqdimi tarixindən etibarən iki il ərzində təsdiq ediləcəkdir. Aradakı müvəqqəti dövrdə hər iki tərəfin baş şəhbəndərləri, şəhbəndərləri və şəhbəndər vəkilləri imtiyaz və məsuliyyətlərində ümumi dövlətlər hüququ əsaslarına uyğun və millətin mənafeyinə ən münasib şəkildə hərəkət edəcəklər. Yenə dövlətlər hüququ prinsiplərinə uyğun bir ticarət əhdnaməsinin tərtib edilməsi üçün müzakirələr, bir tərəfdə Osmanlı Dövləti və digər tərəfdə hərb halında olan dövlətlər arasında, sülhün təminindən sonra başlayacaqdır. O vaxta qədər və hər surətdə 1335-ci ilin dekabr ayının 31-ci gününə qədər bu müqaviləyə rəbt edilmiş bir nömrəli əlavə, hər iki tərəfdə tətbiq olunacaqdır. Bu əlavənin ləğvi 30 iyun 1335 tarixindən etibarən elan oluna bilər və bunun nəticəsi altı ay sonra tətbiq edilə bilər. Quru yolu ilə ticarət, bu müqavilənin təsdiqnamələri qarşılıqlı surətdə təqdim edildiyi andan etibarən başlayacaqdır.
Səkkizinci maddə
Müqavilə tərəflərindən birinə mənsub əhalidən, sərhədin digər tərəfində yerləşən daşınmaz əmlak üzərində sahiblik və faydalanma haqqı olanların, bunlardan faydalanmağa, bunları işlətməyə və yaxud kirayə verməyə, bunları idarə, yaxud şəxsən və ya vəkilləri vasitəsi ilə satmağa haqları olacaqdır.
Dövlətin mənfəəti olmadan və əvvəlcədən təzminat verilmədən, heç kəs daşınmaz malları üzərindəki sahiblik haqqından məhrum edilə bilməz. Əhali və nahiyələrin vəkilləri, yerləşdikləri məhəllənin rəsmi məmuru tərəfindən verilən və qarşı tərəfin təsdiqlədiyi yol vəsiqələrini göstərərək, sərhədin qarşı tərəfinə sərbəstcə keçə biləcəklər.
Bu hökmlərin təfərrüatları, bu müqavilənin iki nömrəli əlavəsində göstərilmişdir.
Doqquzuncu maddə
Azərbaycan Milli Hökuməti beynəlxalq poçt və teleqraf ittifaqı müqaviləsinə qoşuluncaya qədər, Osmanlı Dövləti ilə Azərbaycan Cümhuriyyəti hökuməti arasında poçt və teleqraf işləri, bu müqavilə təsdiqnamələrinin qarşılıqlı təqdimindən etibarən, beynəlxalq Poçt və teleqraf ittifaqının müqavilə və nizamnamələrinə uyğun bir şəkildə təsis ediləcək.
Onuncu maddə
Brest-Litovskda Osmanlı Dövləti və müttəfiqləri ilə Rusiya arasında bağlanan müştərək sülh müqaviləsinin hökmlərindən, bu müqaviləyə zidd olmayanlar, hər iki tərəf üçün qüvvədə olacaq.
On birinci maddə
Bu müqavilə təsdiq olunacaq və təsdiqnamələri bir ay içində, yaxud mümkün olan ən qısa müddətdə Dərsəadətdə qarşılıqlı olaraq tərəflərə təqdim ediləcək. Nümayəndələr, bu müqaviləni imza və möhürləri ilə təsdiq etmişdir.
4 iyun 1334 (1918)
Məhəmməd Həsən Hacınski
Məhəmməd Əmin Rəsulzadə
Xəlil Vəhib
(1918) 1334
Azərbaycan Cümhuriyyəti ilə müqaviləyə əlavə
redaktəBismillahirrəhmanirrəhim
Osmanlı Hökuməti ilə Azərbaycan Cümhuriyyəti Hökuməti müharibədən irəli gələn və onları birbaşa maraqlandıran bəzi hərbi məsələləri həll etmək arzusunda olduqlarından bir müqavilə bağlamağı qərara almışdır. Bunun üçün nümayəndələri olmaq üzrə
Osmanlı Dövləti
Ədliyyə naziri və Dövlət Şurası rəisi Xəlil bəy əfəndi həzrətləri ilə
Qafqaz cəbhəsi Osmanlı orduları komandanı General Vəhib paşa həzrətlərini
Və
Azərbaycan Cümhuriyyəti hökuməti Xariciyyə naziri Məhəmməd Həsən Hacınski həzrətləri ilə
Milli Məclis rəisi Rəsulzadə Məhəmməd Əmin bəy əfəndi həzrətlərini təyin etmişlər və adları çəkilən şəxslər üsula uyğun olaraq tərtib edilən rüsxətnamələrini qarşılıqlı olaraq təqdim etdikdən sonra, aşağıdakı maddələri qərarlaşdırmışlar:
Birinci maddə
Azərbaycan Cümhuriyyəti hökuməti, Osmanlı Dövləti və ya müttəfiqləri ilə müharibə şəraitində olan dövlətlərin və ya onlarla ittifaq halındakı dövlətlərin zabit və mülki məmurlarını sərhədlərindən uzaqlaşdırmağı və müharibə davam etdiyi müddətcə bu kimi şəxsləri ordu və hökumət xidmətinə qəbul etməməyi vəd edir.
İkinci maddə
Azərbaycan Cümhuriyyəti hökuməti, müştərək sərhədi üzərində Osmanlı ordusunun hər cürə hərbi daşıma (birliklər, əlavə qüvvələr, əşya və savaş alətləri, cəbbəxana və sairə) həyata keçirməsinə izin verəcək.
Üçüncü maddə
1. Osmanlı ordusu tərəfindən təyin olunacaq bir komissiya, Azərbaycan Cümhuriyyəti hökumətinin təyin edəcəyi komissiya ilə müştərək olaraq, Azərbaycan sərhədinin maksimum imkanlarına görə, yuxarıda zikr edilən hərbi daşımanın əsaslarını və təfərrüatını müəyyənləşdirəcək. Bu daşıma, Osmanlı komissiyası rəisinin, Osmanlı Ordu komandanlığından alacağı əmrlərə görə verəcəyi təlimatlar istiqamətində, Azərbaycan dəmiryolu idarəsinin məmurları və texniki imkanları vasitəsiylə icra olunacaq.
2. İki tərəfin dəmiryolu komissiyalarının müştərək təyin edəcəkləri mühüm stansiyalarda, daşınan Osmanlı birliklərinin iaşə və istirahətinin təmin edilməsi və daşıma haqqında tərtib edilən səfər cədvəli və təlimatının Osmanlı ordusu mənsublarına çatdırılmasından məsuliyyət daşıyan Osmanlı zabitinə, lazım gələn qədər məmur və köməkçilər veriləcək. Bu zabit, stansiya məmurlarının işlərinə müdaxilə etməyəcək. Daşınan Osmanlı birliklərinin iaşəsi üçün, adı çəkilən zabitin lazımi yerlərdə görəcəyi işlərə Azərbaycan hökuməti yardım edəcək.
3. Adı çəkilən komissiyalar, bu müqavilənin imzalandığı tarixdən ən gec bir həftə sonra, Gəncədə çalışmağa başlayacaqlar. Azərbaycan dəmiryolu idarəsi bu vaxta qədər dəmiryolu komissiyalarına lazım olan məlumatları, xüsusilə sərhəddəki mütəhərrik avadanlıqların miqdarı ilə sərhəddəki vəziyyət haqqında lazım gələn məlumatları toplamış və bildirmiş olacaq.
4. Azərbaycan Cümhuriyyəti hökuməti, həm dəmiryolu xəttini, həm də dəmiryolunun sabit və mütəhərrik avadanlıqlarını hər zaman saz vəziyyətdə saxlamağı və bunları hər cür xətərdən qorumağı, ortaya çıxan problemləri mümkün olduğu qədər tez aradan qaldırmağı vəd edir.
5. Azərbaycan Cümhuriyyəti hökuməti, öz istəyi xilafında hər hansı bir qəsdin itki və dağıntıya yol açmamağı üçün, Osmanlının daşımanı həyata keçirdiyi nöqtələri hərbi birliklərlə mühafizə edəcəkdir. Bu mühafizə sərhədin hər hansı bir yerində, hər hansı bir səbəblə Azərbaycan hökuməti üçün mümkün olmaqda, bu işi Osmanlı ordusu öz üzərinə götürəcəkdir.
6. Osmanlı ordusu, hərbi daşımaların miqyası ölçüsündə, Azərbaycan sərhədləri daxilində bu hökumətin hər cürə daşımalarına xələl gətirməməyə çalışacaqdır.
Dördüncü maddə
Osmanlı Dövlətinin tələbi üzərinə, Azərbaycan Cümhuriyyəti hökuməti, Bakı limanındakı müəssisələrlə, Xəzər dənizində özünə aid olan gəmi və sair vasitələri, hərbi məqsədlər üçün işlədilmək üzrə Osmanlı hökumətinin əmrinə verməyi vəd edir.
Beşinci maddə
Osmanlı hökuməti ikinci və üçüncü maddələrdən irəli gələn haqlarından, müttəfiq dövlətlərin ordularının da istifadə etməsinə icazə verə bilər.
Altıncı maddə
Osmanlı hökuməti, Azərbaycan Cümhuriyyəti daxilindəki yollardan hərbi məqsədlər üçün yararlana bilər.
Yeddinci maddə
Bu müqavilə təsdiq olunacaq və təsdiqnamələri bir ay içində, yaxud mümkün olan ən qısa müddətdə Dərsəadətdə qarşılıqlı olaraq tərəflərə təqdim ediləcək. Nümayəndələr bu müqaviləni imza və möhürləri ilə təsdiq etmişdir. İki nüsxə olaraq Batumda tərtib edilmişdir.
4 İyun 1334 (1918)
Məhəmməd Həsən Hacınski
Məhəmməd Əmin Rəsulzadə
Xəlil Vəhib
(1918) 1334