Baxın (Novrəs İman)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Baxın
Müəllif: Növrəs İman
müxəmməs
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 153-154

Bu taxt üstündə əyləşən
Nazənin cavana baxın;
Gül üzü qönçələnib,
Gəlibdi xəndana, baxın;
Şölə verir, işıqlı nur,
Mehri-dirəxşana baxın;
Qaməti, şirin dili
Durubdu mərdana, baxın;
Bir belə gözəl hanı,
Axtarın, hər yana baxın.
 
Onun tamam nişanası
Təşbehdi Cənnət bağına;
Düzülübdü, diş yaraşır
Onun əhmər dodağına;
Maşallah, səd afərin
Deyin ayna qabağına;
Qüdrətdən nəqş olunub
Xallar büllur buxaqma;
Buna nəzər qılın, həmi
Cənnəti-Rizvana baxın.

Deyirlər ki, behiştdə var
Əsas huri, həm mələk;
Bunun bərabəri, yəqin,
Tapılmaz orda biz deyək.
Qədəmlərinə canları
Tutub sədəqələr verək;
Açsınlar behişt qapısın,
Baxıb, gözəllərin görək;
Oradakı huriyə, həm
Beylə gözəl cana baxın.

Sallanıb tovuz kimi
Hərdən çıxanda seyrana;
Məxluqata şur salır,
Dolanır bir ağayana;
Xoşqədəm, ol möhtərəm
Qəsd eyləyir bu cahana;
Huş gedir, fikir çaşır,
Ağıllar olur əfsanə;
Haqq özü deyir, gəlin,
Bir belə insana baxın.
 
Novrəs İman, aşikar,
Budur sözünün binası;
Fərəhlənsin, inciməsin
Bu sözdən ata-anası;
Baxanda gül camalına,
Ollam alışıb yanası;
Məhəbbətində cəm dolur
Şərimə eşqin havası;
Məni yara həsrət qoyan
Gərdişi-dövrana baxın.